İsraildə 16 yaşdan yuxarı əhalinin təxminən yarısına vaksinin ikinci dozası vurulub

24 Fevral 2021 21:43

İsraildə 16 yaşdan yuxarı əhalinin 48 faizdən çoxu koronavirus əleyhinə vaksinin ikinci dozası ilə peyvənd olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, vaksinin ilk dozası 4,5 milyon insana, ikinci dozası isə 3,1 milyon insana vurulub.

Ölkədə vaksinasiyanın kütləvi şəkildə davam etməsinə baxmayaraq, virus sürətlə yayılmağa davam edir. Fevralın 23-də İsrail Nazirlər Kabineti "Purim" bayramı ərzində komendant saatının tətbiqinə icazə verib. Bu il "Purim" fevralın 25-nə təsadüf edir. Komendant saatı cümə axşamı, cümə və şənbə günləri yerli vaxtla axşam saat 20:30-dan səhər saat 5:00-dək davam edəcək.

Worldometer saytının məlumatına görə, ötən sutka İsraildə 4 min 574 nəfər koronavirusa yoluxub, 38 nəfər həyatını itirib. Ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 761 mini ötüb, virus səbəbindən ölənlərin sayı isə 5 min 648 nəfərə çatıb.

Milli.Az