Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi memorandum imzaladı - FOTO

23 Fevral 2021 19:15

Fevralın 23-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində Baş prokurorunun müavini Elmar Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov arasında görüş keçirilib.

Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Milli.Az-a daxil olan birgə məlumatda bildirilir ki, görüşdə prokurorluq orqanlarında nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə tədrisin təşkili işinin daha da təkmilləşdirilməsi və müasir dövrün tələbləri baxımından qurulması üçün ardıcıl tədbirlər həyata keçirildiyi qeyd olunub. Prokurorluq orqanlarında tədrisin təşkili fəaliyyətinin beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədilə dövlət orqanlarının təlim-tədris mərkəzləri, aparıcı elm və təhsil, eləcə də bu sahədə qabaqcıl təcrübəsi olan ölkələrin müvafiq elmi qurumları ilə birgə tədqiqatların aparılması, dinləyici və təlimçilərin mübadiləsi, mütəxəssis hazırlığı və digər sahələrdə işgüzar əlaqələr qurulur.

Bildirilib ki, hər iki qurumun tədris mərkəzlərinin də bu sahədə uğurlu təcrübəsi mövcuddur və birgə əməkdaşlıq müvafiq dövlət qurumlarının əməkdaşlarının peşə hazırlığı səviyyəsinin artırılmasına mühüm töhfə verə bilər.
Görüş çərçivəsində tədbir iştirakçıları Baş Prokurorluğun yeni istifadəyə verilmiş inzibati bina kompleksi, o cümlədən Elm-Tədris Mərkəzi, mühazirə, praktiki məşğələlər zalları, müasir avadanlıqlarla təchiz edilmiş kriminalistik laboratoriya, dindirmə otaqları, habelə Vətən Müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya ilə tanış olublar.

Tədbir çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov tədris mərkəzləri arasında əməkdaşlığa dair memorandum imzalayıblar.

Tərəflər tədris, elmi-tədqiqat fəaliyyəti və digər müvafiq sahələrdə əməkdaşlıq, kadrların ixtisas və peşə hazırlığı səviyyələrinin yüksəldilməsi, zəruri ixtisaslar üzrə nəzəri bilik və praktik bacarıqlarının inkişafı üçün təlimlərin təşkil edilməsi, birgə elmi-tədqiqatların aparılması, innovativ layihələrin həyata keçirilməsi, fəaliyyət sahələrinə uyğun ayrı-ayrı məsələlər üzrə elmi-metodiki köməkliyin göstərilməsi və digər məsələlər üzrə əməkdaşlığa dair razılığa gəliblər.

Milli.Az