Bakıda qadını doğrayıb zibil qutusuna atan şəxs qayınatası imiş - Əri xaricdə olub - YENİLƏNİB - TƏFƏRRÜAT

28 Yanvar 2021 11:22

11:22

Bakıda zibil qutusunda meyiti tapılan qadını qətlə yetirən şəxsin kimliyi məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanvarın 27-də Nəsimi rayon ərazisində zibil qutusunda tapılan meyitin 1989-cu il təvəllüdlü Banu Məmmədova olduğu müəyyən edilib. Məlum olub ki, qadın qayınatası İdris Məhərrəmovla bir evdə yaşayıb və qətl hadisəsini də məhz İ.Məhərrəmov törədib. Məlumata görə, İ.Məhərrəmov gəlinini yatdığı yerdə evdə tək olarkən qətlə yetirərək hissələrə ayırıb. Daha sonra isə o, izi itirmək üçün qadının meyitini torbalara yığıb yaxınlıqdakı zibil qutusuna atıb.

Qətlə yetirilən B.Məmmədovanın həyat yoldaşı xarici ölkələrdən birində olduğundan o, qayınatası və qayınanası ilə birlikdə yaşayırmış.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Nəsimi Rayon Prokurorluğun yaydığı məlumatda qeyd olunub ki, yanvarın 27-də saat 01 radələrində Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cinayət işi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

----------
11:03

Bakıda qətlə yetirilərək zibil qutusuna atılan qadının şəxsiyyəti müəyyənləşdirilib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu, 32 yaşlı Məhərrəmova Banu Xudayar qızıdır.

İlkin araşdırma zamanı məlum olub ki, hadisəni onun 75 yaşlı qayınatası İdris Məhərrəmov törədib.

Həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub.

Hadisənin qısqanclıq zəmində baş verdiyi ehtimal edilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda açılmış cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.

Milli.Az