Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq - Vüqar Rəhimzadə

27 Yanvar 2021 17:02

Dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Bu vəzifələr özlüyündə təkmilləşməni bir zərurətə çevirir. Bir mühüm məqamı da qeyd edək ki, hələ 2003-cü ildə cənab İlham Əliyev ilk dəfə Prezident seçilərkən andiçmə mərasimində iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoymuş, inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salaraq əsas hərəkətverici qüvvənin təhsil, elm, texnologiyalar, innovasiyalar olduğunu önə çəkərək "Neft kapitalını insan kapitalına çevirək" tezisini irəli sürmüşdü. Son 17 ildə Azərbaycanda təhsilin, elmin, yeni texnologiyaların inkişafı, onların arasında vəhdətliyin yaradılması istiqamətində atılan addımlara diqqət yetirsək, irəli sürülən bu tezisin reallıqda öz əksini tapdığını görərik. Məhz ölkə iqtisadiyyatının elmi əsaslara söykənməsinin nəticəsidir ki, Azərbaycan 2008-ci ildə başlanan, hətta inkişaf etmiş ölkələr üçün belə ciddi problemlər yaradan iqtisadi və maliyyə böhranından az itki ilə çıxmaqla yanaşı, son bir ildən artıq dövrdə dünyanı cənginə almış COVID-19-la mübarizə dövründə də reallaşdırdığı uğurlu iqtisadi islahatlar, sosial dəstək proqramları ilə diqqətdədir.

Bu fikirləri Milli.Az-a Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanda davamlı inkişafa yol açan əsas amillərdən biri məhz yeni texnologiyaların inkişafı və tətbiqidir: "İnformasiya-kommunikasiya texnologiyaları (İKT) son illərdə sürətlə inkişaf edərək iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmiş, ölkənin iqtisadi, sosial və mədəni inkişafına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və bütövlükdə ictimai həyatın demokratikləşməsinə mühüm töhfələr vermişdir. Bu gün ölkə əhalisinin 85 faizindən çoxu internet istifadəçisidir. Bu göstəricilərə görə Azərbaycan MDB və Mərkəzi Asiyada liderdir. Azərbaycanda internet mediasının inkişafı və müasir texnologiyalardan istifadə geniş vüsət alır. İKT sahəsində əlverişli biznes, investisiya mühiti mövcuddur və həyata keçirilən iqtisadi islahatlar sayəsində özəl sektorun fəaliyyəti ildən-ilə genişlənməkdədir. Bunun nəticəsidir ki, bir çox maliyyə qurumlarının, xüsusilə Azərbaycanı ən islahatçı ölkə kimi dəyərləndirən Dünya Bankının, həmçinin Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan bu sahədə də liderliyini qoruyur. Dövlətimizin başçısı İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu məsələyə diqqəti yönəldərək bildirmişdir ki, Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə mərkəzi rol oynayır. Təsadüfi deyil ki, artıq dünya miqyasında böyük nüfuz qazanmış "Bakutel" sərgisi ənənəvi olaraq Bakıda keçirilir".

Baş redaktor bildirib ki, Azərbaycan kosmik klubun üzvüdür. 2013-cü il "İKT İli"ndə ilk telekommunikasiya peyki, "Azərspace-1" orbitə buraxılıb: "2016-cı ildə "Azərsky" müşahidə peyki və 2018-ci ildə isə "Azərspace-2" peyki orbitə buraxılmışdı. "Azərsky" müşahidə peykinin rolunu, önəmini 44 gün davam edən İkinci Qarabağ müharibəsində, eyni zamanda, ondan sonrakı mərhələdə aydın görmək mümkündür. Məhz bu peyklərin vasitəsilə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onların təxribatlarının qarşısını almaq Azərbaycana əlavə üstünlüklər qazandırmışdır. Bir mühüm məqamı da qeyd edək ki, xarici KİV-lərə müsahibələri zamanı Ermənistanın İkinci Qarabağ müharibəsində Azərbaycanın beynəlxalq səviyyədə qadağan edilmiş raketlərdən istifadə etdiyi barədə əsassız iddiaları ilə bağlı qərəzli suallara cavabında ölkə Prezidenti daim bu reallığı diqqətə çatdırırdı ki, müasir texnologiyaların inkişaf etdiyi hazırkı dövrdə hər bir dövlət bu raketlərin hansı tərəfdən atıldığını izləmək imkanındadır. Təbii ki, dövlətimizin başçısı bu kimi açıqlamaları ilə Azərbaycanın texnoloji sahədə böyük imkanlara malik olduğunu da dünyaya çatdırdı. Qeyd edilən qəbulda da "Əlbəttə ki, mən texnoloji inkişafla bağlı görülmüş işlər arasında peykləri qeyd etməliyəm" söyləyən cənab İlham Əliyev bildirmişdir ki, həm telekommunikasiya, həm də Yer səthini müşahidə edən peyklərimiz qarşıda duran bütün vəzifələri icra etmək üçün geniş imkanlar yaradır. Vətən müharibəsində Azərbaycanın apardığı əməliyyatlar dünyada hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırıldı. İkinci Qarabağ müharibəsi texnoloji inkişaf baxımından bir yenilik kimi dəyərləndirilir".

