Badamdarda yeni sürüşmə “kabusu”: görülən işlər niyə nəticə vermir?

30 Yanvar 2021 15:22

Yanvarın 28-də Badamdar qəsəbəsində yenə də sürüşmə hadisəsi baş verdi. Müvafiq qurumların nümayəndələrinin ilkin müşahidələri nəticəsində məlum oldu ki, sürüşmə nəticəsində 1 ictimai iaşə obyekti, 2 fərdi yaşayış evi zərər görüb. Torpaq altında 1 minik avtomobili qalıb. Xəsarət alan olmayıb, zərər görən evlərdə yaşayanlar təxliyə ediliblər. 

Bəs hər il, eyni yerdə niyə sürüşmə baş verir?

Badamdarda qeyd edilən ərazi sürüşmə zonasıdır. Sovet dönəmində bu səbəbdən də həmin ərazidə hər hansı tikinti işləri aparılmayıb. Lakin son bir neçə on ildə ərazidə xeyli sayda yaşayış evləri, ictimai-iaşə obyektləri, villalar tikilib və onların heç birinin kanalizasiya sistemi olmayıb. Məişət suları qazılan quyulara axıdılıb ki, bunun da nəticəsi ortadadır.

Yada salaq ki, ərazidə 2018-ci ilin oktyabr ayından bəri hər il payız-qış aylarında sürüşmə hadisəsi baş verir. Hələ ilk hadisədən sonra sürüşmənin səbəbini ekspertlər əraziyə uzun illər boyu kanalizasiya suyunun yığılması ilə əlaqələndirirdilər və bildirirdilər ki, əgər ərazidə kanalizasiya sistemi çəkilməsə, sürüşmə davam edəcək. Problemin qarşısını almaq üçün Yaponiyadan mütəxəssislər dəvət edildi və sürüşmə ərazisində quyular qazılıb, müvafiq tədbirlər görüldü. Lakin aktivliyin qarşısını almaq mümkün olmadı. Ardınca "Azərsu" ASC açıqladı ki, 2019-cu ilin oktyabr ayında Badamdarda sürüşmə zonasında kanalizasiya xətləri çəkiləcək. Layihə çərçivəsində ərazidə su təchizatı sistemlərinin və kanalizasiya şəbəkəsinin tamamilə yenidən qurulması qərara alınıb. Ərazidə yaranan tullantı suları Salyan şosesində yeni tikilən daşıyıcı xəttə ötürülərək yaxınlıqdan keçən Bayıl-Bibiheybət-Lökbatan kollektoruna yönəldiləcək. Bununla da 10 mindən çox  sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaqdı.

Bütün bu işlərin fonunda 2020-ci il yanvarın 9-da Badamdar qəsəbəsində, Badamdar şosesi ərazisində torpaq qatı yenidən sürüşdü. Torpaq sürüşməsinin eni 80, uzunluğu isə təxminən 100 metri əhatə etdi. Hadisə nəticəsində Badamdar qəsəbəsindən "20-ci sahə" istiqamətində yol bağlandı. Sonuncu sürüşmənin (28 yanvar 2021-ci il) səbəbi ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda aşağıdakılar bildirilir: "28 yanvar 2021-ci il tarixində saat 21:05-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb. Ərazidə mövcud vəziyyətlə yerində tanış olmaq məqsədilə bu gün səhər saatlarında nazir müavini Ragim Lətifov və nazirliyin aidiyyəti vəzifəli şəxsləri, o cümlədən mütəxəssisləri hadisə yerində olublar.

