Aİ regionlarda maliyyə əlçatanlığının yüksəldilməsində maraqlıdır

4 Mart 2021 12:37

2020-ci ildə Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi "Azərbaycanın regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürərtləndirilməsi" layihəsi çərçivəsində ölkədə bu istiqamətdə mühüm nəticələr əldə olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas həmin layihə ilə bağlı yekun konfrans zamanı deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı (arıçılıq, heyvandarlıq, quşçuluq), konservləşdirmə, un məmulatlarının hazırlanması, kosmetologiya, xalçaçılıq, təhsil kimi sahələrdə mikro və kiçik sahibkarlığın inkişafı qeydə alınıb:

"Azərbaycanın regionlarında mikro, kiçik və orta biznesin inkişafında hələ də maliyyə əlçatanlığı problemi mövcuddur. Vergi sistemində dəyişikliklər və sadələşdirmə regionlarda olan mikro, kiçik və orta sahibkarın maliyyə resurslarına çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər".

K.Yankauskas xatırladıb ki, vətəndaşların maliyyə savadlılığının artırılması üçün 10-dan çox regionda təlimlər keçirilib. O əlavə edib ki, bu cür layihələri genişləndirmək lazımdır.

Milli.Az