İnvestisiya layihələri ilə bağlı 400-dən artıq müraciət daxil olub - VİDEO

3 Mart 2021 13:14

Aidiyyəti qurumlar qrupun sahəvi tədbirlər planının icrasına başlayıb

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

Azad edilmiş torpaqlarda iqtisadi fəaliyyətin təşkili işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu İqtisadi məsələlər üzrə İşçi Qrup əmlakın inventarlaşdırılması, işğaldan əvvəl mövcud olan xəritələrin vektorlaşdırılması, habelə iqtisadi fəallığın dəstəklənməsi kimi proseslər üzərində işləyir.

Aidiyyəti qurumlar tərəfindən Qrupun sahəvi tədbirlər planının icrasına başlanılıb. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bir çox əmlakın çöl inventarlaşdırma işləri tamamlanmış, bir necə infrastruktur, nəqliyyat və təchizat, eləcə də torpaq sahələrinin inventarlaşdırılması başa çatdırılıb.

İşğaldan əvvəl mövcud vəziyyətə dair xəritə materiallarının vektorlaşdırılması, bu sahədə zəruri işlərin davam etdirilməsi məqsədilə kənd yaşayış məntəqələrinin kağız xəritələrin koordinat sisteminə gətirilməsi üçün işlər aparılır.

Artıq investisiya layihələri ilə bağlı 400-dən artıq müraciət daxil olmuşdur. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər İşçi Qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.

Milli.Az