İslamın xüsusiyyəti, özəlliyi və təzahürü olan şəxsiyyət

7 Mart 2021 23:15

Bismilləhir-Rahmənir-Rahim!

Bəşər yaranandan dünyada açıq-aşkar halda batillə haqqın arasında, İlahi dünyagörüşü ilə şeytani (lən) dünyagörüşü arasında mübarizə gedib. Bizim dövrümüz də bu cür mübarizədən kənarda deyil. Amma çox təəssüf ki, əksər vaxt şeytan (lən) cinahında olanlar öz mübarizəsində, öz işində, öz qəsbində ardıcıllıq və davamlılıq göstərir. Amma bunun müqabilində müsbət insanlar çox təəssüflər olsun ki, dünya səthində süstlük, tənbəllik, ardıcıl olmadıqlarını göstərir. Əslində, haqla batilin mübarizəsində hər bir kəs - bir fərd kimi, hər bir toplum - bi  toplum kimi, hər bir millət də bir millət kimi bu mübarizənin fonunda imtahan verir.

Haqq insana lazımdır, haqqın özünə yox

Özünü vicdanlı bəşərə aid edən hər bir şəxs dinindən, əqidəsindən asılı olmayaraq, imtahan verməkdədir. Maraqlı cəhət budur ki, burada İslam, din, Allahın insanlıq üçün müəyyən etdiyi əqidə xətərdə deyil. Yəni insanın haqqın tərəfində olması, insanın özünə lazımdır.

Allah Təala ön dörd əsrdir və ondan da qabaq - bəşər yaranan gündən Öz dini üçün, əqidəsi üçün, göndərdiyi həqiqətlər üçün zamin durub və bunları yaşatmaqdadır. Söhbət burada bundan gedə bilər ki, bu mübarizə fonunda fərdlər, toplumlar, xalqlar hansısa dövrdə öz imtahanlarını ya verirlər, ya da yox.

Hər birimiz yaşanan dünyanın imtahanlarını ya veririk, ya da vermirik. Allah Təala nəhayətdə öz dinini qoruyacaq. Tarixdən də göründüyü kimi, dini qorumağa bir millətin ləyaqəti çatmadıqda, Allah Təala o lütfü həmin millətdən alıb, başqa biri millətə verir.

İmam Əli (ə) vilayəti neməti

Belə nemət və lütflərdən biri də Allah Təalanın bizim xalqımıza bəxş etdiyi İmam Əli (ə) sevgisidir. Əli (ə) eşqi, Əhli-Beyt (ə) eşqi də o haqlardandır ki, zaman-zaman Allah Təala onu müxtəlif toplumların, cəmiyyətlərin, fərdlərin sayəsində yaşadıb. Şükürlər olsun ki, bizim xalqımız da Allahın belə lütfündən kənar qalmayıb. Bütün çətinlik və təqiblərə baxmayaraq, həmişə xalqımızda Əhli-Beyt (ə) sevgisi, dini qeyrət olub.

14 əsrdə biz fəxrlə deyə bilərdik ki, Əlinin (ə) haqqı, Əlinin (ə) qeyrəti Azərbaycanda qorunub saxlanıb. Amma narahatlıq doğuran məsələlərdən biri budur ki, insanlar gərək eyforiyaya qapılmasınlar. Çünki insan hər an bu baxımdan imtahan verməkdədir. Yəni bu, bizim imtahanımızdır, Əlinin (ə) imtahanı deyil. Bu, bizim imtahanımızdır ki, bu gün biz Aşura ilə bağlı, Məhərrəmlə bağlı, Əli (ə) ilə bağlı, Əhli-Beytlə (ə) bağlı, İslamla bağlı, Quran ilə bağlı, Zəhra (s.ə) ilə bağlı, Zeynəblə (s.ə) bağlı imtahanlarımızı veririk, ya yox?