Qeyd edək ki, sürüşmənin dünən eyni vaxtda Xəzər dənizində baş vermiş kifayət qədər güclü zəlzələ ilə əlaqədar olduğu ehtimal edilir. Sürüşmə zonasından müəyyən məsafədə yaponiyalı mütəxəssislərlə birgə işlənilmiş layihə əsasında Nazirlik tərəfindən 3 ədəd 30 metr dərinliyində və 3,5 metr diametrində drenaj quyuları qazılıb, istinad divarları çəkilərək terraslama işləri aparılıb. Bunun nəticəsi olaraq işlər başa çatmış ərazidə heç bir sürüşmə hadisəsi baş verməyib. Dünənki sürüşmə layihənin davam etdiriləcəyi ərazidə baş verib. Xatırladaq ki, layihə hələ bitmədiyindən və ərazidə stabilləşmə prosesləri baş vermədiyindən lokal sürüşmə hadisələri hələ də gözlənilir. Vəziyyət tam nəzarət altındadır", - deyə bildirilib.

Badamdar yenə sürüşdü: proses davam edir

 Əzim Məsimov 

"Yeni Müsavat"a danışan ekspert Əzim Məsimov bildirib ki, əslində sürüşmə hadisəsi bilavasitə əraziyə illər uzunu yığılan kanalizasiya suları ilə bağlıdır: "Bu ərazidə işlər görülsə də, həmin sular ərazidən çəkilməyib. İllər uzunu yığılan suyun 1 il ərzində ərazidən çəkilməsi mümkün deyil. Hesab edirəm ki, ilk növbədə Xocahəsən gölünə diqqət etmək lazımdır. Həmin əraziyə su qeyd etdiyim göldən sızıb, gəlir. Axıdılan kanalizasiya suyu və hava şəraiti də mövcud vəziyyətə təsir edir, nəticədə sürüşmə baş verir".

Ekspert hesab edir ki, Xəzər dənizində baş verən zəlzələ ilə məsələni əlaqələndirmək doğru deyil: "Zəlzələ oldu, qayaların arasından su çıxdı? Həmin kanalizasiya sularıdır də problemi yaradan. Başqa səbəb axtarmaq lazım deyil. Ola bilər ki, yenə də hansısa ərazidən su sızıntısı var. Bunu yoxlamaq lazımdır. İlk növbədə Xocahəsən gölündən süzülmənin qarşısı alınmasa, problem aradan qalxmayacaq. Möhkəmləndirmə üçün tədbirlər görülüb. Lakin torpaqda kanalizasiya suları çəkilməyib. Bütün tikililərin suyu çəkilən kanalizasiya sisteminə yığılmalıdır, heç olmasa bundan sonra əraziyə su axıdılmasın".

Onu da qeyd edək ki, yanvarın 29-da Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əraziyə gedib. O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə monitorinqlər aparır: "Bu ərazidə sürüşmə hadisəsinin baş verməsi ilk dəfə deyil, daha əvvəllər də ərazi sürüşməyə meylli olub. Baş vermiş sürüşmə hadisəsinin nəticələrinin aradan qaldırılması üçün tədbirlər planı hazırlanmalıdır. Tədbirlər planı çərçivəsində görüləcək işlərlə bağlı məsələlər müəyyən ediləcək".

Elxan Əsədov:

Əraziyə gedən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov jurnalistlərə açıqlamasında bildirib ki, uzun illərdir ki, sürüşmə baş verən ərazinin yuxarı hissəsində heç bir mühəndis hazırlıq işləri aparılmadan yaşayış evləri və iaşə obyektləri tikilib: "Həmin evlər və obyektlər 40-50 il və daha əvvəl inşa edilib. Həmin evlərdə kanalizasiya işləri aparılmadığından kanalizasiya suları şanbo deyilən yeraltı qurğularda toplanıb. Baş verən sıxıntılar da sürüşməni sürətləndirir" deyən E. Əsədov bildirib ki, bunun nəticəsində də burada sürüşmə hadisələri artır.

Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən buraya Yaponiyadan mütəxəssislər dəvət olunub və dərhal işlər başlanılıb: "Ərazidə bir çox işlər aparılıb və bir çox istinad divarları tikilib. Bunun nəticəsi olaraq da ərazidəki bir çox evlərin dağılmasının qarşısı alınıb".

Milli.Az