Amerikalıların ictimai nəqliyyatda maska taxması məcburi olacaq

31 Yanvar 2021 19:43

ABŞ-ın xəstəliklərin nəzarəti və profilaktikası mərkəzləri (CDC) ictimai nəqliyyatda tibbi maska taxılmasının məcburi olması barədə qərar qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədi daşıyan qərar bazar ertəsi günü gecə saatlarında qüvvəyə minəcək. Amerikalılar fevralın 1-də yerli vaxtla saat 23:59-dan etibarən ictimai nəqliyyatda, o cümlədən təyyarə və qatarlarda, avtobuslarda və metroda, taksi və gəmilərdə maska taxmalı olacaqlar. Bu məcburiyyət Birləşmiş Ştatlara gələn, həmçinin ölkədən çıxmaq üzrə olan sərnişinlərə də şamil edilir.

ABŞ COVID-19 virusundan ən çox əziyyət çəkən ölkədir. Cons Hopkins Universitetinin bu günə olan məlumatına görə, ABŞ-da 26 milyona yaxın yoluxma halı aşkarlanıb, 436,8 minə qədər insan həyatını itirib.

Milli.Az