Azərbaycanı qarışdırmaq istəyənlərin yuxusu qarışacaq - Xankəndi də, Xocalı da...

22 Fevral 2021 16:54

Azərbaycanın indiki Qarabağ siyasəti düzgündür və xalqımız addım-addım tam qələbəyə doğru gedir. Bu, tək mənim yox, ən qatı müxalif fikirləri ilə seçilən siyasi şəxslərin də bəyanatlarında, açıqlamalarında son zamanlar ən çox rast gəlinən tezislərdən birinə çevrilib. Bunun ən diqqətçəkən izahlarından birini məhz məşhur müxalifətçi və tanınmış siyasi ekspert Zərdüşt Əlizadənin son yazısında görmək mümkündür. 

Xəyalıyla yaşadığımız torpaqlara qovuşduq. Lələtəpəyə bayraq sancanda, Cocuq Mərcanlını azad edəndə sevincindən uçmağa qanadımız olmayan həmin insanlarıq. 1990-1994-cü illərin müharibəsində itirilmiş ərazimizin 75 faizi qeyd-şərtsiz azad olunub, qalan 25 faizi isə müəyyən şərtlə Azərbaycanın nəzarətinə qayıdıb. Amma bəziləri hələ də dodaq büzüb, ağız əyir. 27 il gözlədik. Bu illər ərzində qulaqlarımız ancaq "Problem Qarabağdır", "Qarabağ qayıtmayacaq" kimi fikirlərlə doldu. Reallıq isə 44 günə dəyişdi. Hər kəs kimi bizi də Xankəndində, Xocalıda, Ağdərədə, Əsgərənda nə vaxt bayrağımızın dalğalanacağı maraqlandırır. Amma bu tarix daha 27 il uzaqda deyil. Ölkəni qan çanağına çevirmək istəyənlərin sosial mediada pusqusuna düşüb yaydıqları dezinformasiyalardan guşa gələrək qazanılan qələbəyə kölgə salmaq istəyənlərin az olmadığını görüncə isə təəssüflənməmək əldə olmur. 

Gerçək dünyada siyasi mübarizəsini hakimiyyətə tam uduzandan sonra virtual dünyaya köçən radikal müxalif qüvvələr, müxtəlif platformalardan sosial medianın imkanlarından sui-istifadə edərək rus sülhməramlılarının Dağlıq Qarabağdan çıxması tələbi ilə müxtəlif çıxışlar edirlər, imza toplayırlar, məqalələr yazıb Qarabağın de-fakto itirildiyini deyirlər, Azərbaycanın "məğlubiyyətinə" yas məclisi qururlar. Onların küyünə gedən, internetdən istifadəni öyrənib bunu müasir biliyin zirvəsi hesab edən bir qrup çoxsaylı qaragüruh isə radikalların bu fikirləri ilə həmrəylik nümayiş etdirirlər. Amma Əbülfəz Elçibəyin rəhbərlik etdiyi partiyanın rəyasət heyətinin 19 nəfər üzvündən bu gün təkcə Əli Kərimlinin qalması, siyasətdən bixəbər olan qrupuna izah etmək üçün kifayət edir ki, Rusiya sülhməramlılarını indiki vəziyyətdə Qarabağdan çıxarmaq cəhdi nə ilə nəticələnə bilər. Hər çıxışları Ermənistan hərbi-siyasi rəhbərliyinin tezisləri ilə eynilik təşkil edən bu şəxslərin məqsədi, məramı bəllidir.

Noyabrın 10-na keçən gecə imzalanan üçtərəfli bəyanat ilə Azərbaycan Ermənistan üzərində Vətən Müharibəsindəki qələbəsini rəsmiləşdirdi. Bununla da Azərbaycan Prezidenti Ordumuzun şanlı qələbəsini diplomatik müstəvidə də taclandırmağı bacardı. Bu Bəyanat imzalanandan sonra Rusiya qətiyyətlə elan etdi ki, Qarabağ bütünlüklə Azərbaycan ərazisidir. Ermənistanın kapitulyasiya sənədi də adlandırılan bu Bəyanatla Azərbaycan bir güllə atmadan, şəhid vermədən işğalda olan keçilməz, sərt relyefi ilə seçilən üç böyük rayonunu (Ağdam 15 noyabr, Kəlbəcər 25 Noyabr, Laçın 1 dekabr) düşməndən azad etdi. Hər üç rayonun işğaldan azad olunması üçün indiki şəhidlərimiz qədər əlavə itki verəcəkdik. Bunu istər yerli, istərsə də əcnəbi ekspertlər bu günə qədər açıqlamalarında qeyd edirlər. Amma olmadı. Müharibə status yazacaq qədər asan deyil. Bir qarış torpaq uğrunda canlar vermişik.

