Siyasətin Əliyev dərsi

28 Fevral 2021 18:27

Xocalı soyqırımı təki bəşəriyyətə qarşı qanlı cinayətin törədildiyi gündə "Biz mütləq Xocalıya qayıdacağıq, başqa yol yoxdur!" söyləyən Liderin sözlərindəki dəqiq məzmun, qısa bəyan və emosional məzmun böyük siyasətçinin kəlmələridir.

... Dahi siyasətçi ilə zavallı siyasət fiqurunun arasındakı uçurum bacarıq, peşəkarlıq, istedad və gerçəi söyləməkdir. Böyük siyasətçi bütün hallarda nəyi, niyə və necə dediyini anlayır. Daha doğrusu, siyasi düha adi, trivial, banal nəsnələrdən orijinal şəkildə bəhs etmək, axar yaşama bitkin və təkmil format verməkdir.

Azərbaycanın dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev xalqın nə istədiyini, niyə istədiyini və bu istəyi necə gerçəkləşdirməyi bilən dühadır. Çünki xalq onun qəlbidir, özüdür, məramı və əməlidir.

Başqalarının qismən duyduğunu o, dəqiq və tam hiss edir. Cəmiyyəti də eşidir: qədim yunan filosofları deyərdi ki, cəmiyyətin səsi uğultudur - dövlət başçısı bu kakafoniyanı ayırd edə bilirsə, xalq dövlət, insan da vətəndaş olur.

İlham Əliyevin fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransı nümayiş və sınaq idi.

Prezident ensiklopedik biliklərini, poliqlotluğunu, siyasi elmlərə bələd olmağını göstərdi və bütün dünyaya nümayiş etdirdi ki, dövlət başçısı necə olmalıdır.

Bu, Azərabycanın liderinin idarəetmə istedadının nümayişi idi.

Həddən ziyadə mürəkkəb geosiyasi məkanda yerləşən, 21-ci əsrin çağırışları ilə üzləşən, qonşu dövlətlərin maraqları ilə öz mənafeləri arasında sinerji yaratmaq məcburiyyətində qalan Azərbaycan 28 ildən bəri çözülməyən problemini çox qısa müddətdə həll etdi.

44 gün sürən İkinci Qarabağ Savaşı bütün Azərbaycan üçün Vətən Müharibəsi oldu, çünki işğala son qoymaq, torpaqlarımızın 20 faizini işğaldan qurtarmaq və azad etməklə yanaşı, "Dağlıq Qarabağ münaqişəsi" adlı problemi birdəfəlik həll etmək gərəkdi.

Xalqla Lider bir ruh, siqlət oldu və qalib gəldi.

Böyük qələbənin böyük zəhməti oldu. Zəfərin təminatçıları hər kəsdi: orduya yardım yollayan qoca nənə, övladını cəbhəyə ümidlə və qətiyyətlə göndərən ana, Vətən üçün canından keçməyə müştaq əsgər və prosesləri idarə edən sərkərdə, Ali Baş Komandan.

44 günlük Vətən Müharibəsi ilə düşmənin az qala 4 əsrlik niyyətlərini, kəsif istəklərini və məkrli planlarını darmadağın edən, 28 illik işğala son qoyan və bölgədəki reallıqları dəyişərək dünya birliyini yeni gerçəklik faktı qarşısında qoyan İlham Əliyev qısamüddətli gərgin işin, əslində, onillər əvvəl başlanmış prosesin məntiqi nəticəsi olduğunu göstərdi.

Az öncə bəhs etdiyim kimi, nümayiş və sınaq məhfumlarının məntiqi uzlaşmasının asanlıqla sezilən, anlaşılan təzahürüdur bu.

Fevralın 26-da, Xocalı soyqırımı günündə keçirilən mətbuat konfransı isə məntiq, siyasət, iradə və qətiyyət izharı olmaqla yanaşı, dünya birliyinə ünvanlanmış ziyadə dərəcədə önəmli mesajlardı.

Həmin bəyanatlarla Azərbaycan prezidenti yox, inkişaf etmiş ölkələrin və kollektiv Qərbin "üçüncü dünya dövlətləri" hesab etdiyi 150 ölkənin adından Qoşulmama Hərəkatının sədri, gerçək lideri və yüz milyonlarla insanın hüquqlarının müdafiəçisi danışırdı.

4 saatdan artıq davam edən, müxtəlif ölkələrin 35-dən artıq mass-media strukturlarının nümayəndələrinin 50 sualını cavabladı.

Təmkinlə, məntiqlə, arqumentləşdirilmiş şəkildə.

Region və dünya siyasətinin dərin təhlili ilə yanaşı, Azərbaycanın yaxın gələcəkdə görəcəyi işlər, geosiyasi perspektivlər və planların təsnifatı ilə bahəm, dünya siyasət kuluarlarına ünvanlanmış bəyanatlardan ibarət olan mətbuat konfransı formatından çıxaraq geosiyasi tribunaya çevrilmişdi.

