Erməni əsgərlər Paşinyana qarşı çıxdılar

27 Fevral 2021 20:06

Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələri Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanı dəstəklədilər.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, bu minvalla Ermənistanın Müdafiə Nazirliyi və hərbi hissələr indiyədək baş nazir Nikol Paşinyanla generl-polkovnik Onik Qasparyan arasındakı qarşıdurmada zahirən tərəfsiz, neytral mövqelərindən əl çəkiblər.

Müşahidəçilərin fikrincə, hərbi hissələrin belə davranmasının səbəb O.Qasparyanın tutduğu vəzifədən kənarlaşdırılması ilə bağlı N.Paşinyanın qərarının Ermənistan prezidenti Armen Sarkisyan tərəfindən imzalanmamasıdır. A.Sarkisyan qərarı "Konstitusiyaya və mövcud qanunvericiliyə zidd" adlandıraraq geri qaytarmışdı.

Ermənistan Polisinin rəhbərliyinin də az sonra N.Paşinyanın istefa tələbi ilə çıxış edəcəyi iddia olunur.

Eyni zamanda, Ermənistanın Xarici İşlər Nazirliyində də N.Paşinyanın istefası tələbini dəstəkləyənlərin sayı artır.

Nikol Paşinyan isə Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefası tələbini prezident Armen Sarkisyana yenidən göndərəcəyini bildirdi.

Milli.Az