AMEA sürtkü materiallarının alınmasında yeni xammaldan istifadə edəcək

23 Fevral 2021 10:50

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan Təcrübə-Sənaye Zavodunda Təcrübə-Sənaye Zavodunda sürtkü materiallarının alınmasında yeni xammaldan istifadə olunacaq.

Yüksək Texnologiyalar Parkından Milli.Az-a verilən məlumata görə, uzun müddətdir ki, sürtkü materiallarının alınmasında xammal kimi texniki bitki yağlarından istifadə olunurdu. Lakin son zamanlar dünya bazarında bitki yağlarının qiymətində yüksək artım tempinin müşahidə olunması bu yağların başqa xammalla əvəzlənməsi zərurəti yaranıb. Buna görə də Təcrübə-Sənaye Zavodunda yeni nəsil sürtkü materiallarının alınmasında xammal kimi alfa-olefin əsaslı oliqomerlərdən istifadə olunması məqsədəuyğun hesab edilib.

Belə ki, Sumqayıtda fəaliyyət göstərən "Etilen-Polietilen" zavodunda istehsal zamanı yan məhsul kimi alınan izobutan-izobutilen fraksiyasının YT Parkda tətbiqi nəzərdə tutulub.

Bu məqsədlə texnoparkda ilk mərhələdə istehsal həcmi 10-20 litr olan pilot qurğusunun quraşdırılması və tədqiqatların aparılması planlaşdırılır. Alınmış oliqomerlər əsasında sürtkü materiallarının sınaq partiyaları əldə olunacaq. Bu nümunələrdə müsbət nəticələr alınarsa növbəti mərhələdə lazımi miqdarda alfa-olefin əsaslı oliqomerlərinin sintezinə imkan verən yarımsənaye qurğusunun layihələndirilməsinə və quraşdırılmasına başlanılacaq.

Milli.Az