“Qarabağ"ı təbrik etmək lazımdır" - Aftandil Hacıyev

25 Fevral 2021 23:28

"Azərkeşlər  oyundan zövq aldı".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 17-ci turunda "Qarabağ"a məğlub olduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

- Bu gün həqiqətən çox maraqlı  oyun alındı. Düşünürəm ki, azərkeşlər oyundan zövq aldı. Əvvəlcədən də bilindiyi kimi, oyunun favoriti "Qarabağ" idi. Ancaq biz buraya məğlub olmaq üçün gəlməmişdik. İstəyirdik meydandan xal ilə ayrılaq. Hətta qapımızda ciddi qol epizodu da verməmişdik. Yalnız duran topdan buraxdığımız qol sonda nəticəni yekunlaşdırdı. Amma verilən tapşırığı futbolçuların dəqiqlilkə yerinə yetirməyə çalışması mənim xoşuma gəldi. Çəkinmədən oynadılar, eləcə də hücumda bir neçə epizod yaxalamağa çalışdıq. Təbii ki, son vuruşlar istədiyimiz kimi olmadı.

Bu gün "Qarabağ"ı təbrik etmək lazımdır. Vacib 3 xal qazandılar. Biz isə yolumuza davam edəcəyik. Bu oyunu tez bir zamanda unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq.

- Oyun ərzində əlinizə düşən fürsət qol ilə nəticələnsəydi bu gün 3 və ya 1 xalla meydanı tərk edə bilərdiniz?

- Qeyd etdiyim kimi, həqiqətən inamla gəlmişdik. Bundan əvvəlki oyunda, hətta 4:0 qalib gəldiyimiz oyunda da ciddi epizodlar verməmişdik. Sadəcə diqqətsizlikdəb qollar olmuşdu. Amma həmin oyunda belə 4-5 epizod yaxalamışdıq. Aminin epizodu isə demək olar ki, qol epizodu idi. Bu gün ümumiyyətlə, oyundan razı qaldıq. Ancaq istərdik ki, meydandan ən azı 1 xalla ayrılaq.

- Yeni 3 transferiniz var.  Bu gün meydanda idilər. Ümumiyyətlə bu 3 futbolçudan sizi ən çox qane edən kimdir?

- Bizim yeni futbolçularımız gec qoşuldular. Onlar fevral ayının əvvəlində qoşulmuşdular. Biz artıq hazırlığı keçmişdik. Yeni qoşulanlar da iki ay komandasız idilər. Yəni görünür ki, bir qədər onlara vaxt lazımdır. Vaxt da təbii ki, bizdə yoxdur. Ümumi durumumuza görə addımlar atmışıq, komandada oyunçu sayı da az olduğundan bəzi mövqelərdə çatışmazlılar var. Buna görə də yeni transferlər etdik. Bu gün istədikləri formada olmasa da, inanırıq ki, onlar bunu bərpa edəcəklər.

Milli.Az