"Koviddən tam sağalmağın mümkün olub-olmadığını hələ bilmirik" - Xəstələr aylarla sağalmır

19 Fevral 2021 23:34

"Biz hələ koronavirusdan tam, 100% sağalmağın mümkün olub olmadığını bilmirik. Koronavirusa yoluxmuş insanların 76%-də heç olmasa bir iki simptom və şikayət azı yarım il davam edir".

Milli.Az xəbər verir ki, Çin alimləri koviddən sağalmış 1733 qadın və kişi üzərində geniş masştablı araşdırmalarının yekununda bu nəticəyə gəliblər.

Sağalan xəstələr 6 ay və daha uzun müddətdə zəiflik, yorğunluq, yuxu pozulması, depressiya, təşviş, baş ağrılarından şikayətlənir. Koronavirusun təsiri və zərbəsi bu gün elan olunan 20-30 gündən daha çox müddət insanla qalır. Ona görə bu xəstələrin reabilitasiyasına diqqət yetirmək vacibdir.

Çin alimləri virus keçirmiş xəstələri 6 ay sonra tibbi baxışdan keçirib, funksional testlər, analizlər götürüblər.

Məlum olub ki, virusun uzun müddətli mənfi simptomu tez yorulmaq, əzələ zəifliyi, sinir ağrılarıdır.

23% xəstələrdə depressiya və təşviş, 27%-də isə yuxu pozulması olub.

Qadınlar kişilərə nisbətən daha çox şikayətlənib.

Həkimlər pasiyentlərin gələcək durumuna görə narahat olduqlarını bildirib.

"Müayinə olunanların hər 5 nəfərindən 3-də fizioloji və psixoloji şikayətlər var idi. Biz hələ də bilmirik, koronavirusdan tam sağalmaq üçün nə qədər vaxt lazımdır, tam sağalmaq ümumiyyətlə mümkündürmü? - deyə doktor Liksue Huanqa bildirib

Bu həm də Covid 19 virusunun nə dərəcədə ciddi, ağır olduğunu bir daha sübut edir. /medicina.az

Milli.Az