Xədicə Qayıbova: ağlına gəlməzdi ki, onu güllələyəcəklər...
21 Yanvar 2012 16:42
"Milli kadrları tamamilə məhv etmək, ilk növbədə, dünyaca məşhur, daim düşünən, mütaliə edən yenifikirli alimləri, mütəfəkkir və intellektləri arardan götürmək! 30-cu illərdə ölkəni idarə edən rəhbər klanın - qabaqcıl olan hər şeyi caynaqlayan qara əllərin niyyəti belə idi".
Ziya müəllim məşhur kitabında rus-sovet repressiyasının ilk iki ili ərzində 70 minə yaxın ziyalının həbs edilib güllələnməsini qeyd edir. Onların arasında alimlər, şairlər, yazıçılar, müəllimlər, mühəndislər, incəsənət xadimləri, maarif və mədəniyyət müəssisələrinə rəhbərlik edən dövlət, partiya məmurları da vardı. Düzdür, repressiya dalğası elm, ədəbiyyat sahəsi ilə müqayisədə musiqi sahəsində kütləvi hal almamışdı. Milli.Az "El" jurnalına istinadən bildirir ki, tədqiqatçı-alim Fərəh xanım Əliyevanın qeyd etdiyinə görə, 1937-ci il qurbanları arasında hələlik bizə məlum olan iki musiqiçi vardır: Xədicə xanım Qayıbova və Sergey Paniyev.
Bu yazıda biz Azərbaycanın ilk peşəkar qadın pianoçusu, fortepianoda muğamların ilk mahir ifaçısı Xədicə xanım Qayıbova haqqında söhbət açacağıq. Onu da qeyd edək ki, repressiya qurbanı olan Xədicə xanımın faciəli taleyi haqqında akademik Ziya Bünyadov, professor Rəfael Hüseynov, G.Mirzə, eləcə də Bakı Musiqi Akademiyası musiqi tarixi kafedrasının professoru Fərəh xanım Əliyeva da araşdırma aparmışlar. Milli Təhlükəsizlik Nazirliyində X.Qayıbovanın istintaq işi saxlanılır.
Xədicə Osman qızı Qayıbova -1893-cü il mayın 24-də Tiflisdə məşhur ruhani Osman Müftizadənin ailəsində dünyaya gəlib. Ana tərəfdən Xədicə xanım Terequlovlar nəslindən idi.
Atası Osman Müftizadə qızına mükəmməl təhsil vermək arzusunda idi. Ona görə də ailənin maddi vəziyyətinin imkan verdiyi dərəcədə bu arzusunu reallaşdırır. Qafqaz canişinliyinə yazılmış ərizəyə əsasən Xədicə xanım püşkatma üsulu ilə Tiflisdə "Müqəddəs Nina" qızlar məktəbinə daxil olur. Uşaq yaşlarından xüsusi istedadı ilə fərqlənən Xədicə ilk musiqi təhsilini də burada alır, elementar musiqi nəzəriyyəsini, fortepianoda çalmağı öyrənir. Özünün yazdığı kimi, onun müəllimləri L.N.Knini və Truskovski olmuşdur. 1911-ci ildə məktəbi bitirdikdən sonra Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu - mühəndis Nadir Qayıbovla ailə həyatı qurur. Qeyd etsək yerinə düşər ki, Mirzə Hüseyn Qayıbzadə "Məşhur Azərbaycan şairlərinin şeirləri" adlı dördcildlik toplunun müəllifidir. Qayıbzadə, həmçinin bütün Qafqazda məşhur olan Qori Müəllimlər Seminariyasında Azərbaycan bölməsinin açılmasının təşəbbüskarlarından biri olub. Qayıbzadə soyadlı 20 gənc bu seminariyada təhsil alıb. İstər Müftizadələrin, istərsə də Qayıbzadələrin Xədicə xanımın dünyagörüşünün və şəxsiyyətinin formalaşmasında böyük rolu olub. Bir müddət X.Qayıbova Tiflisdə tatar, yəni Azərbaycan məktəbində dərs deyir.
1919-cu ildə Qayıbovlar Bakıya köçür. Xədicə xanım artıq bu dövrdən konsertlərdə çıxış etməyə başlayır. O, fortepianoda xalq mahnıları və muğamlar əsasında improvizasiyalarla çıxış edir. Sovet dövründə X.Qayıbova musiqi mədəniyyətində daha fəal iştirak etməyə başlayır, pedaqoji sahədə bir sıra proyektlərlə çıxış edir.
Onun bu istiqamətdə fəaliyyəti maarifçilik missiyalı idi. Xədicə xanım Xalq Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdiri təyin olunur. Onun təşəbbüsü ilə "Qısamüddətli Şərq musiqi kursları" təşkil edilir, uşaq xoru yaradılır. "Şərq musiqi kursları" ləğv edildikdən sonra X.Qayıbova 1927-ci ildə ali musiqi təhsili almaq üçün Azərbaycan Dövlət Konservatoriyasında nəzəriyyə və bəstəkarlıqdan professor L.Abdan dərs alır. Muğam variasiyalarını ilk dəfə fortepianoda ifa edən Xədicə xanım sadəcə, bir musiqiçi olaraq qalmır, eyni zamanda dövrünün ictimai xadimi və görkəmli ziyalısı kimi də fəaliyyət göstərir. 1933-cü ildə sovet hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs kimi casusluqda ittiham olunaraq 3 ay müddətinə həbs olunur. Onu əksinqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da, heç bir sübut, dəlil olmadığına görə həbsdən azad edilir.
