Aysel Əlizadə: "Erkəklər"

20 Yanvar 2012 00:02
İnsanın üz-üzə qaldığı bir çox ciddi və qlobal məsələyə toxunulan "Erkəklər" əsərində bu problemlərin insan həyatında buraxdığı dərin izlər iki qəhrəmanın - yazıçı kişi ilə həkim qadının dialoqları fonunda əks olunur. Klassik qadın-kişi münasibətlərinə fərqli baxış, xəyanətin insan həyatında ağrılı və dərin izlər buraxması və taleyini alt-üst etməsi kimi psixoloji məqamlar əsərdə qabarıq ştrixlərlə verilib.

Milli.Az "Mediaforum"a istinadən bildirir ki, müasir dünyanın yaratdığı sosial-siyasi problemlər birbaşa insanın həyatına nüfuz edir, bəzən onu istəmədiyi seçim qarşısında qoyur - əsərdə yer alan əsas məsələlərdən biri də budur; həyata öz baxışı olan, fərqli düşüncə tərzinə sahib bir insan həyatın qəddar sınaqları qarşısında tək qalsa da, sınmır. Belə psixoloji təlatümlərlə üz-üzə qalan insan taleyi "Erkəklər" əsərində dəqiq cizgilərlə qələmə alınıb.

...Bir gün yenə yorğun-arğın otelə qayıtdıq. Mənimçün otağa kofe sifariş elədi. Təəccübləndim. Buraya gələndən bircə dəfə də olsun mənimçün nəsə istəməmişdi. Tanıdığım o qadın-ana deyildi. Fikri yalnız sərfəli qiymətə mal almaqda qalmışdı. Çapar kimi ordan-ora, burdan-bura qaçırdı gün uzunu. O dükan sənin, bu dükan mənim - dayanmadan gəzirdik. Yemək yeməyə də imkan olmurdu. Ayaqüstü nəsə atışdırıb işimizi görürdük. Nə yalan deyim, bu sifariş ürəyimcə oldu. Elə bil onun qayğısıyçün da darıxmışdım. Həm də özümü adam kimi hiss eləmirdim neçə gündü. Yoğun, basırıq bir gündən sonra ayaqlarını uzadıb rahatca, kofe içə-içə heç nə haqda düşünməməyin dadını çıxarmaq elə qiymətli gəlirdi, az qalırdım səhər onunla getməyəcəyimə qərar verim. Sözsüz ki, bu ötəri fikir idi. Mən bu rəzalətə razı olmazdım. Kofedən bir qurtum alıb ilk dəfə otağımızdakı televizoru açdım. "Televizorumuz da varmış" - guya zarafat elədim. Reaksiya vermədi, eşitmədi, deyəsən. Gözləri divardakı rəsmə zillənmişdi.

O:

- Gör nə gözəldi. Neçə ildi bura gəlirəm, bu rəsmi birinci dəfədi görürəm. Bu otaqda çox qalmışam. Fikir verməmişəm... ya da yeni asıblar.

Herakl kimi bir kişi rəsmi idi: əzələli, yekəpər.

O:

- Rəssam olsaydım, Mikelancelo kimi kişi bədənləri çəkərdim. Məncə, qadının evində gözəl, yaraşıqlı bir kişi rəsmi olsa, yaxşıdır. İnanırsan, bunu oğurlamağım gəlir.

Mat qaldım... Əməlli-başlı mat qaldım. Elə bilirdim onun kişilər haqda heç təsəvvürü yoxdur. O qədər ki, özümü onun yanında anlaşılmaz varlıq kimi hiss eləmişdim, sözləri ağlımı qarışdırdı.

Düppədüz ilhamı gəlmişdi. Məni şaşırmaqda davam edirdi.

O:

- Heç olmasa, bir günlük kişi olmaq istəyərdim.

Gözüm kəlləmə çıxdı. Bu nə danışır?

Mən:

- Kişi olmaq? Neynirsən kişi olub?

O:

- Mənə çox maraqlıdır, kişinin ağlı necə işləyir, o nə  düşünür, ürəyi nə istəyir, ruhu necə olur?

Mən:

- Bununçün kişi olmaq lazım deyil ki. Birindən öyrənə bilərsən.

O:

- Yox, elə istəmirəm. Özüm hiss eləmək istəyirəm. Öyrənməklə olmur.

Ürəyimdən elə keçirdi, suallarına cavab verim, ancaq niyə verməliydim? Əgər cavablarım maraqlı olsaydı, elə məndən soruşardı, özü kişi olmaq istəməzdi. Bambılı kimi ortaya atılmağın mənası yoxdu. Qoy elə ürəyi açılmışkən içini boşaltsın. Onsuz da düz-əməlli yuxum da gəlmirdi. 40 ildə bir dilə gəlib nəsə deyir. Birdən yersiz söz çıxar ağzımdan, yenə susar. Qoy danışsın. Söhbəti uzatmaq üçün cümlələr, suallar fikirləşirdim. Elə bir cümlə olmalıydı ki, onu ruhlandırsın.

