Qara görə xüsusi texnikalar hazır vəziyyətə gətirilib - İcra hakimiyyəti

18 Fevral 2021 13:22

Şəmkirdə yağan qarla bağlı icra hakimiyyəti başçısının göstərişi ilə xüsusi komissiya yaradılıb, işçi heyəti gücləndirilmiş iş rejimində keçib, xüsusi texnika, qartəmizləyən nəqliyyat vasitələri hazır vəziyyətə gətirilib, kifayət qədər duz və qum ehtiyatı hazırlanıb.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Şəmkir RİH Mətbuat Xidmətinin rəhbəri Elgün Seyidov deyib.

Onun sözlərinə görə, dünən gecə satlarından etibarən sakinlərin istilik, qaz, işıq və içməli su ilə təchizatında fasilələrə yol verilməməsi ilə bağlı görülən qabaqlayıcı tədbirlər sayəsində rayon əhalisinin bu sahələrdə təminatında problemlər olmayıb:

"Dünəndən etibarən yağan qarın yaradacağı çətinliklərin qarşısının alınması, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə rayon ərazisində, xüsusilə də Yasamal aşırımında yollarda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib. Məişət tullantılarının daşınması, sosial və xidmət obyektlərinin adi iş rejimində çalışması təmin edilib, körpələr evi-uşaq bağçaları, məktəblər, xəstəxana və rabitə müəssisələrinin işinə nəzarət artırılıb".

E.Seyidov əlavə edib ki, hazırda Şəmkir rayonu ərazisində sabit və yağıntısız hava şəraiti hökm sürür.

Milli.Az