Ali Baş Komandan 44 günlük müharibə müddətində hər fürsətdə xalqa müraciətində verdiyi mesaj kimi nəyi, nə vaxt, necə etməyi yaxşı bildiyini bu qərarı ilə bir daha sübut etdi. Buna əyani sübut kimi 10 Noyabr gecəsindən bu yana Ermənistanda davam edən, bir gün də olsun səngiməyən etiraz aksiyalarını misal göstərə bilərik. Lakin Azərbaycan bununla kifayətlənmək fikrində deyil. Qalan 25% ərazimizin də Azərbaycana tam qayıdana kimi dövlət başçısının siyasi manevrləri, diplomatik pressinqləri fasilə verməyəcək. Hər cümləsində ərazi bütövlüyümüzü milli məsələ adlandıran Prezident İlham Əliyevin qısa zaman kəsiyində sərkərdəlik keyfiyyətlərini təqdir edən məşhur müxalifətçi Zərdüşt Əlizadə də "Mən, ənənəvi müxalifət liderlərindən fərqli olaraq, hakimiyyətlə dövlət arasındakı fərqi görürəm və heç vaxt AXC-Musavat cütlüyünə bənzəyib hakimiyyət naminə dövləti bada vermərəm. Məhz buna görə deyirəm ki, İlham Əliyevin indiki Qarabağ siyasəti düzgündür və xalqımızı addım-addım tam qələbəyə aparır" deməklə həmkarlarının hakimiyyət hərisliyi ucbatından Azərbaycan xalqını qırğına verməyə, ərazilərinin yenidən işğala məruz qalmasına belə qol qoymağa razı olduqlarını açıq bəyan etdi:

"30 il keçib, ay camaat, bu 30 ildə dünya xeyli dəyişib, ə bə siz niyə dəyişməmisiniz? 1990-cı ildə xalqı fəlakətə sürükləyən AXC liderlərini qəhrəman saymaq olardı, çünki onların iç üzü hələ açılmamışdı, mafiyaya işlədikləri o vaxt hələ bəlli deyildi, bəs indi də bunu anlamırsınız?

Qarabağ, Azərbaycan və Ermənistan, Cənubi Qafqaz uğrunda mürəkkəb və mübhəm oyunlar gedir, Azərbaycan Respublikası bu oyunu şəksiz öz xeyrinə yönəldə bilib və bu vaxt bir ovuc dünyadan bixəbər vəzifə hərisi oyuna qatılıb öz ənənəvi cığallığı ilə qələbəmizi məğlubiyyətə çevirmək istəyirlərsə, bunun adını nə qoymaq olar?

Ay camaat, sayıq olun, xainlər heç cür sakitləşmək istəmirlər, onlar suyu daim bulandırmağa hazırdırlar.

Əminəm ki, bu dəfə alınmayacaq".

Prezident İlham Əliyevin Azərbaycanı addım-addım tam qələbəyə apardığını təsdiq edən bir etirafı isə elə erməninin öz dilindən eşidin. Xankəndidəki terrorçu xuntanın rəhbərliyinin yaydığı bəyanatlara görə, "hərbi vəziyyətin qüvvədə olmasını nəzərə alaraq yerli özünüidarə strukturlarına, yəni bələdiyyələrə seçkilərin iki il müddətinə təxirə salınmasına" qərar verilib. Bu məsələnin gündəmə gəlməsindən sonra ABŞ-dakı erməni icmasının tanımış üzvlərindən biri Artaşes Poqosyan Xankəndinin Bakıya tabe olmağa başladığı fikrini irəli sürüb. Son günlər erməni tərəfindən buna bənzər açıqlamalar, hayqırtılar get-gedə artmaqdadır. Təhlükəni hiss edən qazlar kimi çığıran düşmənin qorxusu isə Bakıda da eşidilir. 

Təhməz Əsədov
Milli.Az