Əgər verə bilsək, bu lütf neçə əsrlər olduğu kimi, millətimizin üzərində qalacaq. Yox, əgər verə bilməsək, o zaman Allah Təala bu lütfü bizdən alıb, başqasına verəcək. Yer üzəri fadakar insanlarsız qalmayıb.

Avropanın İslamdan götürüb bizə öyrətdikləri

Qeyd etdiymiz mətləblərin daha aydın olması üçün adi bir nümunə göstərək. Merac yadigarı olan Məscidul-Əqsanın başına bu müsibətlər gələn bir vaxtda, dünya bu gün zaman-zaman bununla bağlı etirazını bildirdiyi halda, müsəlman ölkələri hələ də ətalətdədir. Bir dəfə bir inanclı danışırdı ki, İsveçrədə olanda özünü İslami yaşayış baxımından, müsəlman kimi daha çox rahat hiss edirmiş, nəinki məmləkətimizdə. O, bildirirdi ki, İsveçrədə dünya müsəlmanlarının durumu ilə bağlı o qədər hərəkətlilik, fəallıq var idi ki, bir an elə bildim ki, İsveçrə müsəlman ölkəsidir. "Özümü müsəlman ölkəsində zənn etdim. Qəzza ilə bağlı hər gün etirazlar var idi, insanlar öz sözlərini bildirirdilər".

Bu, dünyanın çatdığı bir vəziyyətdir. Bu gün bu söz çox işlədilir ki, gün o gün olacaq ki, deyəsən, Avropa gəlib, bizim özümüzə İslam öyrədəcək. Bu, qəribə deyil. Hansısa ümmət, hansısa millət layiqincə öz əqidəsinə, öz dininə, öz dini varlığına nəzər sala bilməyəndə, belə olur. Necə ki, İslamın qızıl əsrində elmi bizim özümüzdən götürüb, indi bizim özümüzə qaytarırlar. Necə ki, fransız kimyaçısı Antuan Lavuazye kimyanı İmam Sadiqin (ə) məktəbinin şagirdlərindən köçürdüb, bu gün bizim özümüzə hədiyyə edir. Necə ki, vergi sistemini dünyada İslamdakı zəkat mexanizmindən götürüb, bizim özümüzə hədiyyə edirlər. Necə ki, ribasız, faizsiz bank sistemini İslamdan götürüblər, amma bu gün dünyada faizsiz bank modelini Avropa təbliğ edir. Deyəsən, başqa məsələlər də yavaş-yavaş ona doğru gedəcək.

Bu, bir labüd məsələdir. Toplum imtahanını verə bilməyəndə, lütf o toplumun əlindən alınacaq və başqasına veriləcək. Ona görə də Allah Təalanın bizə lütf etdiyi, bizi buna layiq bildiyi Əli (ə) vilayəti məsələsinə xüsusi diqqət yetirməliyik. Bunun aradan getməsinə zəmin yaratmamalıyıq. Onsuz da Allah kimlərinsə vasitəsilə Öz höccətini tamamlayacaq, amma bu, bizim özümüzə lazımdır.

İmam Əli (ə) - İslamın özəlliyi və təzahürüdür

Bəs Həzrət Əli (ə) kimdir ki, onun vilayətini tanımağı Allahın lütfü hesab edilir? İmam Əli (ə) - varlığı İslamın varlığına bərabər olan şəxsdir. Tarixin elə səhnələri olub ki, İslamın yaşanması Həzrət Əli (ə) ilə bağlı idi. Bu sözləri Allaha və Peyğəmbərə (s) inanan bütün müsəlmanlar deyir. Böyük alimlərdən biri buyurur: "Əli (ə) - İslam üçün, məntiqi dillə desək, sanki fəsldir".

