Nadir Qafarzadə: "Rusiyada bir oğul övladım var, həyat yoldaşım bunu biləndə..."
6 May 2010 09:30
Emosional, çılğın, od püskürən çıxışları ilə yadda qalan Nadir Qafarzadə Milli.Az xəbər portalının qonağıdı. Nadir bu dəfə acı həyatından danışdı. Əslində onu elə sadə Nadir olaraq tanımağa dəyər. Çünki evində ailə başçısı olan Nadir maqazin verilişlərindən tanıdığımız "əjdaha"dan çox fərqlidir. Yeri gəlmişkən müsahibimiz qonaqpərvərliyi ilə də diqqətimizi çəkdi. Çox sadə ailəsi olan Qafarzadə səmimi etiafları ilə gah güldürdü, gah da ağlatdı.
- Nadir sənətə gəldiyin gündən çox dəyişdin. Nələr gəlib, nələr keçdi həyatından? Daha çox Nadir nəyə təəsüflənir?
- Təbii ki,təəsüfləndiyim, təəcübləndiyim, kədərdləndiyim anlar olur. Onlar olmasa, bəlkə də həyat maraqsız olar.Ancaq neynəmişəmsə, bu mənim yaşadıqlarımdı. İnsanın gənclik ili olur,şıltaqlıq da edirsən, ərköyün də olursan. Zaman keçdikcə yaşa dolursan, kimilliyə doğru addım atmağa başlayırsan.Dünyagörüşün də, həyata baxışın da artır. Artıq həyata başqa bucaqdan baxırsan, görürsən ki, sən artıq təkcə özün üçün yox, ətrafında sənə dəyərli ola insanlar üçün yaşamalısan. Mən də ailəm üçün yaşayıram. Bu gün mən artıq özümü düşünüb yaşamıram. İki övladım, həyat yoldaşım var. Mən onlar üçün yaşayıram. Artıq hiss edirəm ki, yaşa doluram,baxmayaraq ki, çoxu mənə gənc kimi baxır. Ola bilər yaxşı qalmışam. Amma daxilən özümü artıq çəkili hiss edirəm. Artıq mənim oğlumun 14 yaşı var. Artıq oğlum mənimlə danışanda kişi kimi danışır. O şıltaqlıqları artıq kənarda qoymağa məcburam. Çünki mən artıq oğullarım qarşısında da hərəkətlərimə cavabdehlik daşıyıram. Əvvəllər efirdə səslənəcək hər hansı bir sözə aqressiv cavab verirdimsə, indi qıcıqlandırıcı məqamlara sakit reaksiya verməyə başlamışam. Axı tamaşaçı məni həmişə aqressiv, od püskürən, şıltaq, qalmaqallı Nadir kimi tanımışdı. Artıq bu gün mənim üçün həyatın başqa bir məqamı, başqa bir dönəmi başlayıb.
- Bəs o çəkini daşımaq nə qədər çətindir?
- Mənim bu gün yaşım artıq bunu tələb edir. Çətin də olsa, belədir. Pis mənada başa düşülməsin, ağlamaq kimi səslənməsin, baxmayaraq ki, evdə 5 bacım, 1 qardaşım olub, həmişə özümü həyatda tək hesab etmişəm. Mən tək yaşamağı və tək mübarizə aparmağı xoşlayıram. Bu yolu seçmişəm, heç kimdən kömək ummuram. Heç vaxt dərdimi kimsə ilə bölüşmürəm. Bölüşə bilərəm, ancaq kömək istəmirəm. Çünki o mənim problemimdir, mənim dərdimdir. Ancaq çoxları var ki, dərdini mənimlə bölüşür, məndən kömək istəyir. Belə olanda bir az özümü güclü hesab edirəm. Bəzən öz yükümü, dərdimi unuduram. Mən mübariz insanam. Fəxr edirəm ki, bu gün Nadir olaraq özümü sevdirə bilmişəm, özüm öz ayağım üstündə durmuşam. Mən öz vacibliyimi sübut edə bilmişəm, buna görə özümə minnətdaram. Fərqi yoxdur bu sübut necə olub, qalmaqalla, şıltaqlıqla, əsas odur ki, bu gün varam. Olur ki, mən bu gün verilişə çıxmıram, ancaq adım hallanır. Bu o deməkdir ki, Nadir diqqətdədir.
