Ölkəmizin 2-ci böyük dənizkənarı parkı - "Sumqayıt bulvarı"ndan REPORTAJ - FOTOSESSİYA

23 Yanvar 2012 02:30
Sumqayıt Azərbaycanın ən gənc şəhərlərindən biri kimi tanınıb. Bir vaxtlar şöhrəti bütün dünyada dolaşan bu sənaye şəhərində xalqımız gerçəkdən xarüqələr yaradıb. Ötən əsrin ortalarında Sovet hakimiyyəti ilərində - Xəzərin qumlu sahillərində möhtəşəm bir şəhər salınıb. Bu şəhərin fərqliliyi haqda çox şey yazmaq olar. Lakin bizim gənclik şəhərinə səfərimizdə əsas məqsəd bu şəhərdə yerləşən və keçmiş SSRİ-də ən unikal dənizkənarı park sayılan məkandan sizlərə fotoreportaj təqdim etmək idi.

Sumqayıt bulvarının tarixi

1935-ci ildə SSRİ Ağır Sənaye üzrə Xalq Komissariatının Kollegiyasında azərbaycanlı mütəxəssislərin iştirakı ilə qərara alınır ki, Abşeron yarımadasında İstilik Elektrik Mərkəzi və sənaye müəssisələrinin tikintisi üçün yer seçilsin.

Bir müddət keçdikdən sonra yeni sənaye şəhərinin tikilməsi üçün Abşeron yarımadasının şimal-qərbində, Bakı şəhərinin 30-35 kilometrliyində Sumqayıt dəmir yolu stansiyanın yaxınlığında yer ayrıldı. Böyük Vətən Müharibəsindən sonra burada SSRİ-nin və Azərbaycanın ən müasir şəhərlərindən biri salındı.

Şəhərsalınma planına əsasən hələ 1945-ci ildən 23 hektarlıq dənizkənarı sahil parkının salınması nəzərdə tutulmuşdu. Ümumiyyətlə, şəhərin tikilməsinin bütün mərhələlərində yaşıllaşdırmaya böyük diqqət verilirdi. Yüksək ixtisaslı mütəxəssislərin rəhbərliyi ilə yaşıllaşdırma işi bağbanlar və aqronomlar tərəfindən həyata keçirilirdi.

1967-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 16 mart tarixli 64 saylı əmrinə əsasən mədəniyyət və istirahət parkı yaradıldı. 23 hektar dənizkənarı sahəni əhatə edən ərazidə küləyə, quraqlığa davamlığı olan 39 növ ağac düzüldü. Sumqayıtın yaşıllıq halqasında əsas yeri Eldar və Alp şamları, ağcaqayın, sərv, küknar, qarağac, qovaq və s. ağacları tutur. Ağac və kollar burada quraqlığa davamlığına görə seçilib əkilirdi.

1981-ci ildə "Yay estradası"nın açılışı, "Rəqs meydançası"nın təşkili, kafelər, müxtəlif qurğulu yelləncəklər, mexaniki attraksionlar şəhər əhalisinin mədəni istirahəti üçün əvəzsizdir. Nəsimi adına mədəniyyət və istirahət parkı yaz-yay mövsümündə mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün əsas mərkəzdir.

Sumqayıtın əsas magistral yolu olan Səməd Vurğun küçəsindən tutmuş Xəzərin ləpədöyəninə qədər ərazini əhatə edən parkın hazırda ümumi sahəsi 80 hektardır. İldən-ilə genişlənən, gözəlləşən parka 17 avqust 1978-ci ildə dahi Azərbaycan şairi Nəsiminin adı verilib.

Şəhərin baş rəssamı Vaqif Nəzirov, rəssam Aqil Quliyevlə birgə 7.10.2003-ci il tarixdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin abidəsi üçün Xəzərin sahili və yaşıllığa qərq olmuş parkın görkəmli mənzərəsinin ovuc içi kimi göründüyü yüksəklikdə ünvan seçdilər. Elə həmin ildə V.Nəzirov və A.Quliyevin müəllifi olduğu "Sülh göyərçini" abidəsinin qoyulması parkı daha da gözəlləşdirdi.

"Sumqayıtda mütləq bulvar olmalıdır"

Sumqayıtın dənizkənarı parkı şəhərin layihələşdirilməsində də xüsusi yer tutur. Parkın aşağı hissəsi Xəzər dənizinin sahilini, yuxarı hissəsi isə Səməd Vurğun kücəsini əhatə edir. Şəhərin yuxarı hissəsinin bütün nöqtələrindən Xəzərin sahili və yaşıllığa qərq olmuş bulvarın görkəmli mənzərəsi açılır.