Fəsl nədir? Məsələn, üçbucağın yaranması üçün iki anlam var: bir "fiqur", bir də "üç bucaq" anlamı. Bu ikisi birləşəndə üçbucaq əmələ gəlir. Üç bucaqlılıq olmasa, o fiqur üçbucaq deyil. Yaxud insanın əmələ gəlməsi üçün canlı bir məxluq var ki, hər şeyə, quşa da, heyvana da aiddir. Amma o canlı varlığı insan edən nədir? Onun natiqliyi, onun şüur və dərrakəsi. Buna məntiqi dildə fəsl deyirlər. O biri böyük hissəyə deyirlər cins.

İmam Əli (ə) - İslamın xüsusiyyətidir, özəlliyidir, təzahürüdür. Bir varlıqda natiqlik qabiliyyətinin olmadığı halda insan ola bilmədiyi kimi, Əlinin (ə) də olmadığı halda, İslam əmələ gəlməzdi. Necə ki, canlı varlıqdan insana keçid etmək üçün natiqlik lazımdır, şüur lazımdır, dərrakə lazımdır, mücərrəd təfəkkür lazımdır, qeyrət, namus lazımdır - o cümlədən də İslamı İslam edən, Rəsulu-Əkrəmin (s) iyirmi üç illik zəhmətini İslam edən Əlidir (ə).

İslama tərif versək, belə alınar: Həzrət Peyğəmbərin (s) 23 illik bərəkəti və üstəgəl İmam Əli (ə). Bu, olur İslam. Şüursuz canlı varlığın insan ola bilmədiyi kimi, üç bucağı olmayan fiqurdan üçbucağın çıxmadığı kimi, hər mayedən su çıxmadığı, yalnız içilməli və 100 dərəcədə qaynaya bilən mayenin su ola biləcəyi kimi, Əli (ə) də olmasa, İslam əmələ gələ bilmir.

Tarix də bunu göstərir. Allah evində dünyaya gələn, Allah evində dünyadan gedən kimdir? Əlidir (ə)! Dünya Allahın evindən daha layiqli bir başqa yer tapmadı ki, Əlini (ə) qarşılaya. Dünya Əlini (ə) yola salmaq istəyəndə, Allah evindən başqa daha layiqli bir yer tapa bilmədi ki, onu yola salsın.

Dinin kamillik səbəbi - Əli (ə)

Altmış üç il ömrünü yaşayan Həzrət Əli (ə), otuz üç ilini Rəsuləllahın (s) xidmətindədir. İmam Əli (ə) həyatının hər anında bəşərə şücaət, mərdanəlik, kişilik dərsi keçir. Qalan illərini bəşərə səbir dərsi keçir. Böyük hədəflərə, məqsədlərə görə, ani hissləri öldürüb, əbədiyaşar İslamın dəyərlərinə görə səbir etməyi öyrədir.

Bəzən deyirlər ki, Əli (ə) niyə qalxmadı, haqqını tələb etmədi? Əli (ə) qalxsaydı, fürsətçilər fitnə salardılar və nəticədə İslamdan da bir şey qalmazdı. Amma Əli (ə) belə deyil. O, İslamın nə olduğunu bilirdi. O, İslamın cövhərini təşkil edirdi. Ona görə də İslamın yaşaması üçün lazımi məsələləri həyata keçirirdi. Şücaət lazım olanda, şücaət göstərirdi, səbir lazım olanda, səbir göstərirdi.

Başqa bir şəxs yoxdur ki, onun barəsində Quranda 300 ayə gəlsin. Quranın 300 ayəsi İmam Əliyə (ə) aiddir. Allah Təala İmam Əli (ə) barəsində ayə nazil edəndə çatdırır ki, bu, sizin vəlinizdir, rəhbərinizdir.

Həzrət Əlisiz (ə) İslam naqisdir. Bunu biz demirik. Bunu Qədir-Xumda Peyğəmbəri-Əkrəm (s) bəşəriyyətə çatdırır. Ondan sonra isə biz bunu Quran məntiqinin izah etdiyini görürük. Həzrət Peyğəmbər (s) özü bu dünyaya vida etməmişdən öncə, İslamı həqiqi İslam etmək üçün, 23 ilik zəhmətinin tam kamil hala düşməsi üçün üzünü müsəlmanlara tutur və sadə bir cümlə deyir: "Hər kimin mövlası, rəhbəri mənəmsə, Əli (ə) - onun mövlasıdır".