- Səmimi cavab ver, dedin oğlanların böyüyür, onların düşüncə tərzi ilə, həyat tərzi ilə ayaqlaşmağa çalışırsan? Ümumiyyətlə, oğlanların sənə irad bildirir?
- Bir neçə il bundan qabaq böyük oğlum Loğmanla müəyyən söhbətlərim olub. Onu da deyim ki, o, fərqli bir uşağdır. Baxmayaraq ki, 14 yaşı var, onunla söhbət edəndə elə bilirsən ki, 30 yaşı var. Onun düşüncəsi, xasiyyəti də başqadır, ağır təbiətlidir. Əslində onun ağır təbiətli olmağından xoşum gəlir. Özüm zarafatcıl, şən insanam. Ancaq ağır təbiətli insanlara həmişə hörmət edirəm. Açığını deyim ki, Loğmandan çəkinirəm. İstəmirəm ki, o mənə görə xəcalət çəksin, utansın. Heç onun məktəbində bilmirlər ki, o, mənim oğlumdur. Bunu deməyi sevmir. Heçvaxt kamera qarşısına çıxmayıb, həmişə kameradan qaçır. Deyir ki, mən istəmirəm məni sənin oğlun kimi görüb hörmət etsinlər, istəyirəm ki, mənim özümə görə məni tanısınlar, dəyər versinlər. Deyir ki, istəmirəm Nadir Qafarzadənin oğluyam deyə mənə hörmət etsinlər. Futbolçu olmaq arzusundadır, ciddi futbolla məşğul olur. Futbol onun xobbisidir. Ancaq diplomat olmaq da istəyir. Məşqçisi mənə telefon açaraq xahiş edib ki, onu futboldan ayırmayım, gələcəyi var. Olsun, qoy futbolçu olsun. Ancaq başqa bir sənətinin də olması vacibdir. Bir sözlə, ac qalmasın. Ata olaraq oğlanlarımla bağlı arzularım çoxdur. "Babək" filmində belə bir ifadə işlənir, deyir ki, tuluqda zeytun yağı satan kişinin oğluyam, sənsə Babəkin oğlusan. Çox böyük məna var bu fikirdə. Mən özüm atasız böyüdüm. Atam dünyasını dəyişəndə 12 yaşım var idi. İstəmirəm onlar əziyyət çəksinlər. Çünki mən bu həyatda çox əziyyətlər çəkmişəm. Ancaq onu da demişəm ki, həyatda tək mənə güvənməyin. Bir gün mən olmaya bilərəm. Siz özünüzə arxayın olmağı öyrənin. Ancaq arxalarında bir ata olaraq həmişə varam. Əllərindən həmişə tutmağa hazıram. Bütünlükdə mənə güvənmələrini istəmirəm. Ata olaraq bütün təminatlarını ödəyəcəm. Ancaq cəmiyyətdə şəxsiyyət olaraq yetişmələrini istəyirəm. Özləri düzgün, sərbəst qərar verə bilsinlər. İstəyim budur. Atanın borcu nədir? Onları oxutsun, evlə təmin etsin, evləndirsin. Necə deyərlər, qızılını, bazarını alsın. Bir də ən bahalı nə ola bilər, maşın. Bunu alıb verirsən. Bunu da ali məktəbi bitirdikdən sonra etmək olar. Mən başqa cür atayam. Nə qədər deyib-gülən insan olsam da, ata olaraq ciddiyəm.
- Həmişə şıltaq tanınan Nadir ailədə doğrudanmı ciddidir?
