Qastrit və onun profilaktikası

6 Mart 2021 22:45

Qastrit - mədənin selikli qişasının iltihabı olub, uşaqlar arasında təsadüf edilən xəstəliklər içərisində görmə orqanları xəstəliklərindən sonra ikinci yeri tutur.

Əksər hallarda qastritin törədicisi "helikobakter pilori" bakteriyası olur. Uşaq bu bakteriyaya öpüşmək, ümumi qab-qacaq, natəmiz əllər və s. vasitəsilə yoluxa bilər. Yoluxmadan sonra bir neçə il ərzində xəstəlik heç bir əlamətlərlə özünü büruzə verməsə də, mədənin selikli qişasında iltihab prosesi inkişaf etməkdə davam edir. Sonradan isə ağrılar meydana çıxır.

Qastritin inkişafına təsir göstərən bir neçə amil var. Bunlardan ən başlıcası qeyri-düzgün və vaxtsız qidalanmadır. Ac qalma, yeməklər arasında fasilənin çox olması, quru yeməklər, kəskin-acı, qızardılmış, hisə verilmiş, konservləşdirilmiş və s. bu kimi məhsullarla qidalanma da bu faktorlara aiddir. Streslər, uşaqda daxili diskomfort (tənhalıq, yalqızlıq hissi, valideynlər arasında olan pis münasibətlər) halları da qastritin inkişafına təkan verə bilər.

Qastrit zamanı uşağın qarnında sızıltılı ağrılar, gəyirmə, ağızdan qıcqırmış pis iyin gəlməsi, iştahasızlıq əlamətləri müşahidə edilir. İlk simptomlar əmələ gələn kimi tez bir zamanda həkimə müraciət etmək məsləhət görülür.

Həkim-qastroenteroloq ilki növbədə tələb olunan müayinələr aparmaqla qastritin əmələ gəlmə səbəbini dəqiqləşdirir. Əgər xəstəliyin səbəbi helikobakter pilori törədicisidirsə, bu zaman həkim müxtəlif preparatlar, həmçinin müvafiq antibiotiklər təyin edəcək. Düzgün aparılan müalicə sizin uşağınızı həmişəlik olaraq bu qorxulu bakteriyadan azad etmiş olacaq.

Yadda saxlamaq lazımdır ki, uşaqda helikobakter pilori mikrobu tapılıbsa, bütün ailə üzvləri müvafiq müayinədən keçməli və lazım gələrsə müalicə olunmalıdırlar. Əks halda, sağalmış uşaq təkrarən onlardan yoluxa bilər.

Bəzi hallarda qastritin əmələ gəlməsində irsiyyət də müəyyən rol oynayır. Ona görə də valideynlərdə və ya onlardan birində qastrit varsa, körpəlikdən uşağınızın pəhrizinə, təmizliyinə, həyat tərzinə xüsusi diqqət yetirilməlidir.

Bütün qastritlərin müalicəsi həkim tərəfindən təyin edilən pəhrizlə eyni bir vaxtda aparılmalıdır. Vaxtında müalicə olunmamış qastrit xroniki hala keçə bilər. Bundan sonra isə mədənin zədələnmiş selikli qişasında daha dərin dəyişikliklər baş verərək eroziya və mədə xoralarının əmələ gəlməsi ilə nəticələnə bilər. Qastritə nisbətən belə ağırlaşmaların müalicəsi daha çətin olur. Bu səbəbdən qastritin ilk əlamətləri görünən kimi, tez bir zamanda müalicə tədbirlərinə başlamaq lazımdır.

Qastritin bütün formalarında qara çörək, təzə ağ çörək, undan bişirilmiş müxtəlif qida məhsulları, qatı bulyonda bişmiş şorbalar, kələm şorbası, yağlı ət, balıq və toyuq əti, kolbasalar, tomat, suda bərk bişirilmiş yumurta, qayğanaq, müxtəlif konservləşdirilmiş məhsullar, ağ kələm, ağ turp, sarımsaq, qızardılmış tərəvəz, turş giləmeyvələr, dondurma və s. bu kimi məhsullar yemək qadağan edilır.

Milli.Az