ABŞ-ın müxtəlif ştatlarında Xocalı qətliamının 29-cu ildönümünə həsr edilmiş tədbirlər davam edir

27 Fevral 2021 07:25

26 fevral 2021-ci il tarixində ABŞ-ın nüfuzlu Corciya Dövlət Universitetinin Siyasi Elmlər fakültəsinin təşkilatçılığı ilə "1992-ci ilin Xocalı qətliamı: Soyqırımın qarşısının alınmasında diplomatiyanın rolu" ("Khojaly massacre of 1992: Role of Diplomacy in Avoiding Genocide") mövzusunda onlayn konfrans keçirilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Milli.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, Corciya Dövlət Universitetinin Siyasi Elmlər üzrə professor köməkçisi Henri Keri (Henry Carey), ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Atlantanın Morehouse kollecində inkişaf üzrə rezident diplomatı Aleksius Batler (Alexious Butler), Xocalı qətliamı zamanı Ağdamda olmuş və qətliamı qeydə almış hərbi jurnalist, Litvanın Jurnalistlər İttifaqının üzvü Rikardas Lapaitis (Ricardas Lapaitis), Bosniyalı sülh fəalı, Srebrenitsa soyqırımının təbliğatçısı Azra Berbiç, habelə Xocalı sakini, qətliamın canlı şahidi Anar Usubov çıxış edib.

Tədbirin moderatorları Corciya Dövlət Universitetinin Əndrü Yang (Andrew Young) Siyasi Elmlər Məktəbi nəzdində Dövlət Siyasəti üzrə Beynəlxalq Mərkəzin baş elmi işçisi Bauyrjan Yedgenov və sözügedən Universitetin məzunu azərbaycanlı əsilli Rəna Rzayeva olub.

Tədbirin keçirilməsində məqsəd, Xocalı qətliamı barədə ABŞ ictimaiyyəti arasında məlumatlandırmanı artırmaq, qətliamı törədənlərin məsuliyyətə cəlb edilməsinin vacibliyinin təbliğ olunması və geniş şəkildə araşdırılmasının təşviq edilməsi olmuşdur. Onlayn tədbirdə, universitetin tələbə və professor heyəti, Azərbaycan icmasının nümayəndələri də iştirak ediblər.

Səfir Elin Süleymanov Ermənistanın ölkəmizə qarşı hücumu və Xocalıda törədilən qətliam barədə geniş məlumat verdi. Bildirdi ki, Balkanlarda və digər yerlərdə bütün qətliamlarda olduğu kimi, müxtəlifliyə qarşı dözümsüzlük və qonşunun ərazilərinə iddia insanların qırılmasına səbəb olmuşdur. Ötən ilki müharibədə döyüşən bir çox general, zabit və əsgərlərimizin uşaq və gənc yaşlarında öz evlərindən köçkün düşdüyünü, lakin ötən ilki müharibədə öz evlərini azad etdiklərini vurğuladı. Ermənistanın iddialarına baxmayaraq, Azərbaycanın etnik təmizləmə həyata keçirmədiyini qeyd etdi. Ermənistanın müharibədən sonra revanşizm niyyətlərinə rəğmən, azərbaycanlıların ermənilərlə birgə yaşayışı, habelə Azərbaycanın Ermənistanla sülhə nail olmaq üçün hazır olduğunu, bölgədə yenidənqurma işləri həyata keçirdiyini bildirdi. Bununla yanaşı, sülhün bərqərar olması üçün Xocalıya ədalətin təmin edilməsinin yalnız Azərbaycan üçün deyil, Ermənistan üçün də vacib olduğunu vurğuladı. Belə ki, Xocalını törədən Ermənistanın keçmiş prezidentləri Sarkisyan və Köçəryan kimi şəxslərin Ermənistanda toqquşma və siyasi xadimlərin qətli ilə hakimiyyətə gəldiyini, Ermənistanın bu şəxsləri və Xocalıda qətliamın digər qatillərini məsuliyyətə cəlb etməsinin əhəmiyyətli olduğunu bildirdi.

