Subsidiya siyasətində yenilik - VİDEO

19 Fevral 2021 12:19

Fermerlərin torpaqları aqrokimyəvi analizlərə cəlb olunacaq

Milli.Az Real TV-yə istinadən bildirir ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən etibarən 10 ha və daha çox sahəsi olan fermerlərin torpaqları aqrokimyəvi analizlərə cəlb olunacaq. Artıq Kənd Təsərrüfatı Nazirliyinin Regional Aqrokimya Laboratoriyalarında torpaq analizlərinin götürülməsinə başlanılır. Torpaq analizlərinin nəticələri payızlıq əkinlərin monitorinq nəticələri ilə birlikdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil ediləcək və bundan sonra fermerlərə əkin subsidiyalarının ödənilməsi həyata keçiriləcək.

Nazirlik tərəfindən EKTİS-dəki məlumatlar əsasında torpaq sahəsi 10 hektardan çox olan fermerlərin siyahıları hazırlanaraq rayonlara göndərilib. Dövlət Aqrar İnkişaf Mərkəzləri fermerlər arasında müvafiq məlumatlandırma işləri apararaq onlara müəyyən olunmuş müddətdə torpaq analizi verməyi tövsiyə edirlər. Fermerlər arasında torpaq nümunələrindən analiz verməyə maraq böyükdür.

Torpaqların aqrokimyəvi analizi fermerlərə torpağın qida elementlərinə olan ehtiyacını, bitkiyə lazım olan gübrə növünü müəyyənləşdirmək üçün əlavə imkan yaradır. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Regional Aqrokimya Laboratoriyalarında baza analizlər daxil olan paketin bir nümunə üçün qiyməti 28 manat təşkil edir. Analiz üçün əkin sahələrində hər 5 ha-dan bir nümunə götürülməsi məqsədəuyğundur.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin respublikanın 11 bölgəsində ən müasir avadanlıqlarla təchiz edilmiş regional aqrokimyəvi laboratoriyaları fəaliyyət göstərir. Bu laboratoriyalarda fermerlərə torpağın tərkibi ilə bağlı ən müxtəlif analizlər vermək imkanı yaradılıb. Analizlər ən müasir avandalıq və cihazlar vasitəsilə aparılır.

Milli.Az