Azərbaycan saytlarına haker hücumlarını ABŞ şirkəti araşdıracaq
19 Yanvar 2012 15:43
Bu barədə Trend-ə "Symantec" şirkətinin Qazaxıstan, Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə satış direktoru Aleksandr Yakunin deyib. Onun sözlərinə görə, bu istiqamətdə işlər davam edir və şirkət müvafiq addımlar atmağı təklif edib. Bunlar da istənilən təhlükəsizlik tədbirlərində olduğu kimi, açıqlanmır.
"Bu, müharibəyə bənzəyir. Çətin ki, zərər çəkən tərəf hücum edən tərəflə belə növ insidentlərdən qorunmaq üçün hansı addımlar atdığı barədə məlumatları bölüşsün. Bununla belə, deyə bilərəm ki, iş aparılır və müvafiq addımlar atılır", - Yakunin qeyd edib.
Bu hücumun müəyyən dövlət tərəfindən həyata keçirildiyi ilə bağlı şayiələrə gəlincə, o bildirib ki, onlar ancaq şayiə olaraq qalır və təsdiq edilməsini tələb edir.
"Bu, bizim aparacağımız böyük işdir. Məlumatın strateji əhəmiyyətli olduğunu nəzərə alsaq, o, digər belə növ hadisədə olduğu kimi, bağlı olacaq" , - Yakunin deyib.
Haker hücumu yanvarın 16-da həyata keçirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin serverlərində yerləşən müxtəlif qurumların, ictimai təşkilatların və KİV-in saytlarına haker müdaxilələri baş verib.
Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin bir neçə gün əvvəl dediyinə görə, hazırda Rabitə Nazirliyi baş vermiş faktın ətraflı araşdırılmasını aparır və nəticələr əsasında beynəlxalq təcrübəyə əsasən müvafiq addımlar atacaq.
Milli.Az