Bundan başqa, biz İlahi məntiqə nəzər salanda, Əli (ə) vilayəti ilə dinin kamil olduğunu, Allahın nemətlərinin tamamlandığını, İslamın bizim üçün bəyənilən bir din qərar verildiyini görürük ("Maidə" surəsi, ayə 3).

Bütün bunlara bir başqa yerdə rastlaşmırıq, məhz Əli (ə) vilayəti ilə bağlı rastlaşırıq. Quran deyir: "Bu gün sizlər üçün dininizi kamil etdim". Yəni Əlinin (ə) Peyğəmbərdən (s) sonra rəhbər seçildiyi gün, din kamala çatdı. Yəni din o günə qədər kamil olmamışdı.

"...Və sizin üzərinizdə olan nemətimi tamamladım və İslamı bir din kimi sizin üçün qərar verdim". Buradan bayaqkı bəhs açılır. İslam dini, məhz İmam Əli (ə) vilayəti ilə kamil oldu.

Quran məntiqinə gərə, İmam Əlisiz (ə) din yoxdur

Bundan başqa, biz görürük ki, "Maidə" surəsində 67-ci ayəsində Allah Təala Peyğəmbərə (s) təkid edir ki, Əlinin (ə) vilayətini çatdır, onun rəhbər olmasını çatdır. Buyurur: "Ey Peyğəmbər! Sənə Rəbbin tərəfindən nazil olanı çatdır. Əgər belə etməzsən, öz risalətini təbliğ etməmiş olarsan".

Yəni bəşərə çatdır ki, Əlisiz (ə) din yoxdur. Çatdır bəşərə ki, mənim 23 illik zəhmətimdə sizlərə çatdıracağım sonuncu məsələ - Əli (ə) ilə bağlıdır. Buna görə də Peyğəmbərimiz (s) buyurur: "Haqq Əli ilədir, Əli də haqladır".

Biz görürük ki, Peyğəmbər (s) həyatı boyu bir bu fikri dəfələrlə təkrar edir. Həm besətin əvvəlində, həm ortasında, həm də sonunda bu fikir - Əli (ə) rəhbərliyi - dəfələrlə deyilib.

502 sənədi olan hədis

Həzrət Peyğəmbərin (s) Əli (ə) və övladları ilə - Əhli-Beytlə (ə) bağlı buyurduğu bir mübarək buyuruş da var ki, çox məşhurdur. Yeri gəlmişkən, xalqımız bu cümləni özü ilə daşıyan bir xalqdır, bu, onun ruhuna hopmuş bir həqiqətdir. "Mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram: Birincisi hidayət və nurla dolu Allahın kitabıdır. Ondan bərk yapışın".

Həzrət Peyğəmbər (s) Quranla bağlı çoxlu tapşırıq verəndən sonra buyurdu: "(İkincisi) Əhli-Beytimdir. Sizə tövsiyə edirəm ki, Allaha xatir Əhli-Beytimi unutmayın! Sizə tövsiyə edirəm ki, Əhli-Beytimi unutmayın. Sizə tövsiyə edirəm ki, Əhli-Beytimi unutmayın!".

