Hollandiya parlamenti də Çinin uyğurlara qarşı soyqırımını tanıdı

26 Fevral 2021 10:39

Hollandiya parlamenti də Çinin uyğurlara qarşı soyqırımını tanıyıb. Musavat.com BBC Türkcə-yə istinadən bildirir ki, Hollandiyanın Nümayəndələr Palatasının əksəriyyəti Çində uyğurlara qarşı insan hüquqları pozuntularını "soyqırım" kimi tanıyıb. Beləliklə Hollandiya Çini soyqırımda günahlandıran ilk Avropa ölkəsi olub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, daha əvvəl isə ABŞ və Kanada Çinin uyğur türklərinə qarşı etdiklərini soyqırımı kimi qəbul edib.

Hollandiyanın baş naziri Mark Ruttenin rəhbərlik etdiyi Xalq Azadlığı və Demokratiya Partiyası (VVD) və digər sağ partiyalar tərəfindən dəstəklənməyən təklif, xristian partiyaların, liberal və sol müxalifətin səsləri ilə qəbul edilib.

Belçika Federal Məclisi də Hollandiyanın qəbul etdiyi qərara bənzər qanunu gündəmə gətirib.

Fransa və İngiltərədə Çinə qarşı sanksiya təkliflərinə dair müzakirələr davam edir.

İnsan haqlarını müdafiə edən təşkilatlar bildirir ki, Çinin son bir neçə ildə uyğurların yaşadığı Sincan bölgəsində ən azı bir milyon uyğuru saxlayaraq, onlara fiziki şiddət göstərib, uşaq dünyaya gətirməmək üçün qadınları sonsuzlaşdırıb, aborta məcbur ediblər.

Milli.Az