“Bizim yerimizə cavanlar gəlməlidir də…” - Abel Məhərrəmov

4 Mart 2021 12:40

Xəbər verdiyimiz kimi, sabah YAP-ın növbədənkənar qurultayı keçiriləcək. Qurultayda bir çox məşhur simaların partiyanın rəhbər orqanlarından uzaqlaşdırılacağı istisna edilmir.

YAP rəhbərliyinin daha çox gəncləşəcəyi deyilir.

Milli.Az xəbər verir ki, YAP-ın İdarə Heyətinin üzvü Abel Məhərrəmov pravda.az-a açıqlamasında bildirib ki, bütün sahələrdə cavanlaşdırma siyasəti reallaşdırılmalıdır: "​Əgər belə məsləhət olarsa, mən tam razıyam, heç bir narahatlıq yoxdur. Yeni Azərbaycan Partiyasının növbəti qurultayı ilə bağlı bizə gündəlik təqdim olunmayıb, ona görə də dəqiq hansı dəyişikliklərin nəzərdə tutulduğunu bilmirik. Həmçinin bəzi kadrların YAP-ın İdarə Heyətindən uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağı haqda heç bir məlumatım yoxdur. Cavanlaşdırma siyasəti ilə bağlı atılan bütün addımları isə müsbət qiymətləndirirəm. Ehtimal edirəm ki, xidmətdə olan cavan kadrlara yer verirlər. Bizim yerimizə cavanlar gəlməlidir də, elə daim biz qalası deyilik ki. Kommunist partiyası deyil ki, bir adam axıra kimi getsin. Cavanlaşdırma siyasəti ölkə üçün vacib faktordur".

Səbail rayon təşkilatının sədri, sabiq deputat Şəmsəddin Hacıyev modern.az-a açıqlamasında qeyd edib ki, Yeni Azərbaycan Partiyasının (YAP) bütün rayon təşkilatlarının sədrləri sabahkı qurultaya dəvət olunub.

O, YAP üzvlərinin  bu gün COVID-19 testi verdiyini də qeyd edib.

Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyasında aparılacaq islahatlardan da söz açıb:

"Yeni Azərbaycan Partiyasında struktur dəyişiklikləri ola bilər. Yeni tələblər mövcuddur. Dünya dəyişir. Ölkəmizdə cənab Prezidentin başçılığı ilə islahatlar həyata keçirilir. Yeni Azərbaycan Partiyasında da islahatların aparılması nörmaldır. Biz partiyanın əsgərləriyik. İllərdir ki, ölkə başçısının siyasi fəaliyyətini dəstəkləyirik. Sabahkı qurultayda nə qərar veriləcəksə, biz də ona tabe olacağıq".

Milli.Az