- Ailədə çox ciddiyəm. Bunu mənə yaxın olan insanlar bilirlər. Anaları bəzən ciddi olduğum üçün narazılıq edir, deyirəm ki, qoy uşaqlar həyata hazırlıqlı olsunlar, bərkdən-boşdan çıxsınlar. Mən istəmirəm ki, onlar həmişə mənə güvənib işləməsinlər, çalışmasınlar. Çünki məni heç kim saxlamayıb. Anam məni evləndirdi, bir ay idi ailə qurmuşdum, verdi arvadımı da qoluma, dedi get, mən borcumu yerinə yetirdim. İndi özün yaşa. Danışıram, tüküm ürpəşir. Bakıya gəldim, işsiz-gücsüz bir adam idim. Nə evim, nə işim var idi. Sağ olsun yoldaşımın qohumları, mənə imkan yaratdılar. Onların kölgəsində yaşamalı oldum. Fikirləşdim ki, nə vaxta qədər belə olacaq?
- O dönəmi yaşamaq, bu gün xatırlamaq nə qədər çətindir?
- İnanın ki, indi danışıram, xatırlayıram, özüm də şoka düşürəm ki, bunlara necə dözmüşəm, bu yolları necə keçmişəm? Axı mən insan idim. Dəmirdən deyildim axı. Ancaq yaşamışam, həm də çox ağır həyat. Şahid mənim yanımdadır.
(Üzünü həyat yoldaşına tutub, doluxsunur).
17 ildir mənim dostum, sirdaşım həyat yoldaşımdır. Bizim onunla ac günlərimiz olub. Onu heç kim bilməyib, bir o bilib, bir də mən. Bu gün bunu etiraf etməyə çəkinmirəm. Çünki mən bunları yaşamışam. Ac olduğumu anam belə bilməyib. Anamgilə getmişik, üzr istəyirəm, həyat yoldaşım hamilə olub ora gedəndə. Anam ancaq qızlarının problemindən danışıb. Məni soruşmayıb, bilməyib ki, mənim evimdə qazan asılmır. Cibimdə pulum olmayıb, qatara minmişəm, konduktoru aldatmışam, birtəhər o biri qatara keçmişəm. Qayınanam, qayınatam bizə tez-tez gəlib baş çəkirdilər. Onlar soyuducunu açıb baxmaq istəyirdilər ki, nəyə ehtiyacımız var? Yoldaşım əlini soyuducunun qapısına qoyurdu ki, hər şeyimiz var. İstəmirdi bilsinlər. Ancaq heç nəyimiz yox idi. Hətta quru çörəyimiz belə.
(Göz yaşlarını saxlaya bilməyib ağladı).
Bu çətin həyatı yoldaşımla bir keçmişəm. O məni heç vaxt bu yolda tək qoymayıb. Bunu dərd olaraq sizə açmıram. Sadəcə, xatırlamaq üçün söhbət edirəm. İnsan keçmişindən utanmaz. Həmişə də səbr etmişəm, ancaq onu da deyim ki, həsəd də aparmışam. Hətta zaman-zaman paxıllıqlarım da olub. Bu, insan üçün bəlkə də adi hisslərdir. Onu yaşamayınca başa düşmək çətindir. Hətta elə məqam olub ki, özümə qəsd etmək istəmişəm. Çünki o, həyat deyildi. Maaşımı alırdı, yarısı borclarıma gedirdi, o biri aya çatdıra bilmirdim. Axşam "28 May" metrosunda vağzal deyilən yerə gedirdim. Kənd camaatı ora mallarını gətirib satardı. Axşam gedirdim ki, bir az ucuzluq olsun. Ətin yaxşısını ala bilmirdim. O əti bu gün kimə versən, bəlkə də yeməz. Ancaq məcbur idim. Ac qalmamaq, ölməmək üçün buna məcbur olurdu. Şükür Allaha, bu gün hər şey yaxşıdır, ağlamıram. İki övladımı itirmişəm. Bunları da o həyatla bağlayıram, aclıqla, səfilliklə. Şükür Allaha indi övladım, ailəm, evim, hər şeyim var. Allahımdan razıyam ki, məni o palçıqdan çıxardı. Boğulurdum. Məni o bataqlıqdan çıxardı ki, yaşa. Bu gün düşünürəm ki, demək, mən yaşamağa layiq insan olmuşam ki, Allah məni bu həyatdan çıxarıb, belə bir həyat qismət etdi.