Prezidentin media mənsublarının suallarına verdiyi cavabları konseptual olaraq bir neçə istiqamətə ayırmaq olar və gərəkdir.

1. Qlobal siyasətdə ikili standartların yolverilməzliyi. İlham Əliyevin cavablarının paradiqmasını "mənəviyyatlı siyasət" məhfumu təşkil edir. Siyasətin mənəviyyatdan kənar olduğunu deyənlərə məntiqli və arqumentli cavab olan açıqlamalara nəzər salsaq, görərik ki, Azərbaycanın dövlət başçısı kollektiv Qərbin üç istiqamətdə ikili standartlara daha çox yol verdiyini vurğulayıb:

a) Xocalı soyqırımı

b) Qarabağ münaqişəsi

c) İnkişaf etməkdə olan dövlətlərin problemlərin həllində iştirak.

Xocalı soyqırımı törədiləndə dünya susmuşdu. Təbii, bunun səbəblərindən biri yəqin o idi ki, həmin dönəmdə soyqırımla bağlı məlumat qıtlığı vardı, Qarabağdakı müharibə ilə bağlı məlumatlar da aşkar şəkildə birtərəfli idi. Ermənistan öz təbliğatını işə salmışdı. Azərbaycan tərəfi isə tamamilə aciz bir vəziyyətdə idi. Çünki o vaxt bizim dövlətçilik əsaslarımız yox idi. O vaxt Azərbaycan idarəolunmaz vəziyyətdə idi. O vaxtkı Azərbaycan indiki Ermənistanı xatırladır - səriştəsiz idarəçilik, böhranlı vəziyyət, orduda nizam-intizamın olmaması. Ordu faktiki olaraq hakimiyyətin tabeliyindən çıxmışdı.

"Uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə bilək, həqiqətləri təqdim edə bilək" söyləyən İlham Əliyev Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması, qlobal miqyasda informasiya savaşının aparılmasının labudlüyündən və vacibliyindən bəhs edə bilərdi. Amma etmədi, halbuki Ermənistanın illərlə çalışdığı, erməni diasporunun səy göstərərək formalaşdırdığı stereotipləri məhz İlham Əliyev darmadağın etdi.

Dağlıq Qarabağ münaqişəsi və ümumiyyətlə, Qarabağın statusu ilə bağlı problemi də Ali Baş Komandan həll etdi. Status məsələsi artıq yoxdur. ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin çözülməsi mümkün olmadı. Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatları, aqressiv çıxışları və marazmatik qərarları isə, ümumiyyətlə, çözüm ehtimalını heçə endirdi. Belədə, Minsk Qrupunun həmsədrləri son iki ildə faktiki olaraq, işsiz qalmışdılar: onlar nə edəcəklərini bilmirdilər. İflic olmuş danışıqlar prosesi və nizamlanma cəhdlərini reabilitasiya etmək, yenidən həyata qaytarmaq isə alınmayacaqdı.

44 günlük Vətən Müharibəsinin başlanmasının səbəbkarı da işğalçı Ermənistan, terroru və zooloji millətçiliyi dövlət siyasətinə çevirən rəsmi İrəvan olmuşdu.

Buna rəğmən, İlham Əliyev mətbuat konfransında Ermənistana və qarabağlı ermənilərə səslənərək onları normal, dinc yaşama çağırıb.

Qarabağın dağlıq hissəsində ermənilər yaşayır. Onların həmin əraziyə 19-cu əsrin əvvəllərində köçürülməsinə rəğmən, qarabağlı ermənilərin ölkəmizdə həyat sürmələrinə etiraz etmirik. Necə ki, Azərbaycanın Qarabağdan kənar məkanlarında indi 30 min erməni normal yaşayır.

Məhz bu səbəbdən əgər kimsə "Qarabağın statusu" kimi irrasional, artıq tarixin zibilliyinə atılmış məsələdən bəhs edirsə, onu müzakirəyə çıxarırsa, həmin şəxs, siyasi qüvvə və ya qurum bölgədə sülhə yox, qarşıdurmaya xidmət edir.

... COVİD-19 koronavirus pandemiyası inkişaf etmiş dövlətlərin, "qızıl milyard"ın inkişaf etməkdə olan ölkələrə, "üçüncü dünya" sayılan dövlətlərə yanaşma tərzini, siyasətini və münasibətini dəqiqliklə aşkarladı.

Məhz İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyası keçirilib. 150-dən çox ölkə bu təşəbbüsü dəstəklədi. Sessiya ötən ilin dekabr ayında keçirildi.

Azərbaycan Prezidentinin həmin sessiyadakı çıxışının tezislərindən biri də koronavirusa qarşı vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü idi ki, bu məsələdə proteksionizm, millətçilik olmasın. Lakin təəssüf ki, tamam başqa mənzərə gördük. Görürük ki, hətta müttəfiqlər arasında da ciddi problemlər yaranır, kimin neçə vaksindən istifadə etməsini və kimin kimə nəyi yarımçıq verməsini hesablamağa başlayırlar. Ona görə bu vəziyyət bir daha göstərir ki, həmrəylik barədə, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət görürük. Məsələn, bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar.