V.Rəhimzadə vurğulayıb ki, bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir: "Azərbaycan İKT sahəsində təkcə region deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan tədbirlərin fəal iştirakçısı və təşkilatçısıdır. O da məlumdur ki, Azərbaycan 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. Bu tədbir bir dəfə - 1973-cü ildə keçmiş Sovetlər İttifaqı dövründə Bakı şəhərində keçirilib. O zaman ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbəri kimi böyük səy göstərmişdi ki, Sovet İttifaqında ilk dəfə keçirilən bu Konqres məhz Bakıda təşkil edilsin. Təxminən 50 ildən sonra müstəqil Azərbaycanda bu Konqresin keçirilməsi böyük rəmzi məna daşıyır. Keçmiş İttifaqda məhz Bakının Astronavtika Konqresinin məkanı kimi seçilməsi böyük uğur idi. Bu mühüm hadisəni Azərbaycanın növbəti qələbəsi kimi dəyərləndirən dövlətimizin başçısı ölkəmizin bu tədbirə ev sahibliyinin böyük məsuliyyət və bununla bərabər malik olduğumuz imkanların təqdimatı baxımından böyük fürsət olduğunu vurğulayır.

Qürurverici haldır ki, həmin beynəlxalq tədbirdə Azərbaycanın texnoloji sahədə qazandığı yeniliklərin böyük rol oynadığı İkinci Qarabağ müharibəsində ölkəmizin Qələbəsindən də bəhs ediləcək. Ölkəmizin Vətən müharibəsində tətbiq etdiyi taktika beynəlxalq ekspertlər tərəfindən öyrənilir, araşdırılır, bu Qələbəmizin yeni-yeni nəşrlərdə, dərsliklərdə əksini tapacağı şəksizdir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz hər bir sahədə gücləndik, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaratdıq".

Baş redaktor diqqəti dövlətimizin başçısı İlham Əliyevin gələcəkdə müsbət dinamikanı qorumaq və inkişaf etdirmək üçün açıqladığı hədəflərə yönəldib: "Təbii ki, bütün dövrlər üçün aktual olan məsələlərdən biri kadr hazırlığıdır. Yeni texnologiyaların inkişafı və tətbiqi sahəsində atılan addımların davamlılığını təmin etmək üçün xüsusilə gənclərin bu işlərə geniş miqyasda cəlb edilməsi əsas çağırışlardandır".

"Artıq Azərbaycan postmüharibə dövrünü yaşayır" söyləyən V.Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də koronavirus infeksiyası ilə mübarizə Azərbaycanın malik olduğu imkanların təqdimatında mühüm rol oynadı: "Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, yeni texnologiyaların tətbiqi bundan sonra da hərbi gücümüzü daim yüksək səviyyədə saxlamağımıza imkan yaradacaq. Həm qəhrəman övladlarımızın şücaəti, fədakarlığı, eyni zamanda, texniki təchizat və yeni texnologiyaların tətbiqi müharibədə Qələbənin qazanılmasının əsas amillərindən biridir.

COVID-19-la birgə mübarizəyə dəstək məqsədilə dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin, görüşlərin özünütəcrid qaydalarına uyğun olaraq videoformatda təşkili hər bir ölkənin, o cümlədən Azərbaycanın innovasiyalar sahəsində mövcud imkanlarına işıq saldı. Ölkəmiz bu sahədə də liderliyini qorudu. Bütün bu reallıqlar fonunda bu fikri böyük inamla ifadə edə bilərik ki, qarşıdakı illərdə Azərbaycan bu sahədə daha da böyük uğurlara imza atacaq".

Milli.Az