1934-cü ildən istedadlı musiqiçinin professional fəaliyyəti Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası - red.) nəzdində Elmi Tədqiqat Musiqi kabineti ilə bağlı olmuşdur. O, xalq dastanları, mahnı və muğamların toplanması ilə məşğul olur. Xədicə xanım enerjili, nikbin və təşəbbüskar bir qadın idi. Onun evi əsl musiqi ocağı idi. Burada mütəmadi olaraq musiqi məclisləri keçirilirdi.
Musiqi salonunun sahibi kimi o, ziyalıları - musiqiçiləri, şair və yazıçıları, elm xadimlərini, aktyorları buraya toplayardı. Salonun qonaqları arasında dövlət xadimləri, Bakıya qastrola gələn ifaçılar, müxtəlif tədbirlərdə iştirak edən xarici qonaqlar, xususilə Türkiyədən gələn alimlər, şairlər vardı. Bu axşamlara Ü.Hacıbəyov, R.Qliyer, L.Rudolf, L.Ab, M.Pressman, H.Sarabski, Bülbül, M.Qorovits, N.Milşteyn, F.Köprülüzadə, İ.Hikmət və başqaları təşrif buyururdular.
1937-ci ildə Xədicə xanım Qayıbova "xalq düşməni" kimi yenidən tutulur. Həmin ərəfədə ikinci həyat yoldaşı Rəşid Qayıbov da satqın kimi həbs edilir. Xədicə xanımı Türkiyənin xeyrinə casusluqda, müsavatçılara rəğbət bəsləməkdə ittiham edirlər. Onun həbsinə rəvac verən bəhanə (səbəb deyil, bəhanə!) XDİK-də saxlanılan, döyülərək neçə-neçə insanın cinayətkar kimi adına imza atmağa məcbur edilən Ə.Fərəczadənin ifadələri olur. Buradan isə qəribə "zəncir" başlanır: Ə.Fərəczadə X.Qayıbovanın adını artıq həbs edilmiş Dadaş Bünyadzadədən eşitdiyini söyləyir. Dadaş Bünyadzadə isə heç bir dindirilmədə musiqiçinin adını çəkməmişdi. Bütün bunlara baxmayaraq1937-ci ildə Xədicə Qayıbova satqın və casus ovunda ideal hədəf idi. Xarakteri etibarı ilə aktiv, ünsiyyətcil insan olduğundan Xədicə Qayıbovanın evində Cümhuriyyət dövründə də, sovet illərində də türk zabitləri, xarici qonaqlar çox olurdu. 1937-ci ildə keçirilmiş musiqi axşamları siyasi kontekstdə yad edilməyə başlandı.
Həmin həbs edilmiş Əli Kərimovun istintaq işində şahid qismində dindirilən məhbus M.Məmmədovun rast gəldiyimiz ifadəsi: "Qayıbovanın evində salonu var idi, burada məsul işçilər, hökumət üzvləri D.Bünyadzadə, M.Quliyev, Baba Əliyev, Ə.Kərimov, türkiyəli qonaqlar, F.Köprülüzadə görüşürdülər. Əli Kərimov 1930-cu ilədək mənimlə olan söhbətində Qayıbovanın məclisində olduğu söyləyirdi. Qayıbovanın birinci ərinin qardaşı... Müsavatın İstanbuldakı nümayəndəliyində katib olmuşdur".
X.Qayıbovanın adı müstəntiqlərin diktəsi ilə başqa tutulanların da "yadına düşür". R.Axundov guya Əli Kərimovun sözlərindən sonra Xədicə Qayıbovanın əksinqilabi, casusluq fəaliyyətini qeyd edir. B.Çobanzadə yenə də guya Zeynallının dediklərini yada salır və istintaqa belə məlumat verir: "Zeynallı mənə həm də deyirdi: əksinqilabi, millətçi təşkilat Xədicə Qayıbovanın türk əlaqələrindən də istifadə edir. "İttihadi-tərəqqi" partiyasının lideri Şükrü bəy Azərbaycan SSR-dən yolüstü keçərkən Qayıbova ilə görüşmüşdür".
Beləliklə,1938-ci il martın 16-da Azərbaycan Daxili İşlər Xalq Komissarlığı Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin 3-cü şöbə rəisinin müavini leytenant Tevosyan belə bir arayış tərtib edir: "Türk və ingilis qərargahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində Müsavat Partiyasının başçılarından olan Mustafa Vəkilovu gizlətmiş və onun qaçması üçün şərait yaratmışdır. M. Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatın üzvü kimi həbs edilmişdir. Göstərilənlərə əsasən, Qayıbova həbs edilib Azərbaycan SSR CM-nin 68-ci maddəsinə əsasən, istintaqa cəlb edilməlidir".