Xocalı qətliamının nəticələrini qələmə almış müharibə reportyoru Rikarda Lapaitis qətliamdan iki gün sonra Ağdamda müşahidə etdiyi acılı xatirələrini bölüşdü. Bildirdi ki, hələ də onu izləyən və taleyini dəyişən bu dəhşətli hadisələrin canlı şahididir. Ağdam məscidinə yüzlərlə meyidin gətirilməsini müşahidə etmişdir. Öldürülənlərin bir çoxunun ayaqqabısız olduğunu, öldürülmüş 6 yaşlı bir qızın baş və bədəninin parçalandığını, bədənində yanıq izləri olduğunu diqqətə çatdırdı. Bir çox Xocalı qurbanı amputasiyalara məruz qalmış və ya güllələnmişdi. Ağdam xəstəxanasında rastladığı, qətliamdan qaçarkən, Əskəranda ermənilərin hücumuna məruz qalmış, lakin öldürülmüş qohumunun qanını üzərinə sürtməklə və özünü ölülüyə vurmaqla ölümdən qurtulmuş 23 yaşlı qızın xatirəsini bölüşdü. Əsirlikdən azad edilmiş bütün az yaşlı qızların zorakılığa məruz qaldığını diqqətə çatdırdı. Qətliamın Memorial və Human Rights Watch təşkilatı tərəfindən sənədləşdirildiyini, Sarkisyan, Ohanyan və Köçəryanın tribunala cəlb edilməsinin vacib olduğunu vurğuladı. Xocalıdan əvvəl Qaradağlıda, Meşəlidə azərbaycanlılara qarşı qırğınlar törədildiyini xatırladı. Holokost təşkilatçılarının cəzalanmasına baxmayaraq, bu qətliamları törədənlərin sərbəst gəzdiklərini vurğuladı.

Daha sonra, Xocalı sakini və qətliamın canlı şahidi Anar Usubov Xocalı sakinlərinin 4 il blokadada yaşadığını, işğal günü özünün və yaxınlarının başlarına gətirilən müsibətlər barədə xatirələrini tədbir iştirakçıları ilə paylaşdı. O, Xocalının işğalı ərəfəsində mühasirədə yaşayan əhalinin vəziyyəti, şəhərin zəbt olunması və insanların qarlı meşələri keçərək Ağdama doğru qaçması haqqında danışdı. O, həmin gecə bir çox yaxınlarını itirdiyini, girovluqda dayısına və xalalarına və digər qohumlarına işkəncə verildiyini, yüzlərlə insanın qətlə yetirildiyini və bəzi Xocalı sakinlərinin hələ də itkin olduğunu acı hissi ilə xatırladı. 11 yaşında ikən təsadüf nəticəsində sağ qaldığını qeyd edən A.Usubov bildirdi ki, onun iyirmidən çox yaxın qohumu ya öldürülüb, ya da itkin düşüb. Qeyd etdi ki, o dəhşətli gecədən sağ çıxan yüzlərlə xocalılı illər boyu psixoloji travmadan əziyyət çəkiblər.

Daha sonra çıxış edən Bosniyalı Azra Berbiç Srebrennitsa soyqırımı, Aleksius Batler isə Sudanda qətliam barədə məlumat verdi. Xocalı kimi digər qətliamlar üçün ədalətin, cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsinin, insanların travmadan qurtulmasının vacib olduğunu vurğuladılar. Professor köməkçisi Henri Keri Human Rights Watch təşkilatının Xocalı qətliamı barədə yazıları əsasında qətliam barədə fikirləri ilə bölüşdü. "Müsbət Sülh" tərəfdarı olduğunu, bütün qətliamların araşdırılmasının vacib olduğunu, ermənilərlə azərbaycanlılara arasında barışığın əhəmiyyət daşıdığını diqqətə çatdırdı.

ABŞ-ın Corciya Dövlət Universitetində bu konfrans ABŞ-da Azərbaycan səfirliyinin iştirakı ilə keçirmiş və Xocalı qətliamının 29-cu ildönümünə həsr edilmiş silsilə tədbirlərdən biri olub. Xatırladaq ki, son bir neçə gündə səfirliyin iştirakı ilə ABŞ-da yaşayan azərbaycanlı icmasının qatıldığı "Xocalı qətliamından xilas olanlar: ümidlər və möhkəmlik" mövzusunda vebinar, ABŞ-ın Yuta Universitetində səfir Elin Süleymanovun ötən ilki müharibə nəticəsində yaranmış vəziyyət və Xocalı qətliamı ilə bağlı vebinarda çıxışı, eləcə də Amerika Sefardi Federasiyası və Amerikalı Müsəlman Liderlik Alyansı tərəfindən Xocalı qətliamına həsr olunmuş tədbir təşkil olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri ilə ABŞ Konqresinin üzvləri arasında videokonfransda Xocalı qətliamı yad edilib.

Milli.Az