83 yaşlı Arif Babayev Paşinyan haqqında: “Burnundan gəldi”

20 Fevral 2021 15:39

Bu gün Azərbaycanın böyük sənətkarı, Xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının "Muğam kafedrasının müdiri Arif Babayevin 83 yaşı tamam olur. Milli.Az musavat.com-a istinadən bildirir ki, 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olan dəyərli sənətkarımız uzun ayrılıqdan sonra ilk dəfədir Azad Qarabağla, azad Ağdamla birgə qeyd edir doğum gününü. Arif müəllimlə əvvəlki dönəmlərdəki müsahibələrimizdə əhdimiz var idi: növbəti söhbərtlərimizin Qarabağın işğaldan azad olunması şəraitində baş tutması ilə bağlı. Təsadüf elə gətirirdi ki, adətən, Arif müəllimlə yay günlərində, Qax rayonundakı istirahət guşələrindən birində rastlaşırdıq, görüşüb, söhbətləşirdik. Ora yolum düşən kimi, düşünürdüm ki, yəqin böyük sənətkarımız yenə də ağacların kölgəsində əyləşib, qarşısında samovar çayı, əhatəsində çoxsaylı insanlar...

Elə də olurdu. Gözəl həmsöhbət olan Arif Babayevi, böyük sənətkarı kim dinləmək istəməzdi ki? Elə bugünkü telefon söhbətimizdə həmin görüşlərimizi də xatırladıq.

- Arif müəllim, bir daha ürəkdən təbrik edirəm. Son söhbətimizdə demişdiniz, Qarabağ üçün çox darıxırsınız. Şükürlər olsun bu günə, uzun ayrılıqdan sonra ilk doğum gününüzdür ki, Qarabağın azadlığı şəraitində qeyd edirsiniz. Bu, necə hissdir?

- Çox sağ olun, qadan alım, təşəkkür edirəm. Doğrudan da çox darıxırdım. Artıq geridə qalıb o ağır günlər. Qarabağın azad olduğu günləri görmək çox gözəl hissdir. Əla! Əla! Bu saat mən sevinc içində yaşayıram. Bundan böyük sevinc ola bilməz. Bu sevinc bütün dünya azərbaycanlılarının sevincidir. Eyni zamanda biz bu sevincin içərisindəyik. Çox gözəl günlərdir, çox gözəl vaxtda yaşayırıq. Həmişə xəcalət çəkirdik ki, erməni başımızın üstündədir. Şükür Allaha, indi erməni ayağımızın altındadır. Cənab Prezident elə bir iş gördü ki, əvəzolunmayan...Şəhidlərimizə Allah rəhmət eləsin! Ordumuz bütün dünyaya öz gücünü göstərdi.

- Arif müəllim, iki il əvvəlki müsahibənizi xatırlayıram. Nikol Paşinyanın Qarabağa səfərlərinə münasibətinizi soruşmuşdum. Sizsə təmkininizi pozmadan elə beləcə demişdiniz: "Mən siyasətçi deyiləm. Amma fikir verirəm ki, onun getdiyi yol yaxşı yol deyil. Belə getsə, özləri məhv olacaqlar...Amma mən əminəm ki, torpaqlarımıza gedəcəyik". Onu da da bildirmişdiniz ki, "o saqqallı kişi" Qarabağda "axıra qədər dincələ bilməyəcək, burnundan gələcək". Proqnozunuz tam doğruldu, deməli, siz həm də siyasətçi imişsiniz...

- (Ürəkdən gülür) Bəli, bəli. Burnundan gəldi, qağa!

- Ermənilər Ağdamı darmadağın edib, məsciddən, Şahbulaq qalasından başqa, demək olar ki, hər yeri dağıdıb düşmən. Ağdam torpağını ziyarət etmək niyyətiniz varmı?

- Əlbəttə, çox istəyirəm. Amma ermənilər orda minalar basdırıblar. Gözün görə-görə get, bombalar partlasın, bu da düzgün olmaz. Baxıram ki, gedirlər, minalar partlayır, uşaqlarımız həlak olur. Ona görə də gözləyirəm ki, minalar təmizlənsin, ondan sonra inşallah ziyarət edəcəyəm.

- Müharibə başlayandan iki gün sonra səhhətinizdə problemlər yaranmışdı, müalicə olunurdunuz deyə, sizi narahat etmirdik. İndi necəsiniz?

- Babatam, dədə. Şükürlər olsun! Çox sağ olun, təşəkkür edirəm. İnşallah, görüşəcəyik.

Ağsaqqal sənətkarımızı çox narahat etmək istəmədik. Söhbətimizin sonunda korifey sənətkarımızı bir daha "Yeni Müsavat" ailəsi adından təbrik edərək, inşallah "növbəti təsadüfi görüşlərimiz Qarabağda olsun", dedim və ürəkdən "İnşallah!" söylədi.

Milli.Az