Azərbaycanlı azyaşlı qızın nişanlanması məsələsi böyüyür - "Bu, orada birinci hadisə deyil"

11 Fevral 2021 09:10

Gürcüstanın Poniçala kəndində azyaşlı azərbaycanlı qızın qohumu ilə nişanlanması xəbəri neçə gündür ki, ölkə gündəmini zəbt edib. Geniş müzakirələrə səbəb olan bu məsələyə Gürcüstanın hüquq-mühafizə orqanları da qarışıb. Baxmayaraq ki, azyaşlının valideynləri nişan deyil,  ad günü mərasimi keçirdiklərini deyiblər, bununla belə, atanı izahat verməsi üçün polis bölməsinə çağırıblar.

Qeyd edək ki, bundan əvvəl də Gürcüstanda erkən nikahların olduğu bildirilib. Sakinlərin dediyinə görə, burada gec ailə qurmaq (məsələn, 19 yaşında) böyük utanclıq sayılır.

Bəs görəsən, Gürcüstanda yaşayan ziyalı təbəqəmiz buna etiraz edibmi? Ailə ilə bağlı son vəziyyət necədir?

Milli.Az xəbər verir ki, "Yeni Müsavat"a danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirdi ki,  bu olay yalnız Gürcüstana xas olan məsələ deyil: "Əslində, bu, bizim ənənələrimizlə bağlı məsələdir. Dünən Poniçala kənd məktəbinin direktoru ilə əlaqə saxladıq. O, təəssüflə bildirdirdi ki, belə bir hadisənin olmasına səbəb onlayn təhsil olub və məktəb rəhbərliyi qızla maraqlana bilməyib. Qız onlayn dərslərə qatılıb. Əlaqə olub, amma bu hadisədən heç kimin məlumatı olmayıb. Bu, orada  birinci hadisə deyil. Ümumiyyətlə, həmin kənddən mənə sakinlər yazdılar ki,  burada erkən vaxtdan nişanlanma adətdir. Burada 14 yaşlı qızlar ərə verilir. Təhsil arxa plandadır".

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ile ilgili görsel sonucu

K.Ağazadə onu da qeyd edib ki, atanı artıq polis bölməsindən azadlığa buraxıblar: "Həmin məktəb direktoru onu da bildirdi ki, bu gün həm atanı, həm də uşağı məktəbə dəvət ediblər. Ata artıq evə buraxılıb, izahat alınmaq  üçün hüquq-mühafizə orqanlarına çağırılmışdı. Ailə hazırda nəzarətə götürülüb. Bununla bağlı həm Rusiya, həm də Gürcüstan mediası məsələni işıqlandırdı, gündəmdə saxlayır. Bu da müsbət haldır".

Əslən gürcüstanlı olan, "Soydaş" İctimai Birliyinin sədri Kamran Ramazanlı da mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb: "Əlbəttə, bu çox mənfi haldır. Bütün azərbaycanlıları düşündürən bir məqamdır. Mən də bir Gürcüstan əsilli olaraq bu halı pisləyirəm. Erkən evlilik 1990-cı illərdə  olurdu, amma 2000-ci illərdən sonra belə hallar, demək olar ki, rast gəlinmirdi. Burada həm ziyalılar, həm də Gürcüstanda fəaliyyət göstərən QHT-lərin münasibəti birmənalıdır. Bilirsiniz ki, hüquq-mühafizə orqanları da orada araşdırmaya başlayıb. Ailə də deyir ki, bu adət -"beşikkəsdi" olub. Yəni hansısa ənənə olsa belə, bu yolverilməzdir. Bizim Gürcüstan universitetlərində üç mindən yuxarı tələbəmiz var. Azərbaycan dövləti, SOCAR şirkəti onlara dəstək verir. O tələbələrin içərisində qızlarımız var ki, həm yuxarı kurslarda oxuyurlar, həm də məzun olanlar var. Qanunvericiliyin tələblərinə uyğun olaraq ailə qurublar. Yəni bu kimi neqativ hallar 2000-ci ildən yox idi. Bəlkə də bir-iki fakt demək olardı".

K.Ramazanlı "Soydaşlarımız bildirir ki, Gürcüstanda 18 yaşında bir qız ailə qurmayıbsa, artıq onu "evdə qalmış" deyə çağırırlar. Sizcə, burada  maarifləndirmə işləri yetərincə deyilmi?" sualını da cavablandırıb: "Maarifləndirmə işləri də aparılır. Məktəblərimizdə əvvəllər təbliğat işləri aparılmırdı. Bu istiqamətdə QHT-lər müəyyən işlər görür, amma düşünürəm ki, bu yetərli deyil. Düzdür, orada Azərbaycan dilli saytlar var, qəzet, jurnal isə yox səviyyəsindədir. Düzünü desəm,  bu istiqamətdə QHT-lərin, ziyalıların maarifləndirmə işləri məni qane etmir. Yəni biz Soydaş İctimai Birliyi olaraq Azərbaycanda fəaliyyət göstəririk. Oradakı QHT-lərlə, ziyalılarla müntəzəm əlaqələrimiz var. Fikrimizi də bildirmişik. Gürcüstanda Azərbaycan dilli məktəblərimiz, təhsilimiz böhran vəziyyətindədir. Çünki pedaqoji kadrlar çatışmır. Orada 3 mindən çox müəllim çalışır, onun da 80 faizə qədəri ya təqaüdə çıxıb, ya da təqaüd yaşında olanlardır. Əslində bu məsələlər məktəblərdə aşılanmalıdır ki, belə hallar heç baş verməsin. Ayrı-ayrı QHT-lər maarifləndirici işlər görürlər, amma bu yetərincə deyil".

Mehriban Zeynalova ile ilgili görsel sonucu

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova açıqlamasında qeyd edib ki, baş verən hadisə azyaşlı qıza qarşı törədilən cinayətdir:

"Bu hadisə azyaşlı qıza qarşı törədilmiş cinayətdir. Bunun başqa bir adı yoxdur. Amma valideynləri dindirsəniz, onlar öz əməllərinə haqq qazandıracaqlar ki, mən uşağımı qoruyuram. Başa düşmürlər ki, bu cür qoruma üsulu heyvani instinktdən başqa bir şey deyil. Anlamırlar ki, onların övladlarını qorumaq üçün seçdikləri bu yol övladlarını gələcəkdə daha dəhşətli bəlalara aparıb çıxara bilər. Yəqin məsələ ilə bağlı valideynləri dindirsəniz onlar deyəcək ki, hələ toy olmayacaq, sadəcə olaraq, ad eləmişik. Amma istənilən hallarda Gürcüstan qadınlara qarşı zorakılıqla bağlı ciddi mübarizə aparır".

M.Zeynalova onu da əlavə edib ki, qızın atasının həbs olunması da düzgün addım deyil: "Bunların toyu olmayıb axı, necə həbs edə bilərlər. Cərimə edib, sosial xidmət təşkil etmək olardı. Atanı həbs edib, qızını da sığınacağa vermək, düşünürəm ki, çox radikal addım olub. Düzdür, nişan olub, amma toy olmayıb axı. Ailəni sosial xidmət proqramına salmaq lazım idi. Uşağın təhsilinə diqqət edə bilərdilər, psixoloqla söhbət etməli idi".

Milli.Az