Mən:

- Birinci dəfədir eşidirəm ki, hansısa qadın kişiyə araşdırma obyekti kimi baxsın. Mənə elə gəlirdi, bütün qadınların bizdən zəhlələri gedir.

O:

- Doğrudan?

Mən:

- Doğrudan.

O:

- Səhv eləyirsən. Əslində, qadınların sizə qarşı nə hiss etdiklərindən xəbəriniz yoxdu.

Mən:

- Nə hiss edirlər?

O:

- Qadınlar sizə həsəd aparırlar.

Gülməyim tutdu. Bunu çox ciddi dedi. Gülməyə cəsarətim çatmadı. Gülsəm, məni öldürəsi deyildi. Ancaq özümü boğdum. Danışmasını çox istəyirdim.

O:

- Qadınlar sizi bəxtəvər sayırlar. Siz lidersiz, axı. Bütün dünya əlinizdədir. Düzdür, bu həm də çox ağır yükdür, böyük öhdəlikdir. Ancaq belə olsa da, bu, həqiqəti dəyişmir. Hər şeyi yönləndirən sizsiz. Hətta qadına evlilik təklifini də siz edirsiz. Deməli, onun şəxsi həyatına da hünəriniz çatır. İstəsək də, istəməsək də, belədir. Şəxsən mən buna görə sizə həm də acıyıram.

Bu "acıyıram" sözü nəsə məni açmadı. Ancaq bir az ürəkləndirdi də. Neçə vaxtdır yanında özümü gah ahıl, gah cocuq kimi hiss elədiyim bir qadından "siz lidersiz" fikrini eşitmək xoşuma da gəldi, çaşdırdı da. Öz-özümə dedim: buna bax, o, kişiləri lider sayır, sən də onun böyründə buyruq tulası kimi gəzirsən. Axmaq! Allah bilir, sənin haqqında nələr fikirləşir.

Mən:

- Qadınlar kişinin liderliyini əlindən almaq üçün hər şeyə əl atırlar. Fəlsəfi cərəyan da yaratmısız.

O:

- Məncə, kişinin liderliyi əlindən alınsa, qadınlar özləri narahat olarlar. Qadınlar dünyanı idarə edə bilərlər, bəlkə də. Ancaq onda intriqa, dedi-qodu, lazımsız konfliktlər çox olar. Mən qadınlarla işləyirəm də, görürəm. Bax iki işim var, ikisində də qadınlardır - klinikada doktor kolleqalarım, dükana da gəlib-gedənlərin əksəriyyəti evdarlar. Heç bir fərqləri yoxdur, inanırsan? Onlar da dedi-qoduyçün ölürlər, bunlar da. Heç vaxt oturub ciddi şeylərdən danışmazlar. Bir dəfə eşitmədim ki, dünyada, ölkədə baş verən hansısa hadisədən danışsınlar. Onlara qulaq asanda hər dəfə şükür eləyirəm - nə yaxşı dünya bunların əlində deyil. Batardıq. Bütün dünya şou-biznesə dönərdi.

Mən:

- Guya indi elə deyil? Siyasət özü böyük bir şoudur. Təlxəkləri var, hoqqabazları var. İstəsən, lap akrobatları da var. Siyasətçilər də hoqqa çıxarırlar. Bütün günü politikanın hazırladığı teatra baxırıq. Bir xaos yaradıblar dünyada, özləri də azıb qalıblar içində. Siyasi qalmaqallarla insanları küyə salırlar. Bunun badına insan həyatı gedir. 6 milyard insan girinc qalıb bu hoqqabazların əlində. Siyasi serial izləyirik neçə vaxtdı - "2011 serialı". Avam, sadəlövh insanları, milyonlarla insanı qurbana çevirirlər uf da demədən. Adam iyrənir bunlara baxanda. Söz də tapmırsan. Serial deyirsən. Bu serialları kim döşəyir camaatın canına? Qadınlar çəkir bu serialları, ya da çəkdirir?

O:

- Qadınlar çəkməsələr də, qadınlarçün çəkilir. Seriallara ən çox kim baxır? Qadınlar seriallara baxmasalar, bu qədər çəkilər, səncə? Öz fikrimi deyirəm. Bu seriallar, maqazin proqramları, saçyoldular, intriqalar hamısı qadınlar üçündür. Vaxtlarını bunlarla öldürməkdənsə, bir işlə məşğul ola bilərlər, ancaq olmurlar. Buna görə də dünyanı qadınlara etibar eləmək olmaz.

