“Paşinyanı öldürün, çevrilişə hazır olun!” - İrəvanda aksiya – FOTO

20 Fevral 2021 19:28

"Müharibənr uduzduq. Ölkəmiz dərin böhranda, fəlakətdə, faciədədir. Qumarxanaların sayı artır, əhalinin sayı azalır, ölüm hallar və intiharlar artır. Hər şey pisdir, çox pisdir".

Ermənistanın sabiq baş naziri Qrant Baqratyan "Vətənin Xilası Hərəkatı"nın mitinqində belə deyib.

Daha sonra o, Ermənistanda intihar etmək istəyənlərə müraciət edib: "Özünüzü niyə öldürürsünüz? İndi hakimiyyətdə olanları öldürün".

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən ermənilər İrəvanın mərkəzindəki Azadlıq meydanına axışıblar.

Onlar sabiq baş nazir Vazgen Manukyanın rəhbərlik etdiyi "Vətənin Xilası Hərəkatı"nın aksiyasına qoşulmuşdular.

V.Manukyan bəyan etmişdi ki, Azadlıq meydanı ölkə müxalifətinin qərargahına çevriləcək və problemləri müzakirə etmək istəyən vətəndaşlar buraya toplaşacaqlar.

Daha sonra o, "konseptual çıxış" edərək müxalifətin mübarizə proqramını açıqlayıb: "Planlarımız çoxşaxəlidir.

A planı: hansı və nə cür mitinq keçirsək də, Paşinyan gedən deyil. Buna görə onun dayaqlarını məhv etmək gərəkdir.

Paşinyanın əsas dayağı nə baş verdiyini dərk etməyən xalqdır. Xalqa baş verənlərin mahiyyətini anlatmalıyıq.

İkinci dayaq - Paşinyanın əmrlərini yerinə yetirən güc strukturlarıdır. Güc strukturlarına geriyə addım atmaq üçün imkan yaratmalıyıq. Onlar mütləq bizə qoşulacaqlar.

Üçüncü dayaq - Paşinyanın deputatlarıdır. Onlarla sərt, amma anladaraq işləmək gərəkdir.

Etiraz, itaətsizlik aksiyaları, marşlar keçirməli, ölkədə həyatı iflic etməliyik.

B planı isə üsyan yolu ilə hakimiyyəti ələ almağa hazır olmalıyıq.

A planı yolu ilə gedəcəyik, amma B planına həmişə hazır olacağıq. Xalq, hazır ol", - V.Manukyan söyləyib.

Ermənistan İnqilabi Federasiyası-Daşnaksutyunun funksioneri İşxan Saqatelyan isə bəyan edib ki, Paşinyan istefa verənədək etiraz aksiyaları fasiləsiz keçiriləcək.

"Bu gün hərəkatımızın yeni mərhələsini bəyan edirəm. Mövcud hakimiyyətin istefası və devrilməsi ilə bağlı ümumxalq tələbi ümumxalq mübarizəyə dönəcək", - İ.Saqatelyan söyləyib.

O, İrəvanın "iflic ediləcəyini" də söyləyib: "Nə qədər ki, ölkəmizdə Nikol Paşinyan var, stabillik və sakitlik olmayacaq".

Bugünkü aksiya Ermənistan müxalifətinin müxtəlif siyasi qüvvələrinin rəhbərləri və funksionerləri toplaşmışdı. Aksiyanın liderləri isə Vazgen Manukyan, Qagik Sarukyan, Artur Vanetsyan və İşxan Saqatelyan idilər.

Aksiyanı müşayiət edən polis əməkdaşları sonda həbslərə başlayıblar. Bunu görən müxalifətçilər müxtəlif müçələrə dağılıblar və İrəvanın mərkəzində nəqliyyatın hərəkətinə mane olaraq böyük tıxaclar yaradıblar.

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları ilə etiraz aksiyasının iştirakçıları arasında şəhərin mərkəzində, Opera Teatrının binasının yanında dava düşüb. Aksiya iştirakçıları mərkəzdəki Mesrop Maştos prospektini bağlamağa çalışırdılar.

Aksiya bitəndə isə V.Manukyan ermənilərə gələn dəfə yürüşü bir istiqamətdə yox, eyni vaxtda 4 istiqamətdə keçirməyi təklif edib.

Bununla da aksiya bitib.

500 nəfərin qatıldığı aksiyada yeganə "innovasiya" 74 yaşlı Vazgen Manukyanın aksiyanın sonunda yox, əvvəlində çıxış etməsi idi.

Yeni heç nə yoxdu: əvvəlki, dəyişməyən şüarçılıq, klişe çağırışlar, hədələr, idiotik bəyanatlar.

"Paşinyana qarşı mübarizədə yeni, həlledici mərhələ" kimi anons edilən mitinqə ən azı 100 min vətəndaşın qatılacağı deyilirdi.

Olmadı - qatılanların sayı 500 nəfərdən çox deyildi.

Ermənistan müxalifətinin aşkar şəkildə dövlət çevrilişini və üsyanı anons etməsi isə gözlənilən idi.

İndi növbə Nikol Paşinyanındır. O isə çətin ki, V.Manukyan və dəstəsinin hədələrini qulaqardına vursun.

Elçin Alıoğlu
Milli.Az