Kafeyə gedən müştərilər polis şöbəsinə aparıldılar

27 Yanvar 2021 17:55

Qusarda karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Mübariz Musayev və orada olan 8 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İXM-nin 211.1-ci maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Milli.Az