Mən:

- Haradasa haqlısan, ancaq heç cür tam razılaşa bilmərəm. Seriala baxmaqda pis heç nə görmürəm. Məncə, sən öz cinsinə qarşı bir az haqsızlıq eləyirsən. Hamısı bekarçılıqdan baxmır. Ev işi, çoluq-cocuq, ər...  qadın da istirahət eləməlidir. Hər qadının gedib haradasa əylənməyə, dincəlməyə imkanı yoxdu. Evində oturub filmini izləyir, bunda pis nə var, anlamıram? Məsələn, mən o qədər dəyərli, intellektual qadınlar tanıyıram ki, ona dünyanı da etibar eləmək olar, bütün kainatı da. O da serial izləyir.

- Var. Mən də tanıyıram. Sadəcə, azdır. Dünyanı azlığa tapşırmaq olmaz, axı. Mən dünya idarəçiliyindən danışıram. İstənilən halda yenə də kişilərə ehtiyac olacaq. Həm də demədim ki, bu pisdir. Deyirəm, yəni yalnız bununla vaxt keçirmək olmaz. Qadını irəliləməyə qoymur bu. Əvvəllər qadınlar boş vaxtlarında gərəkli işlərlə məşğul olardılar. Toxuyardılar, tikiş tikərdilər. Nə bilim, bir sürü bu cür sənət yaranıb qadının boş vaxtında.

Mən:

- Bu, kişilərin siyasətidir. Kişilər görür ki, hakimiyyət getdikcə əldən çıxa bilər. Ona görə də altdan-altdan qadınları yayındırırlar.

Nəhayət ki, çox sevdiyim gülüşünü eşitdim. Üzünə yumşaqlıq gəldi. Gülümsəməsi yenə məni valeh elədi.

O :

- Qadınların tərəfini saxlamağın çox maraqlıdır. Sən heç vaxt bizi öz həmcinslərinin ayağına vermirsən. Sadəcə, mən qadınlara çox əsəbləşirəm. Niyə özlərini bu yerə qoyurlar? İmkan verməsinlər də buna.

Mən:

- Heç sən də bizim tərəfimizi vermirsən. Ancaq mənimçün əsas odur ki, qadınlar safdırlar. Onlar bu nəhəng siyasətin qabağında dura bilməzlər. Cavaharlalı tanıyırsan da yəqin?

O:

- Aydın məsələdir.

Mən:

- Ay sağ ol. Onun məhbəsdən qızına yazdığı məktublar var. Sonradan bacısı o məktubları kitab kimi buraxıb - "Dünya tarixinə baxış". Cavaharlal qızını tarixi gedişatla tanış edir. Əvvəlcə yazır ki, qədim insanlar ov ovlayırdılar. Sonra gördülər torpaqda mənfəət var, başladılar becərməyə, əkinçilklə məşğul olmağa. Beləcə, inkişaf getdi, insanlar yaratmağa, qazanmağa başladılar. Bu günə kimi bütün insanlar işləyir, çalışır, iqtisadiyyat, istehsalat güclənir get-gedə. Gəlirlər artır. Sonra deyir, sən düşünə bilərsən ki, o zaman niyə kasıblar elə kasıb olaraq qalır? Yazır, ona görə ki, idarəçilər başqasının halal qazancını şir iştahasıyla özlərinə götürürlər. Cavaharlal başqa ölkədə, başqa sivilizasiyada yaşamış tamam başqa bir dövrün adamı, siyasətçisi olub. Onun zamanından bu yana nə dəyişib?

O:

- Böyük dəyişiklik yoxdur.

Mən:

- Yenə də kasıb kasıb olaraq qalır da, düzdür?

O:

- Düzdür.

Mən:

- Bu idarəçilik Cavaharlaldan bu yana kişilərin əlindədir. Demək ki, bütün bu haqsızlıqları, acgözlüyü, tamahkarlığı edən bizik də? Elə deyil? Bütün bu biabırçı oyunu biz açırıq  dünyanın başına. Biz sahib çıxırıq başqasının haqqına. Məncə, qadınlar bu qədər qəddar ola bilməzlər. Bu qədər günahın altına girməzlər. Məsələn, sən. Düşünürəm ki, sən bunu eləməzsən.

