Bəzi müxalifət partiyaları qollara parçalandığı halda, YAP birləşdirici funksiya daşıyır - YAP-a qoşulan partiya sədri

5 Mart 2021 14:27

Partiyamızın Yeni Azərbaycan Partiyasına (YAP) qoşulmaq qərarı birdən-birə verilməyib. Uzun müddət düşünəndən sonra bu qərara gəlmişik. Bu qərarımızın da əsas səbəbi odur ki, son dövrlərdə, istər ikinci Qarabağ savaşı və ondan sonrakı vaxtda YAP sədri, cənab İlham Əliyev eynilə bizim partiyanın məqsədinə, məramına uyğun olan addımlar atıb. İstər ölkədə institusional islahatların aparılması, istər 30 ilə yaxındır işğal altında olan torpaqların azad olunması, millətimizin şanlı zəfəri, istərsə də korrupsiyaya, məmur özbaşınalığına qarşı mübarizənin önündə məhz cənab Prezidentinin özünün getməsi, bu sahələrdə ciddi addımların atılması bizdə təbii ki, bu qərarın verilməsinə əsas səbəb oldu.

Milli.Az bildirir ki, bunu Trend-ə bu gün YAP-a qoşulan Milli Qurtuluş Partiyasının sədr Vüqar Oruc deyib.

O bildirib ki, mövqeyi həmişə milli-dövlətçilik maraqları daxilində ifadə olunub: "Bu qərar da yeni zamanın tələbidir. Yeni siyasi düzənin başlanğıcını özündə ehtiva edən bir qərardır. Hesab edirəm ki, bu məram ətrafında digər siyasi partiyalar da konkret mövqe ortaya qoymalıdır. Əgər bir qüvvə digər bir qüvvə ilə eyni məramı daşıyırsa, eyni düşüncədədirsə və məqsəd milli mənafelərə xidmət göstərməkdirsə, çalışmaq lazımdır ki, bu qüvvələr bir arada olsunlar. Bu baxımdan, hesab edirəm ki, bizim qərarımız mövcud maraqlarla uyğunluq təşkil edir".

V.Oruc vurğulayıb ki, bəzi müxalifət partiyalar öz daxilində parçalandığı və yaxud ayrı-ayrı qollara ayrıldığı halda, YAP birləşdirici funksiyası həyata keçirir: "YAP-ın ətrafında birləşmək həm bu partiyanın yeniləşməsinə, həm də digər eyniməramlı digər partiyaların da bir arada cəmləşməsinə stimul olacaq".

Milli.Az