Maliyyə Nazirliyi Azərbaycanın dövlət borcunun həcmini açıqladı

20 Fevral 2021 14:46

2021-ci il yanvarın 1-ə olan vəziyyətə görə, Azərbaycanın müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində birbaşa xarici dövlət borcu 8,1 milyard və ya ümumi daxili məhsulun 19 faizini təşkil edib.

Milli.Az bu barədə Maliyyə Naziriyinə istinadən məlumat verir.

Qeyd olunur ki, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 721,1 milyon dollar və ya ÜDM-in 1,7 faizini təşkil edib.

Ümumilikdə xarici dövlət borcu 8,82 milyard (14,997 milyard manat) və ya ÜDM-in 20,7 faizinə bərabər olub.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.

2021-ci il yanvarın 1-dək birbaşa daxili dövlət borcu 1,73 milyard manat və ya ÜDM-in 2,4 faizini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 216,3 milyon manat və ya ÜDM-in 0,3 faizini təşkil edib.

Daxili dövlət borcu 1,942 milyard manat və ya ÜDM-in 2,7 faizinə bərabər olub.

Milli.Az