- Sevinc xanım o dönəmlərdə sizə nə qədər dəstək ola bilirdi? Axı maddiyyət çox zaman ailələrdə problem yaradır...
- Yox, Sevinc xanım həmişə mənə dəstək olub. O məndən daha dözümlü idi. Ancaq çətinliklər bəzən hər ikimizi çox ağrıdırdı. Bir şeyi heç vaxt unutmaram, iki övladımızı itirəndə qərara gəldik ki, bəlkə ayrılaq. Bax danışıram, yenə də məni qəhər bürüyür.
(Göz yaşına sahib ola bilmədi. Əməlli-başlı ağladı. Bir az sakitləşdikdən sonra söhbətimizə davam etdik).
Mənə elə gəlir ki, hər ikimiz biri-birimizə dəstək olduq. Biz evlənəndə and içmişdik ki, həmişə biri-birimizə sadiq olaq. Mən evlənmişəmsə, bir ömür üçün evlənmişdim.
- Sevib evlənmişdiz?
- Bəlkə də bu ilk baxışdan sevgi idi. Zaman olub ki, elə bilmişəm Sevinc mənim anamdır, atamdır, bacımdır. Bir sözlə, Sevinc mənim varlığımdır. Üzünə demirəm, ancaq mən həyatımı onsuz təsəvvür edə bilmirəm. Bir il bacımı görməsəm, heyifsilənmərəm. Ancaq bir gün onu görməsəm, ürəyim partlayar. Demirəm ki, söz-söhbətimiz olmur, olur. Söz-söhbətimiz də, lap 41-45-in müharibəsi də baş verir. Ancaq o müharibə qısa olur.
- Barışıq üçün ilk addımı kim atır?
- Çox vaxt mən atıram. Mən kin saxlamağı bacarmıram. Hərdən olur ki, birindən küsürəm, sonra peşman oluram ki, niyə küsdüm? Mən tez alışıb, tez sönürəm. Ancaq Sevincdə bir balaca kinlik qalır. Olur ki, Sevinc məni 5 gün də danışdırmaya bilər. Ancaq mən tez könlünü almağa çalışıram. (Gülür). Həyatdı da. Heç kimə söz atmıram, kiminsə taleyi gətirməyə bilər, kimsə çətin həyat yaşaya bilər, ancaq ailə qorunmalıdır. Ailəni müqavilə ilə qurmazlar. Kimə görəsə, kimlərə görəsə evlənib ailəm var demək, özünü göstərmək düzgün deyil. Ailə başqa bir məfhumdur. Ailə aclığa da dözməlidir, kasıblığa da. Varlananda da, o ailə yanında olmalıdır. Əgər bu çətinliklər üzündən ailə dağıdılırsa, onda mən 5-6 dəfə evlənib-boşanmalı idim.
- Səmimi ol, heç Sevinc xanıma xəyanət etmisən?
- Mənim hərbi xidmətdə olarkən böyük bir sevgim olub. Sevinc burda yoxdur, indi rahat danışıram. Sevincə o vaxt açıqladım ki, artıq evlənmişdik. Hətta Rusiyada bir oğul övladım var. Hardasa 19 yaşı olar. Bunu biləndə Sevinc çox pis reaksiya verdi. Dedi gərək əvvəldən deyəydin. Aramızda gərginlik yaşandı.
- Heç o övladınla əlaqən var?