O:

- Bilmək olmaz. Hakimiyyət elə şeydir ki, onu ancaq yiyələnəndə bilmək olar. Mən deyə bilmərəm, əlimdə güc olsa, bu cür qalaram, yoxsa dəyişərəm, soyuqqanlı olaram, ya yox. Deyə bilmərəm. Ancaq bir söz deyim. Adam hər şeydən sorumlu olanda elə məsələlər var ki, istəməsə də, ona göz yummağa məcburdur. Kişi hər şeydən sorumludur. Bu bəyəm asandır? O, özü də istəmədən radikal addımlar atmalı olur. Bu kiminsə hüququnu poza da bilər. Dünyanın ümumi axışı üçünsə vacib olar. Qadınlar heç vaxt bu yükün altına girə bilməzlər. Dünyanı yalnız bir cins idarə edir. Bu cinsin adı erkəkdir. Ona görə də qadınlar sizə həsəd aparırlar.

Mən:

- Sən də həsəd aparırsan?

O:

- Mən qadın deyiləm?

Mən:

- Onu demək istəmədim. Sən bir az...

O:

- Nə bir az?

Mən:

- Bir az başqa cür qadınsan. Yəni sən də elə kişi kimisən...

Üzünü elə bil don vurdu bir anın içində. Yorğun üzünü una salıb çıxartsaydılar, əminəm ki, eynən bu cür ağarardı. Pərt oldu, yoxsa əsəbləşdi, bilmədim. Üzüldümü, incidimi, anlamadım. Gözə girən bir durğunluq vardı çöhrəsində. Könlünü almağa söz də tapmadım. Düzünə qalsa, heç axtarmadım. Axtarsaydım belə, o dumanlı başla, o yorğun beyinlə çətin tapardım. Mən onu incitmək də istəmirdim, onun könlünü qırmaq, bəlkə də, bu dünyada ağlımdan keçən ən sonuncu fikir olar. Neyləyək? Belə alındı. Həm də köntöy bir söz dediyimi düşünmürdüm. O, həqiqətən də kişi kimiydi.

Mən:

- Pis mənada demirəm. Yəni yükün bir kişinin üzərinə düşən yükün ağırlığından az deyil.

O:

- Hmm.. anladım. Baxırsan, halıma yazığın gəlir. Elə bilirsən, anlamıram? Bütün günü gözün üzümdədir. Ürəyində deyirsən, ay yazıq, sən də qadınsan? Bilirəm, bu cümlə üzünə yapışıb qalıb. Mən kütbeyin-zad deyiləm. Hər şeyi hiss eləyirəm.

Mən:

- Niyə belə kobud? Sən mənə yad adamsan? Mən necə sənin barəndə belə qaba şeylər fikirləşə bilərəm? Sadəcə, ürəyim yanır. Görürəm, çox çətin bir işdir. Sən həkim adamsan. O qədər oxumusan. Doktor adı gələndə insanlar ayağa qalxıb yer verirlər. Sənsə doktor adam, ordan basa-basa gəlib, burdan qadın başına mal alıb daşıyırsan ailəni dolandırmaq üçün. Onu fikirləşirəm. Burada nə var ki? Bu, ayıb deyil... Ancaq sən doktorsan, axı.

O:

- Yox. Sən təkcə bunu düşünmürsən. Sən həm də düşünürsən ki, niyə mən təkəm, niyə uşağım yoxdur, niyə görüşdüyüm adam yoxdur. Niyə öz ailəm yoxdur. Niyə o yoxdur, bu yoxdur... Mənim, bilirsən, nə qədər şansım olub? Mən çox varlı ailənin qızı olmuşam. Biz üç bacı qabağımızda qulluqçu görmüşük anadan olandan.

Mən:

- Mən nə dedim, sən belə əsəbləşdin?

O:

- Heç nə. Sən elə heç nə demədiyin üçün mən əsəbləşirəm. Sən məni tanıyandan bircə dəfə də olsun, heç nə soruşmamısan. Bu, bilirsən, nə deməkdir?

Məni elə bil yatağıma hördülər. Qupquru qurudum. Danışa bilmirdim. O coşmuşdu, cavab-zad gözləmirdi.

O:

- O deməkdir ki, sən mənə elə acıyırsan ki, sual verməyə də cürətin çatmır. Gör, mən sənin gözündə necə aciz, necə yazıq, biçarə məxluqam! Sual verib məni incitməkdən də qorxursan. Ancaq mənim çox gözəl həyatım olub. İndi də narazı deyiləm. Bacılarımın yükünü çəkməyi özüm istəmişəm. Mən beləyəm, ailəmə çox bağlıyam. Sən mənim barəmdə nə bilirsən ki? Heç nə. Heç nə bilmirsən.

Mən:

- Danışsan, bilərəm.

O:

- Mən heç nə danışmaq istəmirəm. Sən kobud adamsan. Mən səninlə danışmaq istəmirəm. Yuxum gəlir. Yatıram. Gecən xeyrə...

Milli.Az