Şəhərin ən böyük idman qurğularından biri olan adına stadion dənizkənarı parkın ərazisində salınıb. Respublikanın başqa şəhərlərindən fərqli olaraq Sumqayıtın dənizkənarı parkının ərazisində sahilə yaxın əhalinin gündəlik istirahəti üçün çimərlik salınıb. Şəhər əhalisinin sağlamlığında dənizkənarı parkın yaşıllıq massivinin əhəmiyyəti böyükdür. Bu parkda yaşıl ağaclar və kollar, bədii estetik zövq verir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 saylı qərarına əsasən, Nəsimi adına mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Bulvarın tikintisi artıq başlayıb. Birinci mərhələdə onun uzunluğu 1 kilometr olacaq. Sonra isə 2-3 kilometr artırılıacaq.

Bir müddət öncə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Milli.Az-a müsahibəsində bildirmişdi ki, Sumqayıt bulvarı Bakı bulvarından fərqli olacaq. "Prezident Sumqayıt bulvarının yenidən qurulmasına dair tapşırıqlar verərkən ayrıca qeyd etdi ki, sumqayıtlılar bunu çoxdan gözləyirlər, amma Bakını təkrarlamaq lazım deyil. Sumqayıtda sahilin maraqlı landşaftı var, çimərlik var, buna görə çox ehtimal ki, lacivərd sahil şəhərlərinin təcrübəsini əsas götürmək olar: yəni çimərlik var, park və şəhər var, indi isə daha irəli getmək lazımdır, yəni mehmanxanalar, yaxt-klub tikmək və s".

Azərbaycanın 2-ci böyük parkından reportaj

Parkla tanışlığa onun qurtacağından başladıq - 6-cı mikrorayon ərazisindən. Burada parkın uzadılması və yeni istirahət zolağının salınması üçün qızğın iş gedirdi. Ərazidə onlarla maşın və texnika işləyir, dənizin kənarı böyük tikinti meydançasına dönüb.

Park dəniz səviyyəsindən orta hesabla 5-10 metr hündürdə və dənizdən 50-100 metrədək aralı yerləşir. Parkla dəniz arasında isə yay mövsümündə çimərliklər təşkil olunur.

Parkın şərq hissəsində "Şəhidlər xiyabanı" yerləşir. Burada Vətən uğrunda canından keçmiş insanların məzarları var. Xiyabanın girişində möhtəşəm "Ulduzlar" abidəsi ucalır.

Parkın içi ilə qərb istiqamətində irəlilədikcə maraqlı mənzərələr nəzərə çarpır. Həmişəyaşıl ağaclar, maraqlı attraksionlar, hündürdən görünən dəniz mənzərəsi parka xüsusi gözəllik verir.

Parkın mərkəzinə doğru irəlilədikcə daha maraqlı mənzərələr yaranır. Mərkəzdə Sovet dövründə tikilmiş "Sülh Göyərçini" abidəsi ucalır. Abidənin ətrafından şəhərin və dənizin gözəl mənzərəsi açılır.

Parkda müxtəlif təyinatlı obyektlər - kafelər, istirahət mərkəzləri, oyun salonları və s. fəaliyyət göstərir. Parkın qərb hissəsi daha maraqlıdır, burada yüz-iki yüz metrdən bir meydança və abidə var.

Parkın ortasından şəhərdən dənizədək avtomobil yolu keçir, onun üstündən isə parkın iki tərəfini birləşdirən körpü var. Bəzi yerlər sıx meşəliyi xatırladır. Bəzi yerlərdə baxımsızlıqdan dağılmış səkilər, kol-kos basmış cəngəlliklər görünür.

Parkın qərbində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin adını daşıyan Sumqayıt şəhər stadionu yerləşir. Vaxitə Sumqayıtın məşhur "Xəzər" komandası SSRİ çempionatının 2-ci divizionunda ev oyunlarını 15 minlik bu stadionda keçirərdi.

Stadiondan sonra yenə də yaşıllıq sahəsi dənizə paralel olaraq uzanıb gedir. Biz isə fotoreportajımızı bitirib paytaxta qayıdırıq. Yaxın zamanlarda həmin məkanda möhtəşəm bir bulvar görəcəyik.

Elçin Bayramlı
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.