Azərbaycan və Türkiyə sənətçiləri birgə layihədə
27 Aprel 2010 13:00
Artıq layihə çərçivəsində türk müğənnisi Ekin Akkaş Bakıya dəvət olunub. Bu barədə Milli.az xəbər portalına daxil olan məlumatda deyilir. Xəbərdə bildirilir ki, bundan başqa, layihədə xalq artisti Məleykə Əsədova, əməkdar artist Elza Seyidcahan da iştirak edəcək. Vətənpərvərlik mövzusunda olan "Bir ol, ayrılma deyir" adlı mahnının musiqisi Aybəniz Güllərə, sözləri Lətafət Ələkbərovaya aiddir. Layihə ilə bağlı açıqlama verən Aybəniz Güllər bildirib ki, türk müğənnisi bu gün Bakıya gəlib. Sabahsa studiyada layihədə iştirak edənlərlə birgə mahnının hazırlıq işlərinə başlanılacaq:
"Bir bəstəkar olaraq hər zaman Azərbaycanla, vətənpərvərliklə bağlı mahnılara daha çox yer ayırıram. Ümid edirəm ki, bu mahnının sorağı çox ölkələrdən gələcək. Bununla bağlı materiallar hazırlandıqdan sonra klip işlərinə başlanılacaq. Türkiyədə çəkiləcək və film şəklində olacaq klipdə ümummilli lider Heydər Əliyevlə və Atatürklə bağlı kadrlar yer alacaq. Ekran işi Türkiyə və Azərbaycan kanallarında, həmçinin TMB kanalında nümayiş olunacaq".
Bəstəkar onu da bildirib ki, 19-a yaxın türk müğənnisi onun mahnısını ifa edəcək.
İlk dəfə Bakıya gəldiyini deyən türk müğənnisi Ekin Akkaş isə burada olduğundan məmnundur. Bir neçə gün şəhəri gəzəcəyini və mədəniyyət abidələri ilə tanış olacağını söyləyən Ekin Akkaş layihə ilə bağlı razılığını ifadə edir:
"Aybəniz xanım mənə layihə ilə bağlı təklif edəndə düşünmədən "hə" cavabını verdim. Niyə də olmasın? Azərbaycan mənə əziz olan ölkədir. Hətta gələcəkdə fikirləşirəm ki, bir sıra layihələrimi gəlim Bakıda həyata keçirim. Aybəniz xanıma təşəkkür edirəm ki, Bakıya dəvət edib, layihəni mənə layiq bildi. İki ulu öndərlə bağlı layihədə iştirak etdiyim üçün çox həyəcanlıyam".
Xədicə
Milli.Az