Bu, bir hədisdir ki, bunu hamı qəbul edir. Allah rəhmət etsin, Ayətullah Əmini bu hədis üçün 502 ədəd sənəd tapıb. Bütün müsəlmanların kitablarında 502 ədəd sənəd! Tarixdə ikinci belə bir hədis yoxdur ki, onun 502 ədəd sənədi olsun. Özünü müsəlman sayan kəs, hədis qəbul edən, səhih hədis axtaran kəs, buna biganə qala bilməz. Çünki səhihliyi barədə 502 sənədi olan hədisidir. Yəni mən sizə özümdən sonra Quranla bərabər, Quranı yaşadan, onu çatdıran, təfsir edən, öz həyatında canlı təzahür etdirən, canlı Quran olan kəslər qoyuram. Mən özümdən sonra sizə Əlini (ə), Zəhranı (ə), Həsəni (ə), Hüseyni (ə) və digər 9 İlahi İmamı (ə) qoyuram ki, əbədiyyən, sizlər üçün bunu yaşadıb və göstərəcəklər. Əgər bunlardan ayrı düşsəniz, sizin üçün pis olacaq. Çünki Quran və Əhli-Beyt (ə) heç zaman ayrılmaz.

Tarix göstərir ki, müsəlmanlar bu iki həqiqəti bir-birindən ayrı ayırdıqları üçün, bugünkü zəlil vəziyyətə gəlib çıxıblar.

Xristian aliminin Əli (ə) barəsində şeiri

Böyük xristian alimlərindən biri Əli (ə) barəsində bir kitab yazıb ki, çox dəyərli bir kitabdır. O, kitabda Əli (ə) barəsində bir başqa xristian şairin şeirini verir. Həmin şair bu cümlələri deyir: "Məndən Əli (ə) barəsində niyə yazmağımı soruşursuz. Mən ki, məsihiyəm, gərək Papa haqqında, İsa (ə) haqqında yazım, Həzrət Məryəm haqqında yazım. Bəs niyə Əli (ə) haqqında şeir yazıram? Çünki mən fəzilət aşiqiyəm. Bu dünyada dolandım, gördüm ki, fəzilətin mənbəyi, bulağı Əlidir, Əli (ə)".

Bunu müsəlman yazmır, Aşurada Hüseyn (ə) üçün göz yaşı axıdan yazmır, bir xristian alimi yazır. Buna görə də şairlər bacardıqları qədər Əlidən (ə) yazıblar. Alimlər fəxr ediblər ki, Əlidən (ə) söz desinlər.

"İslam və küfr üz-üzə dayanıb"

İmam Əlinin (ə) İslam üçün nə qədər əhəmiyyətli olduğu, meydanda kafir ordusunun təmsilçisi Əmr ibn Əbdüvədlə üz-üzə qalan zaman Rəsulullahın (s) bir gözəl cümləsində ən kamil şəkildə təzahür tapır. Həzrət Peyğəmbər (s) buyurur: "İslam bütöv halda küfrlə üz-üzə dayanıb".

Kafirlərin, müşriklərin meydana çıxara biləcəyi ən güclü adam, küfrü simvolizə edə bilən adam Əmr ibn Əbdüvəd idi. Müsəlman cəbhəsində onun qarşısına çıxa bilməyə heç kim cürət etmir. Amma Əli (ə) meydana çıxır. Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, İslam tam kamil halda Əlinin (ə) şəxsiyyətində təzahür olur. Əgər Əmr ibn Əbdüvəd qalib gəlsə idi, o zaman İslam məğlub olacaqdı.

Peyğəmbərin (s) sözündə bu həqiqət yatır ki, Əlinin (ə) məğlubiyyəti - İslamın məğlubiyyətidir. Əlinin (ə) qalibiyyəti - İslamın qalibiyyətdir. İslam hər yerdə sabit olandan sonra, müsəlmanlar iqtidar olandan sonra vəzifə bölüşdürmək, hakimiyyət üstündə mübarizə aparmaq asandır. Amma Əmr ibn Əbdüvədlə meydana çıxmaq hər səhabənin işi deyil. Bu, Əlinin (ə) işi idi. Çünki Əlidən (ə) başqa heç bir səhabə İslamı tam şəkildə simvolizə edə bilməzdi.

Allahım, bizləri Əli (ə) vilayətindən ayrı salma!

Allahım, Əli (ə) vilayətinin dəyərini bilməyi bizlərə nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof