Şəhid atası: Şəhidlərimizin hər biri eyni amalda olan qəhrəmanlardır - VİDEO - FOTO

22 Fevral 2021 23:32

Vətən müharibəsinə könüllü yollanan Gəray Soltanov ailəsini atasına əmanət edərək, döyüşlərə qoşulmuşdu. Tək arzusu torpaqlarımızın azad edilməsi idi. Elə bu məqsədlə canını Vətən uğrunda sipər edərək şəhadətə ucaldı.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Soltanov Gəray Xəlil oğlu 1993-cü ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Hələ orta məktəb illərində vətənpərvərliyi ilə seçilən Gəray böyükdən-kiçiyə hər kəsin sevimlisi olub. Hərbi xidmətini sülhməramlı qrupun tərkibində yerinə yetirən Gəray hərbi biliklərə peşəkarcasına yiyələnib. O, Aprel döyüşlərində də cəbhəyə könüllü yollanmışdı. Elə Vətən müharibəsində də öz istəyi ilə döyüşlərə qatıldı.

Şəhidin atası Xəlil Soltanov deyir ki, şəhidlərimizin hər biri eyni amalda olan qəhrəmanlardır: "Gəray hər zaman vətənpərvərliyi ilə seçilirdi. O, iyul hadisələrindən sonra hərbi komissarlıqda qeydiyyatdan keçdi. Vətən müharibəsi başlayan zaman isə könüllü olaraq cəbhəyə getdi. Baxmayaraq ki, ailəli idi, bir övladı var, Vətən sevgisi onun üçün əziz oldu. Gedərkən ailəsini bizlərə əmanət edib, vidalaşdı. Gəray döyüşlər zamanı göstərdiyi şücaətə görə seçilib. O, Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Oktyabr ayının 4-də isə qəhrəmancasına şəhid olub. Bu gün biz bütün şəhid övladlarımızla fəxr edirik. Çünki onların sayəsində Vətənimiz yağı düşmənin tapdağından xilas edildi, şəhidlərimiz özlərindən əvvəlki şəhidlərin də qisasını aldılar".

Şəhidin həyat yoldaşı Mələk Soltanova Gəray haqqında qürurla danışır. "Gəray çox ailəcanlı və vətənpərvər insan idi. Döyüşlər başlayan gün bir an belə tərəddüd etmədən "övladımızdan muğayat ol" deyərək, cəbhəyə yollandı. Bir neçə dəfə əlaqə saxlamışdım, hər dəfə qələbə haqqında bəhs edərdi", - deyə şəhidin həyat yoldaşı bildirir.

Gəray Cəbrayıl istiqamətində gedən döyüşlərdə son damla qanına qədər vuruşaraq şəhidlik zirvəsinə ucalıb. O, Vətən müharibəsində göstərdiyi şücaətə görə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, Gəray Soltanov 3 il idi ailə həyatı qurmuşdu. Onun bir qız övladı yadigar qalıb.

Milli.Az