- Yox. Heç istəmirəm də, artıq mən hər şeyi unutmuşam. Amma əvvəl istəyirdim gətirim. Anam xeyir-dua vermədi. Dedi, səni övladlıqdan çıxararam. Anası da gəlmək istəmədi. Evlənəndən sonra Sevinc bunu biləndə dedi ki, səninlə yaşamıram. Çox çalışdım ki, başa salım ki, sənə qədər olub. Dedi ki, gərək əvvəldən deyəydin. O vaxt mənim qabağıma elə bir şərt qoydu ki, o şərtdən sonra mən ona xəyanət edə bilməzdim. Müqəddəs kitabımız olan "Qurani Kərim"i gətirib qoydu qabağıma, and içdik. Dedik ki, həyatımızda hər şey ola bilər, xəyanətlə yalandan başqa. Mən də ona hər şeyi bağışlayaram. Nəinki həyat yoldaşıma, heç bacıma, qardaşıma da xəyanəti bağışlamaram. Onu da deyim ki, ikimiz arasında əhdi-peyman bağlamışıq. Olub ki, elə bir vəziyyət yaranıb ki, yolumdan azdırsınlar, ancaq getməmişəm, ayılmışam. Yaxşı ki, ayılmışam. Demirəm ideal oğlanam, ideal ailə başçısıyam. Ancaq özümə məxsus müsbət cəhətlərim də var. Mən yaxşı dost ola bilərəm. Ancaq mənimlə bu gün dostluq edənlər çox vaxt onu pula görə edirlər. Bu gün mənim dostum yoxdur. Mənim dostum Sevinc xanımdır, bir də iki oğlum. Bu gün mənimlə dostluq edənlər, sabah zəng vurub deyir ki, mənə filan qədər pul lazımdır. Anam rəhmətlik deyərdi ki, kişi ilə dostluğu ya puluna görə, ya da arvadına görə edirlər. Onlar bunu görürmüşlər, bu gün də mən görürəm. Ona görə də mənim dostum yoxdur.
- Tanınandan sonra dost-tanışın, qohum-əqrəban çoxaldımı?
- Biz Keşlədə yaşayanda Sevinc mənə deyirdi ki, ay Nadir, sənə xalanqızı, əmin qızı zəng vurmuşdu, nə bilim filankəslər zəng vurmuşdu. İnanın ki, adlarını belə tanımırdım. Ancaq çətin vaxtlarımda onların heç birisi yox idi. Heç kimin yadına düşmürdüm. Həmişə yoldaşımın qohumları bizə kömək ediblər. Uşağıma süd-qatıq lazım idi. Amma kənddən bunlar mənə gəlmirdi. Yoldaşımın xalası yardım edirdi. Qayınanam maaş alırdı, alim adamdı, alimlər nə alır ki? Gətirib o pulu mənə də yox, Sevincə verirdi ki, pis olmayım. Sınmayım deyə, mənə onu bildirmirdi. Olub ki, anamın yadigarı olan xalını satmışam ki, ac qalmayaq. İndi təəssüflənirəm. Çox qədim, bahalı bir xalça idi. Ancaq qəpik-quruşa satdım ki, çörək ala bilək. Anam öz nişan qolbağını mənə hədiyyə etmişdi. Brilliant qaşlarla bəzədilmişdi. Onu da satdım. Düzdür, o qolbaqların yerinə sonradan ondan da bahalılarını aldım. Ancaq o olmadı. Elə bilirəm ki, anam ona görə məni lənətlədi. Evimizə gəldi, dedi xalça gözümə dəymir. Dedim dürmələmişəm, kravatın altındadır. Dedi satmısan, ay əclaf. Dedim hə. Yenə də bildirmədim ki, ehtiyacım çox idi. Nə isə... Bu gün məni əməlli-başlı ağlatdız.
- Niyə atandan danışmırsan?
