Koronavirus bitmədən quş qripi başladı VİDEO

23 Fevral 2021 11:51

Dünyanın bir sıra ölkələrində yüksək patogen quş qripi aşkar edilib. Bu xəstəliyin dünyanın bir çox yerlərində yayılması köçəri quşların miqrasiyası ilə əlaqəlidir. Xüsusilə son zamanlar qonşu ölkələrdə quş qripinin yayılması ölkəmiz üçün də böyük təhlükə yaradır. Mütəxəssislər qeyd edirlər ki, bununla bağlı qabaqlayıcı tədbirlər görülməsə daha ciddi fəsadlar törədə bilər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Rusiya, İran və Qazaxıstan kimi qonşu ölkələrdə quş qripinin yayılması bizim üçün də ciddi təhlükədir.  Azərbaycan da köçəri quşların miqrasiya marşrutu üzrə yerləşdiyinə görə biz də risk altında olan ölkələr sırasındayıq.

AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev deyir ki, yeni aşkar olunan quş qripi xüsusiyyəti baxımından əvvəlkindən fərqlənmir, yəni eyni təhlükə daşıyır. Sadəcə tək fərqi bu xəstəliyin bir neçə sereotipinin yayılmasıdır. Hazırda dünyada H5N8 virusu yayılır ki, artıq bu virus insanlarda da aşkarlanıb. Əlamətlərinə gəldikdə isə insanlarda olduğu kimi quşlarda da eyni respirator əlamətlər müşahidə olunur.

Qurum rəsmisi bildirib ki, insandan insana yoluxma hələ ki, qeydə alınmayıb. Amma dünyanın tərəddüt etdiyi odur ki, bu virus da mutasiya edə bilər və bu zaman Covid-19 kimi insandan insana keçə bilər. və bütün dünya üçün daha ciddi təhlükə yarana bilər. Burda əsas yoluxma hələ ki, xəstə quşlarla təmasdan keçir. Həmin heyvanın məhsullarından istifadəyə gəldikdə isə müəyyən qaydalara riayət etməklə bu virusdan özümüzü müdafiə edə bilərik.

Şöbə müdiri əlavə edib ki, yoluxmanın qarşısının alınması üçün müəyyən qabaqlayıcı tədbirlər görülməlidir. Hazırda vaksinasiya prosesi üzərində iş gedir. Amma bu da bizi yüksək patogenli quş qripindən sığortalamır. Burda başlıca şərt təsərrüfatda saxladığımız quşların köçəri quşlarla təmasına yol verməməkdir.

AQTA qeyd edir ki, hər hansı bir şəxsin təsərrüfatında səbəbi bilinməyən kütləvi tələfat baş verdikdə və ya ölü quşa rast gəldikdə mütləq şəkikdə agentliyin 1003 qaynar xətti vasitəsilə agentliyin regional bölmələrinə və Kənd Təsərrüfatı Nazirliyinin rayon baytarlıq idarələrinə məlumat versinlər.

Milli.Az