Düşmən ya ağlını başına yığacaq, ya da Azərbaycan Ordusu...

2 Mart 2021 00:40

Dağlıq Qarabağın "statusu" məsələsini gündəmə gətirənlər sabitliyə yox, hərbi eskalasiyaya xidmət etmiş olurlar. Bunu elə Prezident İlham Əliyev 35-dən çox dünyanın nüfuzlu media orqanının 50-dən çox sualını cavablandırdığı mətbuat konfransında da qeyd etdi. Amma bəzi qərb dairələri son günlər alətə çevirdikləri Ermənistan hakimiyyətini və Nikol Paşinyanı devirmək üçün xeyli aktivləşən müxalifəti yeni avantüralara sürükləyir. Rəsmi İrəvan və separatçı rejim nümayəndələri kimi çıxış edən erməni dığaları Qarabağın "statusu" məsələsinin həll edilmədiyini, "status" məsələsi həll olunmasa davamlı sülh yaranmayacağını iddia etməyə başlayıblar. Bu ideyanı təkrar dövüyyəyə daxil edən bəlli mərkəzlər isə bölgədə yaranmış yeni reallıqları dəyişə biləcəklərini ehtimal edirlər. Amma Prezident İlham Əliyev mətbuat konfransında "Hesab edirəm ki, bu məsələ nə qədər az dilə gətirilsə Ermənistan və erməni xalqı üçün o qədər də yaxşı olar. Çünki Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu günə salan səbəblərdən biri də məhz o xülya idi, iddia idi, əsassız istəklər idi" sözləri ilə bir daha düşməni revanşist addımlardan çəkindirməyə çalışıb. Prezident əks halda onları 44 günlük müharibədən də acınacaqlı durumun gözləyəcəyini, daha acınacaqlı vəziyyətlə üz-üzə qalacaqlarını diqqətə çatdırıb. 

II Qarabağ müharibəsi zamanı bütün qırmızı xətləri keçmiş, azğınlaşmış Ermənistan hərbi-siyasi rəhbərliyini vəziyyətin sağlam düşüncəli təhlilinə çağıran Prezident İlham Əliyev, düşməni yeni geosiyasi vəziyyəti düzgün dəyərləndirmələri üçün diqqətlə, doğru addımlar atmaqla bağı xəbərdarlıq edib. Dövlət başçısı əks təqdirdə 30 illik səmərəsiz danışıqlardan daha effektli olan müharibə variantını yenə istisna etməyib və Azərbaycanın bunun üçün yetəri qədər həm hərbi sənaye imkanının, həm də peşəkar canlı qüvvəsinin olduğunu diqqətə çatdırıb. Prezidentin müxtəlif aspektdən çox mühim cavabları dünya mediasında qısa müddətdə çox böyük sürətlə yayıldı və Vətən Müharibəsindən sonra ən böyük partlayış kimi istər dostlarımızın, istərsə də düşmənlərimizin diqqət mərkəzinə çevrildi. Elə bizi vurmaqları üçün ermənilərə verilmiş özlərini daxildən partladan başıbəlalı "İsgəndər" kimi. 

Ermənistandakı böhran və onun sülhə təsiri, yenə də bu böhranın hansı istiqamətdə cərəyan edəcəyindən asılı olacaqdır. Ermənistan atəşkəs və üçtərəfli bəyanatın icrası ilə bağlı razışlamadan boyun qaçırarsa bu, onlar üçün sui-qəsd olacaq.

Paşinyanın fevralın 23-də, Rusiyada Silahlı Qüvvələr günündə "İsgəndər" raketlərlərinin yararsızlığı ilə bağlı açıqlaması heç də təsadüfi deyildi. Nikol Paşinyanın Rusiya müdafiə sənayesinin nüfuzuna vurduğu ağlasığmayacaq qədər böyük ziyandan fərqli olaraq Azərbaycan Prezidenti müttəfiqi və tərəfdaşı olan Kremlə kiçicik bir dərs də verdi. Prezident İlham Əliyev Paşinyanın "İsgəndər" açıqlaması ilə yerlə bir etdiyi Rusiya hərbi sənayesininin nüfuzunu dibə çöküşdən xilas etməklə yanaşı, "Bizim əsas hərbi texnikamız Rusiya istehsalı olan texnikadır və Ermənistandan fərqli olaraq, biz heç vaxt şikayətlənməmişik. Ona görə ki, əvvələn, şikayətlənmək üçün səbəb olmayıb. Rusiyanın hərbi texnikası bəzi göstəricilər üzrə dünyada ən yaxşı texnika və bütövlükdə dünyada ən yaxşı texnikalardan biridir. Sadəcə, o, düzgün əllərdə olmalıdır ki, sonradan bu cür əsassız, əslində, Ermənistanda hərbi-siyasi böhrana gətirib çıxarmış ittihamlar olmasın" açıqlaması ilə rəsmi Moskvaya "adamını tanı" mesajı da göndərdi. 