Məhz bu arayışa əsasən Xədicə xanım 1938-ci il martın 17-də Dövlət Təhlükəsizlik İdarəsinin 4390 №-li orderinə əsasən həbs edilir.
Professor Rafail Hüseynov Xədiə xanımın həbsi ilə bağlı qızı Alanqunun xatirələrini verir: "Alanqu xanım yada salır... Heyrətlənirəm: o vaxt 12 yaşı tamam olmamış qızcığazın yadında bütün bunlar nə qədər dəqiqliyi ilə qalıb. Alanqu xanım xatırlayır: "Gecə gəlmişdilər. Səs-küyə ayıldım. Anam həmin gəlişə nə qədər hazır olsa da, sarsılmışdı. Rəngi ağappaq idi. Bibim Nigarın əri general Şıxlinski qardaşım Əbdülkərimə gözəl bir şaşka bağışlamışdı.Əsl sənət əsəri idi. Divardan, xalçanın üstündən asılmışdı. Onu da götürdülər..."
Beləliklə Xədicə xanım həbs olunur.1938-ci il aprelin 28-dək Xədicə xanım müstəntiq tərəfindən 9 dəfə dindirilir. 1938-ci il mayın 7-də Xədicə Qayıbovanın işi üzrə istintaqın başa çatması barədə protokol tərtib edilir. İttihamnaməyə əsasən, Xədicə xanım Qayıbova Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə müqəssir hesab edilir. Azərbaycan SSR XDİK-in Xüsusi Üçlüyünün 1938-ci il 19 oktyabr tarixli qərarına əsasən, Qayıbova Xədicə xanım Osman qızı Türkiyə konsulluğu ilə əlaqələrinə və casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnməyə məhkum edilmişdir.
Əlbəttə, Xədicə xanım ona qarşı sürülən bütün bu qondarma ittihamlara görə cəzalandırılacağını bilirdi. Amma heç ağlına da gəlməzdi ki, onu güllələyəcəklər. Sonradan bu barədə "Xalq düşməni"nin arvadı kimi tutulmuş S.M.Əfəndiyevin həyat yoldaşı Zivər xanım Əfəndiyeva belə yazacaqdı: "Dustaqxana qadınlarla dolmuşdu. Onlar ərlərinə görə tutulmuş vəzifəli şəxslərin, hərbçilərin arvadları idilər. Mənim olduğum kamerada gözəl musiqiçi Xədicə xanım Qayıbova və 30 nəfərdən çox başqa qadınlar da vardı. Xədicə xanım çox iradəli, şux qadın idi. Özünü şux aparır, hərdən mahnı zümzümə edir, rəqs edirdi. Bir dəfə belə dedi: "Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb. Gərək özümü qoruyam, sarsılmayam. Eybi yoxdur, lap sürgünə də göndərsələr, məhv olan deyiləm. Orda da musiqi klubu düzəldib rəqs edəcəyəm, oxuyacağam, çalacağam. Qoy onlar sevinməsinlər...".
Amma nə yazıq ki, Xədicə Qayıbovanın məhkəməsi cəmi 15 dəqiqə çəkdi və güllələnmə hökmü verildi. Hökm 1938-ci il oktyabrın 27-də icra edildi.
Aradan illər keçdi. Bu hökmə rəvac verənlər özləri məhkəmə qarşısına çıxarıldılar. Zaman öz ədalətli hökmünü verdi...
1954-cü ildə Xədicə xanımın qızı Alanqu Sultanova anasının günahsız həbs olunması və güllələnməsi haqda Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edir və anası haqqında ətraflı məlumat istəyir. 1955-ci il aprelin 28-də Dövlət Təhlükəsizlik Komitəsi xüsusi şöbəsinin müstəntiqi Menyayev Alanqu Sultanovanın ərizəsi ilə bağlı bunları bildirir: "Qayıbova Xədicə xanım yoxlanmamış və səthi ifadələrlə ifşa olunub. İstintaq Qayıbovanın casusluğunu təsdiq edən heç bir material əldə etməmişdir. Buna görə də Azərbaycan XDİK Xüsusi Üçlüyünün 1938-ci il oktyabrın 19-da Qayıbova Xədicə xanım Osman qızının güllələnməsi haqda qərarı əsassız hesab edilmişdir. Qərar ləğv olunmalı və işdə cinayət tərkibi olmadığı üçün iş xətm olunmalıdır".
Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən, Qayıbova Xədicə xanım Osman qızına bəraət verilir, fevralın 29-da isə qızı Alanquya bu barədə arayış təqdim edilir.
İttihamnamədə yazıldığı kimi, iradəcə möhkəm Xədicə Qayıbova özünü "casusluqda" günahkar hesab etməmişdir. Doğrudan da onun heç bir günahı yox idi.
Milli.Az