Badamdarda yenə sürüşmə oldu, dağıntılar var - YENİLƏNİB - FOTO

28 Yanvar 2021 23:36

"Badamdar qəsəbəsində torpaq sürüşməsi əvəəl baş verdiyi ərazidə aktivləşib. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və rayon Polis İdarəsinin rəisi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları  və digər aidiyyəti qurumların nümayəndələri dərhal hadisə yerinə gəliblər".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu hadisə yerində olan müxbirinə açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şıxəmmədov bildirib.

Onun sözlərinə görə, ilkin müşahidə zamanı məlum olub ki, 1 ictimai iaşə obyekti, 2 fərdi yaşayış evi zərər görüb. Həmin evlərdə yaşayan sakinlər dərhal təxliyə edilib: "Eyni zamanda sürüşmə zamanı torpaq altında 1 minik avtomobili qalıb. Xoşbəxtlikdən heç bir tələfat yoxdu".

23:36

Hazırda mütəxəssislər Badamdar yolunun 20-ci kilometrinin sağ yamacında baş vermiş sürüşmə ilə bağlı ilkin müşahidələr aparır.

Milli.Az bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

O bildirib ki, sürüşmə olan sağ yamacda çox böyük suxur kütləsi var: "Həmin kütlə yolu keçmək şərtilə aşağı sürüşüb. Sürüşmə dilinin hündürlüyü minimal olaraq 90 santimetrdən artıqdır. Yolun aşağı sağ sahilində tikilmiş restoran binasının qarşı tərəfində bəzi dağıntılar baş verib. İlkin müşahidələrə görə yamacın Badamdar massivi hissəsində qoruyucu divarlar böyük axıntı kütləsininn təsiri ilə dayanıqlığını itirib və aşağı sürüşüb. Aşınma olan suxurlar islanmış suxurlardır. İlkin müşahidələrə görə sıxılmış kütlənin altından su sızmaları müşahidə olunur".

22:55

28 yanvar 2021-ci il tarixində saat 21:05-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, dərhal əraziyə Nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb. İlkin baxış zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəymədiyi müəyyən edilib.

Əlavə məlumat veriləcək.

22:32

Bakının Səbəil rayonu ərazisində Badamdar şossesində baş verib torpaq sürüşməsi ilkin məlumata əsasən, əvvəl qeydə alınan hissədə aktivləşib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov hadisə yerinə gəlib.

Sürüşmə nəticəsində bir iaşə xidməti obyekti və iki fərdi yaşayış evi zərər görüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ətrafda yaşayan insanlar təxliyə olunub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Səbail Rayon Polis İdarəsinin rəhbəri Cavid Muradov və polis əməkdaşları da cəlb olunub.

Dağıntılar altında "Mersedes" markalı avtomobilin qaldığı bildirilib.

Əlavə məlumat veriləcək.

22:18

Bakının Səbail rayonu ərazisində "20-ci sahə"-dən Badamdar qəsəbəsinə gedən yolda - Bayıl yamacında torpaq sürüşməsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində yol tamamilə bağlanıb.

22:05

Bakının Badamdar qəsəbəsində növbəti dəfə torpaq sürüşməsi baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sürüşmə nəticəsində bir sıra obyektlərə ziddi ziyan dəyib.

Hazırda aidiyyəti qurumlar əraziyə baxış keçirir.

Milli.Az