Azərbaycanda qaza tələbat artıb

18 Fevral 2021 14:01

Hava şəraitinin kəskin pisləşməsi Azərbaycanda təbii qaza tələbatın artmasına səbəb olub.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, ötən gündən etibarən ölkədə hava şəraiti kəskin şəkildə dəyişib. Xüsusən, dağlıq rayonlarda şaxtalı hava müşahidə olunur.

"İB-nin əməkdaşları heç bir yerdə qaz təchizatında dayandırmaların olmamasına çalışır. Bəzi qısamüddətli fasilələr isə bizdən asılı olmayan qəza hallarından irəli gələrək baş verib", - "Azəriqaz"dan bildirilib.

Məlumata görə, şəbəkəyə qəbul olunan qazın həcmində də artım var. Təkcə fevral ayının 17-də əhali abonentləri üzrə 32 mln. kubmetrə yaxın qaz qəbulu olub. Ötən ilin eyni günü ilə müqayisədə artım 2,6 mln. kubmetrə və ya 8,8%-ə bərabərdir.

"Deməli, tələbat var və bu da sonda sərfiyyatın artımı anlamına gəlir", - İB-dən qeyd olunub.

Milli.Az