3 ay ərzində xeyli sual yığılmışdı. Bu mətbuat konfransında o da məlum oldu ki, dövlət başçısı Rusiya hərbçilərinin Qarabağda əbədi qalmasını istəmir. Bəzi hallarda nəzarətlərində olan ərazilərdə rus sülhməramlılarının qanunsuzluqlara yol verməsi məsələsinə də toxunan Prezident İlham Əliyev "Biz hazırda orada nələr baş verdiyini bilirdik və indi də bilirik. Müharibə vaxtı da bilirdik, müharibədən əvvəl də bilirdik. Əlbəttə, bu, bizə o vaxt da kömək edirdi, indi də kömək edir. Buna görə də indi rusiyalı sülhməramlılar tərəfindən əcnəbilərin gizlicə Dağlıq Qarabağa buraxılması ilə bağlı anlaşılmaz hərəkətlər bizi heyrətləndirir. Biz Rusiya tərəfi ilə razılığa gəlmişik ki, əcnəbilər oraya yalnız bizim icazəmizlə daxil ola bilərlər. Lakin razılaşma pozulur. Hələlik bu barədə daha danışmayacağam. Ola bilsin, bu mövzunu bir daha şərh etmək lazım gələcək, lakin bu, faktdır. Yəni demək istəyirəm ki, biz praktiki olaraq kimin oraya gəlməsini və kimin oradan getməsini adbaad bilirik. Buna görə də belə imkanlara malik olduğumuz bugünkü şəraitdə biz, əlbəttə, hər şeyi izləyirik və izləyəcəyik" açıqlaması ilə hər şeyin nəzarətdə olduğuna işarə edib. Onun dünyanın gözü qarşısında bu açıqlama rəsmi Moskvanın aldatmağa cəhd etməməsi üçün xəbərdarlıqdan başqa bir şey deyildi. Qanunsuz davranışları ilə "Qarabağ klanı"nın ümidlənməsinə şərait yaradan sülhməramlıların fəaliyyətinə çəki-düzəm vermək üçün indiki şəraitdə bundan yaxşı mesaj da ola bilməzdi.

Öz ərazilərinin xeyli hissəsini həm hərbi, həm də sülh yolu ilə azad edən Azərbaycanın qarşısında indi əsas vəzifə kimi həmin ərazilərin bərpa edilməsi, keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsi məsələsi durur. Bunu şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə etmək lazımdır. Prezident eyni zamanda Xankəndinə, Xocalıya da qayıdacağımız günün çox uzaqda olmadığını bildirib: "Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış Bəyanatda bu, göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə ancaq özünə zərbə vurmuş olar".

Dövlət başçısı ən böyük mesajlarından birini isə səbirsizlik, təmkinsizlik göstərən bəzi şəxslərə ünvanlayıb: "İndi müharibədən heç dörd ay keçməmiş artıq rəsmi şəxslər - Ermənistan və Azərbaycan rəsmi şəxsləri arasında təmaslar qurulur, görüşlər keçirilir, bəzən açıq formatda, bəzən qeyri-rəsmi formatda. Amma bu proses gedir və bu proses müsbət istiqamətdə gedir. Ona görə burada bütün bu həssaslığı başa düşərək bir daha demək istəyirəm ki, biz istədiyimizə tam nail olmaq üçün müdrik olmalıyıq və bütün addımları vaxtında atmalıyıq. Necə ki, İkinci Qarabağ müharibəsində vaxtında atılmış addımlar səmərəsini vermişdir". Prezident bu açıqlaması ilə hər şeyin plan üzrə uğurla davam etdiyinə işarə edib. Bundan sonra hər şey Ermənistan rəhbərliyinin yeni reallıqlara düzgün qiymət verməsindən, düzgün nəticə çıxarmasından və revanşist cəhdlərdən əl çəkmələrindən asılı olacaq. Məğlubiyyətdən sonra ölkə daxili prosesləri tamamilə nəzarətdən çıxan Ermənistanın isə 10 Noyabr bəyanatındakı müddəları yerinə yetirməkdən başqa yolu yoxdur. 

Təhməz Əsədov
Milli.Az