Koronavirusdan sağalandan sonra ən çox hansı problemlər yaranır?

20 Fevral 2021 19:10

Son vaxtlar yeni növ koronavirus (COVID-19) infeksiyasından sağalan xəstələrdə sonradan müəyyən fəsadlar yaranması halları müşahidə olunur. Aparılan araşdırmalar göstərir ki, əvvəlki illərlə müqayisədə ürək və qan-damar xəstəliklərindən ölənlərin sayında 26,6 faiz artım olub. Bunun əsas səbəbi koronavirusdan sağalandan sonra orqanizmdə yaranan problemlərdir.

Bunu Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova AZƏRTAC-a müsahibədə deyib: "Koronavirus infeksiyası bir neçə orqanı zədələyə bilir. Həmin orqanlara əsasən ağciyər, ürək və böyrəklər aiddir. Lakin əgər alt qatda yatan hər hansı bir narahatlıq varsa, xəstəliklərin artması nəticəsində digər orqanların da zədələnməsi mümkündür. Yoluxma əsasən ürək-damar sistemi xəstəlikləri olanlarda narahatlıq yaradır ki, bu da insanın COVID-19-dan sağalandan sonra da laxtalanma ilə əlaqədar problemlər olduğuna görə damarlarda yaranan laxtalanmaya gətirib çıxarır və bunun nəticəsində insanlar həyatını itirir".

Həkim-kardioloq qeyd edib ki, risk qrupunda olan koronavirus xəstələri sağalandan sonra da vaxtaşırı olaraq müayinədən keçməlidirlər: "Bəzən COVID-19 xəstəliyindən müalicə olunan zaman ikincili bakterial və ya parazitar infeksiyanın qoşulması nəticəsində orqanizmin digər orqanlarına da zərər dəymiş olur və həmin hallar letallığa aparıb çıxarır. Bəzən də elə olur ki, xəstə özünü COVID-19 infeksiyasından sağalmış sayır, orqanizmdə temperaturun yüksəlməməsini və oksigen saturasiyasının 90 üzərində olmasını infeksiyadan sağalma kimi qəbul edir və qanın laxtalanmasını nəzərə almır. Halbuki laxtalanma düzəlməyincə həyat üçün təhlükə ola bilər. İstənilən halda koronavirusdan sağalanların ayda bir dəfə də olsa həkim müayinəsindən keçməsi məsləhətdir".

Həkim onu da bildirib ki, virusun sonrakı bir neçə il ərzində insan orqanizmində yarada biləcəyi problemləri isə gələcəkdə yaşanan təcrübələrlə daha dəqiq öyrənmək mümkündür.

Milli.Az