COVID-19-a qarşı peyvənd olunanların cəmi 5 faizi afroamerikalılardır

2 Fevral 2021 17:44

ABŞ Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin məlumatına görə, ölkədə vaksinləşdirmənin ilk ayı ərzində peyvəndləşdirilənlərin yarıdan çoxu Avropa mənşəli amerikalılar olub.

Milli.Az aztibb.az-a istinadən bildirir ki, dekabrın 14-dən yanvarın 14-dək olan dövrdə COVID-19-a qarşı vaksinləşdirilmiş 13 milyona yaxın insanın 5 faizdən bir qədər çox hissəsi Afrika mənşəli və 12 faizdən bir qədər az hissəsi Latın amerikalı sakinlər olub. Əhalini siyahıyaalma məlumatlarına görə, afroamerikanlar ABŞ əhalisinin təqribən 13 faizini, Latın amerikalılar isə təqribən 19 faizini təşkil edir.

Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin hesabatında deyilir: "Vaksinləşdirmədən keçən insanlar arasında, xüsusən koronavirusa yoluxma riskinə ən çox məruz qalanlar arasında potensial qeyri-bərabərliyin qarşısını almaq üçün insanların irqi və etnik mənsubiyyəti barədə məlumatların daha tam təqdim olunması zəruridir".

Mərkəzin məlumatına görə, ağdərili amerikalılarla müqayisədə afroamerikanlar və Latın amerikalılar arasında COVID-19-a yoluxma halları iki dəfə çox rast gəlinir və onların tibbi yardıma ehtiyac duyması halları dördqat çox olur. Bu iki qrup üçün virusdan ölmə riski 3 dəfə yüksəkdir.

Milli.Az