“Putin niyə general rütbəsi daşımır” - Peskov cavab verdi

20 Fevral 2021 13:15

Rusiya prezidenti Vladimir Putin dünən 62 general və admiral rütbəsinin verilməsi barədə fərman imzalayıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, müvafiq sənəd prezidentin internet-portalında dərc olunub. Maraqlıdır ki, dünyanın ən böyük dövlətlərindən birinə rəhbərlik edən və qüdrətli liderlərindən sayılan RF prezidentinin özünün belə bir rütbəsi yoxdur. Vladimir Putin yalnız DTK-a çalışdığı dövrdə aldığı polkovnik rütbəsini daşıyır.

Rusiya prezidentinin mətbuat xidmətinin katibi Dmitri Peskov bununla bağlı suallara cavab verib.

"Əlbəttə o, general rütbəsini almağa tam layiqdir. Lakin bu məsələ prezident üçün hazırda prioritet sayılmır",-o söyləyib.

Dmitri Peskov Vladimir Putinin prezident kimi daha vacib məsələlər üzərində kökləndiyini vurğulayıb. "Üstəlik o, kadr zabiti də deyil", - o qeyd edib.

Xatırladaq ki, hələ 2019-cu ildə Vladimir Putin ilk rütbəsini xüsusi xidmət orqanlarında deyil, artilleriya qoşunlarında qulluq göstərən zaman aldığını demişdi. "Mən topçu kimi leytenant olmuşam. Özü də haubitsa artilleriyasının idarəetmə tağımının komandiri olaraq...", - o, Rusiyanın fəxri inşaatçısı Vladimir Bennetlə söhbətində bildirib.

Milli.Az