Avtobuslarda hədsiz sərnişin sıxlığı müşahidə olunur - FOTO

22 Fevral 2021 13:04

İndiki vəziyyətdə metronu açmaq lazımdır. Mənə görə buna zərurət var.

Bunu Milli.Az-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.

İnfeksionist bildirib ki, ictimia nəqliyyatda sərnişin sıxlığı artıb:

"Avtobuslarda hədsiz sərnişin sıxlığı müşahidə olunur. Bu da insanların sıx toplaşmasına gətirib çıxarır ki, bu şəraitdə xəstəliyin artmasına böyük şərait yaranır. Çünki insanların çoxu maskasını çıxarır, burada sosial məsafə anlayışı da olmur. Ona görə, metrolar açılsa, sıxlıq da bir qədər azalar. Bildiyimiz kimi təhsil müəssisələrinin açılması ilə ictimai nəqliyyatda sərnişin sıxlığı nəzərə çarpacaq dərəcədə artıb. 

Novruz bayramı öncəsi karantin rejiminin yenidən sərtləşdiriləcəyi söz-söhbət gəzir. Bunu zaman göstərər. Amma ölkədə epidemioloji vəziyyət belə qalarsa, mənim fikrimcə, sərtləşdirilməyə ehtiyac yoxdur. Çünki indi yoluxma sayı da azdır. Əgər sosial məsafə, maska anlayışına, gigiyenik qaydalara düzgün əməl olunarsa, heç bir sərt karantin qaydalarına ehtiyac qalmaz".

Təhməz Əsədov
Milli.Az