- Atamı xatırlamıram. Xatırlayarım e, az-az. Atam məni çox istəyib. Ancaq istəyirdi ki, bərkə-boşa salsın ki, dözümlü olum. Yəqin ki, həyata hazırlamaq istəyirdi. Çox dalımca düşürdü. Atam yaşlı idi. Anamla onun arasında 16 yaş fərq olub. Mənim 12 yaşım olanda onun 70 yaşı var idi. Təsəvvür edin. Atamın həyatı, dünyası başqa olub. İndi deyirlər e, o, avtoritet dünyanın adamı olub. Kriminal dünyasına yaxın bir adam olub. Vurub-çapan biri idi. 14 il bu adam həbsxana həyatı yaşayıb. Onun anasına söyüblər, ermənini götürüb qır qazanına atmışdı, 14 il yatmışdı. Hətta "Avtoritet" jurnalında o vaxt adı çıxmışdı. Mən bununla fəxr etmirəm ki, atam avtoritet olub. Ancaq hər halda atam bu olub. Qazanan olub. Ticarətlə məşğul olub. Əli də həmişə pulla oynayıb. Ancaq qohumlar üçün yaşayıb. Onun ləqəbi var idi, Qəqə əmi deyirdilər ona. Övladları üçün eləmədi. Elə bir evimiz var idi. Rəhmətə gedəndə 6 uşağı anamın üstünə qoyub. Atanın pisi, yaxşısı olmur. Ata atadır. Onu da deyim ki, uşaqlıqda ərköyün olmuşam, həm də çox şıltaq idim. Burdan döyürdülər, ordan yenə də elədiyimi edirdim. Anam həmişə deyirdi ki, səndən adam olmayacaq. Deyirdi ki, səndən narahat gedirəm.
- Anan heç olmasa, yaxşı günlərini görə bildi?
- Anam 2003-də rəhmətə gedib. Artıq 2000-ci ildə mən Dövlət Televiziyasında çıxış edirdim. Az-çox tanınırdım. Gördü, ancaq az gördü. Şadlıq evində çalışırdım, az-çox qazanırdım. Hər toydan 15 şirvan alırdım. Bircə bacımdan narahat getdi. Ailəsindən boşanmışdı deyə, çox narahat qaldı. Öləndə də yetimlərini mənə tapşırdı. Mən də bu gün o tapşırığı yerinə yetirməyə çalışıram. Vicdan əzabı çəkməyim deyə, bacımgili axtarıram. Bu gün yemək yeyəndə düşünürəm ki, görən bacılarım, qardaşım nə yeyir? Ancaq vaxtında onların vecinə belə gəlmirdi ki, mən adda qardaşları var, acdı, susuzdu. Özümü nə qədər məcbur etsəm də, ürəyimlə bacarmıram. Deyirlər ət dırnaq məsələsi var, məndə də ət-dırnaq idi də.
- Hesab eləmirsən ki, Allah səni sınağa çəkib?
- Təbii ki, belə düşünürəm. Yəqin ki, o sınağı keçməliymişəm. Şükür Allaha bu gün maddi çətinliyim çoxdur. Bacıma-qardaşıma kömək edirəm. Bu ruzini mənə Allah verir. Mən ömrü boyu tək yeməyi bacarmamışam. Gülməyin, hətta qonşumu da fikirləşirəm. İnanırsız? Hamının fikrini çəkirəm. Özüm əziyyət çox çəkmişəm deyə, istəmirəm kimsə əziyyət çəksin. Mən insanlara qarşı laqeyd ola bilmirəm.
- Son vaxtlar sanki kənara çəkilmisən? Bugünkü şou-biznesdən danışaq...
- Özünüz də görürsüz ki, bu aləmdən çəkilmişəm. Bir az ciddi sənətlə məşğul olmağa çalışıram. Əvvəlki şou-biznes deyil. İndi hər şey bəsitləşib. Bayağı olub. Yüngülləşib şou-biznes. Bizim vaxtımızda da var idi, amma belə deyildi. Şou-biznesə maraq var idi, indi maraq qalmayıb. Biz də qalmaqal etmişik, bunu dana bilmərəm. Ancaq indikilər edəndə də maraqlı olmur. Özüm də baxanda əsəbiləşirəm. 10 il bundan qabaq bizim etdiyimiz qalmaqallar bəlkə də maraqlı idi. İndiki tamaşaçı üçün bunlar maraqlı deyil.
- Sənin bu gün sənətdə olmağın kimləri narahat edir?
- Ola bilər kimlərisə narahat edir. Şou-biznesdə dediyim kimi dostum yoxdur, amma hörmət etdiyim insanlar var. Sağ olsunlar, bayramlarda təbrik edirlər, mesaj göndərirlər. Kimsə məni böyük bilirsə, mən də böyüklüyümü qorumağa çalışıram. Bu da onu göstərir ki, mən bu illər ərzində özümə hörmət qazana bilmişəm. Kimisə narahat edirəmsə, bu, onun problemidir. Bu gün hamımız efirə çıxırıq, hamımızın toyu var. Ona görə də heç kim heç kimin paxıllığını çəkməsin. Mən yaltaqlığı sevmirəm, kim məni sayırsa, mən də o adamı sayıram. Adam var ki, mən elə həmişə ona can-can deyirəm, o da mənim dalımca danışır, artıq o adama ikinci dəfə can deyə bilmirəm.
- Həmin adamları çox narahat edirsən?
- Yəqin narahat edirəm ki, dalımca danışırlar. Mən fikirləşirəm ki, salam Allah salamıdır. Xoşlasalar da, xoşlamasalar da bu belədir. Düşmənimə belə salam verə bilirəm. Ancaq sənə "yavnı" hörmətsizlik edəndə onda deyirəm ki, sənə salam verənin... Mənə elə gəlir ki, xalq musiqilərindən tutmuş, estrada musiqilərinə qədər ifa edənlərin bir çoxları ilə münasibətim yaxşıdır. Mən heç vaxt özümü öyməmişəm. Çox vaxt da məclislərdə sənətə təzə gələnlərin yanında otururam. Özlərinə populyar deyənlərin masasında oturmuram. Zaman olub ki, mənim yanımda oturmağı özünə yaraşdırmayanlar olub. Deyib ki, sən kimsən? O xanıma mənim hörmətim var, adını çəkən deyiləm.
(Çox israr etdik, nəhayət adını açıqladı). Vaxtında veriliş aparırdı. Söhbət Ceyran xanımdan gedir. Onun "Sən bir nəğmə" adlı verilişi var idi. O verilişdə çıxış etmək istəyirdim, demişdi o kimdir? Sonralar mən onu Ceyran xanıma deyəndə dedi ki, ola bilməz mən belə deyim. Yəni məni də vaxtında bəyənməyənlər var idi. Bu gün hesablaşırlar. Heç vaxt "heç vaxt" demə.
- Elə hərəkətin olubmu ki, bu gün ondan utanırsan?
- Olub. Ümumiyyətlə, mən tez özümdən çıxanam, emosinalam. Danışanda da bu hiss olunur. Mən toya gedirəm, deyirəm ki, bu günü yola verəcəm. Gəlib mənə yaxınlaşıblar ki, Nadir müəllim, sizə nə olub, axı siz belə oxumurduz? Evdə probleminiz var? Camaat hiss edir. Dərhal dəyişirəm, yenə də o emosiyam qayıdır. Yəqin camaat həmin vaxt fikirləşər ki, bu dəlidir. Bayaq başqa cür idi, indi başqa cür. Ancaq beləyəm. Nə edim? Deyəsən, çox mən-mən dedim. Ancaq neyləyim, məndən danışırıq. (Gülür). Mənfi xüsusiyyətlərim var, ancaq müsbətlərim çoxdur.
(Sonra bir balaca imkan tapıb Sevinc xanımla qeybət etdik. Maraqlandıq görək Nadir evdə necədir? Ailə başçısı kimi çoxmu deyib-güləndir, yoxsa... Suallarımızı Nadir Qafarzadənin həyat yoldaşı cavablandırdı).
- Sevinc xanım, Nadir evdə də belə həmişə danışan-güləndir? Mənfi xüsusiyyətləri varmı?
- Yox, evdə çox vaxt ciddi olur. Xüsusilə də uşaqlarla ciddi olmağa çalışır. Mənfi xüsusiyyəti odur ki, tez özündən çıxır. Elə olanda çalışıram ki, gözünə görünməyim. Bir az sonra sakitləşir, elə bil əvvəlki adam deyildi. Ancaq çox ürəyikövrəkdir. Adi bir söz onu ağlada bilər. Yanında bir dənə ağlayan otursa, o da onu qoşulub ağlayar.
- Evdə necə, sizə kömək edirmi?