Onlar sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edir, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalayırlar. Hətta bu insanların imkanları olsa belə, sadəcə, onlar üçün əlçatan deyil.

Mətbuat konfransında İ.Əliyev çox maraqlı bir məqamdan bəhs etdi.

Azərbaycan COVİD-19-a qarşı vaksin istehsal edən şirkətlərlə saziş imzalayıb. Biz "AstraZeneca" vaksinini çoxdan almalı idik. Almamışıq. Artıq bir neçə aydır ki, almamışıq. "Sputnik" vaksinini də almamışıq. "COVAX" təşəbbüsü üzrə "Pfizer" və "Moderna" peyvəndlərini almalı idik, almamışıq. Özü də bizə onları nə vaxt alacağımızı demirlər. Yaxşı ki, bizim çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər. Bizim bunu almaq üçün vəsaitimiz var. Bəs vəsaiti olmayanlar nə etsinlər? Bu adamlar ölməlidirlər? Deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, necə deyərlər, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar. Biz hansı bərabərlikdən danışırıq?

"Mən BMT Baş Assambleyasının xüsusi sessiyasında bu məsələni qaldırmışam və bu gün Qoşulmama Hərəkatı çərçivəsində bu məsələ barədə fəal diskussiya aparırıq. Bir çox ölkələr mənim təşəbbüsümü dəstəkləyiblər. Hazırda əlavə məsləhətləşmələr aparılır və biz əməli işə keçməliyik. Şablon bəyanatlar səsləndirmək kifayətdir, onların arxasında heç bir iş dayanmır. Bunlar artıq hamını bezdirib. Bu məsələ hər bir insana aiddir. Biz bu məsələdə həm milli mənada, həm də bu gün üzvlərinin sayına görə dünyada BMT-dən sonra ikinci beynəlxalq qurumda sədrlik edən ölkə kimi prinsipiallıq göstəririk", - dövlət başçısı söylədi.

Sadəcə, üç məqamdan bəhs etdik. Lakin bu üç məqam postsovet məkanı ölkələrinin dövlət başçılarından kimsənin etmədiyi, edə bilmədiyi və etməyə cəsarət etmədiyi mənəviyyatlı siyasətə sadiqlik, dövlətin və xalqın mənafelərinin bütün abberrativ məqamlardan üstün tutulması, ölkənin sürətli və stabil inkişafını şərtləndirən konkret fəaliyyət proqramının movcudluğuna əsaslanan strategiyanın açıqlanmasıdır.

... Azərbaycanın müasir tarixində ilk idi bu mətbuat konfransı. İndiyədək heç bir dövlət başçımız ən müxtəlif ölkələrdən olan jurnalistlərlə bunca uzunmüddətli sual-cavab marafonunda iştirak etməmişdi.

29 il əvvəl xalqımıza qarşı törədilmiş soyqırımdan bəhs edən prezident daha sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş 28 illik danışıqların mexanizmlərini və indiyədək barəsində əsla məlumat verilməmiş məqamlarından danışdı, Ermənistanın sabiq və indiki rəhbərlərinin maskalarını yırtaraq onların əsl, idbar simalarını göstərdi.

Mətbuat konfransı yeni formasiyanın güclü, qüdrətli və intellektual dövlət başçısının açıqlamaları idi.

Jurnalistlər heyrət içində idilər: onlar həddən ziyadə təcrübəli, müdrik, ensiklopedik bilikli və poliqlot, ən mühümü isə sözü ilə əməli arasında ziddiyyətlər olmayan Liderlə qarşılaşmışdılar.

Siyasətin mahiyyət etibarilə, sadəcə, şüarçılıq, demaqogiya və populizmə çevrilərək deqradasiyaya uğradığı, söz bolluğu ilə əməl azlığını gizlətməyə çalışanların xalqları və dövlətləri fəlakətlər uçurumlarına sürüklədiyi, böyük güclərin ssenariləri əsasında "rəngli inqilab" adlı cüzamın yayıldığı bir dönəmdə Azərbaycan Prezidenti İlham Əliyev kimi şəxsiyyətin önəmi daha da artır.

Parlaq strateq, bacarıqlı taktik, xalqın mənafeyi ilə dövlətin maraqlarını maksima sayan Lideri olan Azərbaycan qarşısına qoyduğu bütün məqsədləri gerçəkləşdirəcək.

Fevralın 26-dakı mətbuat konfransına qatılan media mənsubları isə hələ uzun müddət bu 4 saatın təəssüratını unuda bilməyəcəklər.

Tarixi günün tarixi unudulmur çünki...

Elçin Alıoğlu
Milli.Az