Başabəla dərmanlar: onlar bəlanı daha da ağırlaşdırır
20 Yanvar 2012 09:00
Milli.Az "The Daily Mail"ə istinadən bildirir ki, "Glivec" (imatinib) və "Sutent" (sunitinib) preparatları orqanizm üçün potensial təhlükə mənbəyidir.
Harvard Tibb Məktəbinin professoru Raqhu Kallurinin başçılıq etdiyi bir qrup alim qan damarlarına struktur dəstək verən və xərçəng hüceyrələrini "içəri buraxmayan" perisit hüceyrələrinin davranışını müşahidə edib. Damarların inkişafına imkan verməyən bəzi xərçəng əleyhinə preparatlar perisit hüceyrələri öldürür. Nəticədə xərçəng şişləri çox rahatlıqla metastaz verir.
Döş xərçənginə yoluxdurulmuş siçanlar üzərində aparılmış testlər göstəriblər: "Glivec" və "Sutent" preparatları perisit hüceyrələrinin konsentrasiyasını 70 faiz azaldıb. Nəticədə xərçəng şişinin metastaz riski 3 dəfə artıb. Daha təfərrüatlı təhlil oksigendən məhrum edilən şiş ətrafında metastaz zonasının 5 faiz böyüdüyünü göstərib.
Səbəb isə xərçəng şişinin oksigen çatışmazlığı hiss edən kimi genetik "sağ qalma" proqramını işə salmasıdır. Yəni xərçəng şişi daha mobil olur, perisitsiz qalmış damarların toxumalarından asanlıqla sızır və müalicəni qəbul etməyən lülə hüceyrələri kimi davranmağa başlayır.
Belə şəraitdə kiçik xərçəng şişləri xüsusilə aktiv olur.
Milli.Az