- Səmimiyyətimə inanın, çox gözəl həyat yoldaşıdır. Bəzən evdə də kömək edir. Ümumiyyətlə çox ailəcanlıdır. Heç vaxt əmr etməyib. Çalışır ki, boş vaxtını ailəsi ilə, uşaqları ilə keçirsin.
(Yenidən üzümüzü Nadirə tutduq).
- Cadu-pitiyə, göz-nəzərə necə, inanırsız? Heç falçı yanında olmusuz?
- Yalan deyim ki, olmamışam, olmuşuq. Əvvəllər inanmazdım. Ancaq sonralar inanmağa başladım. Bu yaxınlarda bir yerdə qəhvə içirdim, falıma baxdılar. Dedi ki, səndə nə qədər göz-nəzər, əməl var? Dedi ki, elədiyin yaxşılıqlar imkan verir ki, sənə pislik edə bilsinlər? Cadu-pitiyə inanıram. Evimizdən onları çıxarıblar. Allahın pis əməllərdən xəbəri olmur. Bir ara çox xəstələndim. Öldüm, ölümdən qayıtdım. Sonra mənim üçün baxdılar, dedilər ki, tez göz-nəzər götürürsən. Dedi ki, olanını göstərmə, axı mən nə edim ki, efir adamıyam? Gəlirlər çəkirlər, evimi görürlər. Əgər icazə verməsəm, elə çıxır ki, qonağı qovuram. Bizim həyatımız göz qabağındadır.
- Özünə ayırmağa vaxtın qalır?
- İnanın ki, bəzən yox. Ancaq heç kimə də yox deyə bilmirəm. Hərdən Sevinc deyir ki, denən yoxuq, Bakıda deyilsən. Deyə bilmirəm, bacarmıram. Özü də nədənsə, məndən tez inciyirlər. 10 dəfə yaxşılıq edim, ancaq bir dəfə hansısa məsələdə etiraz edim, inciyirlər. Elədiyim 10 yaxşılıq yaddan çıxır. Birinin qohumlarının toyuna 5 dəfə getmişəm, bir dəfə getməyəndə inciyirlər.
- Depressiyaya düşdüyün vaxt olub?
- Olub. Hətta ailədən də heç kimi görmək istəmirdim. Evdəkilər mənə cin-şeytan kimi görünürdülər. Evdən qaçmaq istəyirdim. Heç yerdə qərar tuta bilmirdim. Gecə ilə maşına minib harasa gedirdim ki, sakitləşim. Bilmirəm o təsadüf idi, yaxud hansısa bir əməl, ancaq olub. Dedilər ki, evinə ölü torpağı töküblər. Nəsə təmizlədilər. Dedilər ki, bir də heç vaxt dua yazdırma, sənə dua yazdırmaq düşmür. Allaha üz tut, o kömək olar. Nə sevgi, nə məhəbbət, nə ruzi duası yazdırmamağı məsləhət gördülər. Etiraf edim ki, indiyə qədər yazdırmışdım. Daha yazdırmıram. Evimdə də nə var idi, çıxarıb atdım. Dedilər ki, axşamüstülər hərdən öz uşağının maçasını blokun qabağına tök. Cadu-duanı da o təmizləyər. Bir də bir açar verdi bir baxıcı mənə. O açarı verib dedi ki, bu qıfılı evində saxla, heç bir cadu sənə təsir etməz. Bax belə. İndi nə istəyirəmsə, Allahdan istəyirəm. O gün bir balaca depressiyanın havası gəlmişdi. Allahıma dua etdim, keçdi getdi. Şükür Allaha toyum da var. Elə insanlar mənə zəng vurub toylarını aparmağı istəyirlər ki, hərdən mat qalıram. Bu insanlarla telefonda danışanda əsirəm. Telefonu qoyandan sonra deyirəm ki, Allahım, gör kimlər mənə zəng vurub uşaqlarının toyunu aparmağı xahiş edirlər. Bu günümə min şükür.
Tahirə Məmmədqızı
Milli.Az
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Foto Milli.Az