Quş qripindən necə qorunmaq olar?

20 Fevral 2021 23:15

Quş qripi (ing.avian influenza) müxtəlif növ quşların və heyvanların kəskin gedişli kontagioz xəstəliyidir. Xəstəlik respirator orqanların, mədə-bağırsaq traktının zədələnməsi, eləcə də quşlar arasında yüksək tələfat və iqtisadi zərər ilə nəticələnir. Tədqiqatlar göstərir ki, yüksək patogen quş qripi virusu ətin -70° C-yə qədər dondurulması zamanı 300 gündən artıq müddətdə sağ qalır və öz virulentliyini qoruyub saxlayır.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan məqalədə bildirilir. Həmin məqaləni təqdim edirik:

Xəstəliyin törədicisi Orthomyxoviridae ailəsinə, influenza cinsinə aid olan RNT tərkibli mutagen virusdur. Ümumiyyətlə, quş qripi virusu (A tipi) müxtəlif kombinasiyalarda birləşən 16H və 9N tipləri kimi təsnif olunur. İndiyə qədər 16 HA və 9 NA serotiplərinə çöl quşları arasında rast gəlinib. Qeyd edilən serotiplər yüksək və aşağı patogenli olmaqla 2 qrupa bölünür ki, onlardan yüksək patogenli quş qripi (A(H5N1), HPAI- ing. highly pathogenic avian influenza) həm quşlar, həm də insanlar üçün təhlükəli infeksiya növü hesab olunur. Quş qripi xəstəliyi heyvanlara və insanlara əsasən aerogen və ya alimentar yolla yoluxur.

Tədqiqatlar göstərir ki, yüksək patogen quş qripi virusu ətin -70° C-yə qədər dondurulması zamanı 300 gündən artıq müddətdə sağ qalır və öz virulentliyini qoruyub saxlayır. Buna misal olaraq 2001-2007-ci illərdə Koreya, Yaponiya və Almaniya kimi ölkələrə idxal edilmiş çiy toyuq əti və dondurulmuş ördək karkasında quş qripi virusunun aşkar edilməsini göstərə bilərik. Tədqiqatlar nəticəsində virusa yoluxmuş quşların nəinki yumurtasında, onun qabıq hissəsində də törədicinin mövcudluğu öz təsdiqini tapıb. Yumurtanın qaynadılaraq bişirilməsi zamanı viruslar məhv olsa da, çiy yumurta və onun məhsulları ilə təmas insanların xəstəliyə yoluxması baxımından yüksək risk amili hesab olunur.

Yüksək patogenli quş qripi bir çox ev və vəhşi quş növləri arasında (toyuq, ördək, hinduşka, sərçə, qarğa, göyərçin, çöl ördəyi, qırqovul, kəklik və s.) qeydə alındığı üçün xəstə quşların sənaye və ya ev şəraitində kəsimi, eləcə də vəhşi quşların ovlanması zamanı insanların virusa yoluxma təhlükəsi böyük olur.

Sənaye tipli quşçuluq təsərrüfatlarında xəstəliyin baş verməsində yem, quşlara xidmət alətləri və avadanlıqlar, eləcə də nəqliyyat vasitələrinin törədici ilə çirklənməsinin rolu böyükdür. Belə ki, xəstə quşlara qulluq zamanı istifadə edilən əşyalarda, quşların saxlandığı yerlərdə və törədici ilə çirklənmiş digər səthlərdə virus 3 həftəyə qədər sağ qala bilir. Bununla yanaşı, infeksiya törədicisinin mənbəyi xəstə quşlar olduğu üçün diri quş bazarları da virusun yayılmasında əsas təhlükə mənbələrindən hesab edilir. İnfeksiyanın yayılmasında miqrasiya edən köçəri quşlar, gəmiricilər, ətyeyən heyvanlar və qansoran həşəratlar da rol oynayır.

Quş qripinin yayılmasında təhlükə mənbələrindən biri də su hesab olunur. Belə ki, xəstə quşların ifrazatları ilə çirklənmiş suyun pH göstəricisi, temperaturu və duzluluq dərəcəsindən asılı olaraq quş qripi virusları suda 10 günə qədər sağ qalır ki, belə su ilə suvarma quşların yoluxması ilə nəticələnir.  

Quş qripinin inkubasiya dövrü 3-5 gündür. Virusa yoluxma zamanı quşlar yemdən imtina edir, süstləşir, lələkləri pırpızlaşır, gözləri şişir və yumulur, burun dəliklərindən selikli-serozlu maye axır, bədən temperaturu 44° C-dək yüksələrək qısa müddətdə (24-72 saat) tələf olurlar.

Quşlar üçün virusun H5 və H7 subtipləri yüksək patogenli qrip törədir ki, bu da quşların kütləvi şəkildə (100 %-dək) tələfatına səbəb olur. Virusun H9 subtipi isə aşağı patogenli olmaqla, yüksək patogenli subtiplərə nisbətən az tələfatla nəticələnir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, cari mövsümdə də dünyanın bir sıra ölkələrində (Hindistan, Rusiya, ABŞ, Çin, Qazaxıstan, Ukrayna və s.) quş qripinin müxtəlif serotipləri (H5N1, H7N3, H5N2 və b.) qeydə alınıb. Hazırda xəstəliyin yayılma arealı genişlənməkdə davam edir. Epidemioloji məlumatların təhlili göstərir ki, xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır. Ev quşlarının yoluxması da xəstə vəhşi quşlarla yaranan birbaşa təmas, həmçinin onların ifrazatları ilə çirklənmiş ətraf mühitdən qaynaqlanır. Köçəri quşların miqrasiya trayektoriyası ölkəmizin ərazisindən də keçdiyindən xəstəliyin baş vermə ehtimalı böyükdür. Həmçinin bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu xəstəliyin yayılma riskini daha da artırır. Ölkə ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə mütəmadi olaraq aidiyyəti qurumlar tərəfindən monitorinqlər aparılır, epizootik sabitliyin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Monitorinqlər zamanı çöl quşlarından götürülmüş patoloji materiallar və ev quşlarından alınan diaqnostik nümunələr AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında beynəlxalq standartlara uyğun metodlarla müayinə olunur. Bununla yanaşı, quş qripi xəstəliyindən qorunmaq üçün profilaktik məqsədlə bir sıra zəruri tələblərə əməl edilməlidir:

- vəhşi köçəri quşların miqrasiya dövründə fərdi quşçuluq təsərrüfatlarında quşların qapalı şəraitdə saxlanması təmin olunmalı;

- ölmüş çöl və ev quşlarına toxunmadan dərhal aidiyyəti qurumlara məlumat verilməli;

- quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) sanitariya-gigiyena qaydalarına əməl edilməli;

- quşlar nəqliyyat vasitələrində açıq şəkildə və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmamalı;

- quşçuluq təsərrüfatlarına bu xəstəliyə görə şübhəli təsərrüfatlardan quş, yem və digər ləvazimatlar gətirilməməlidir.

Beynəlxalq tələblərə görə, quş qripinin yüksək və aşağı patogenli tipləri ilə yoluxma aşkar edildiyi halda bütün quşlar tələf edilməlidir. Qida təhlükəsizliyi tədbirləri çərçivəsində isə diri quş, quş əti, quşçuluq məhsulları və yemlərin idxalı zamanı ixracatçı ölkənin quş qripi xəstəliyinə görə sağlamlıq statusu nəzərə alınmaqla zəruri qabaqlayıcı tədbirlər görülməlidir.

Milli.Az