"İrəvan bu məsələni bir-iki ay gecikdirə bilər" - Politoloq

27 Yanvar 2021 11:10

Ermənistan nala-mıxa vurur.

Bunu Milli.Az-a açıqlamasında ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında baş tutan görüşü şərh edən Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Dağlıq Qarabağın statusu Azərbaycanı maraqlandırmadığı kimi Rusiyanı da maraqlandırmır:

"Azərbaycan və Türkiyə prezidentləri Bakıda keçirdikləri son ortaq mətbuat konfransında müharibədən sonra bölgədə "altılıq formatı"nın (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran) yaradıla biləcəyini söylədilər. İran xarici işlər naziri Bakıda olarkən Tehranın bu formata tərəfdar olduğunu söylədi. Gürcüstan prezidenti də son açıqlamalarının birində "altılıq formatı"na maraq göstərdiklərini dedi.

Rusiyanın xarici işlər naziri dünən iranlı həmkarı ilə Moskvada görüşündə bunları deyib: "İran, Türkiyə və Gürcüstan da bölgənin dinc və firavan yaşamasında maraqlıdır: "Üç Qafqaz respublikasının - Rusiya, İran və Türkiyənin iştirakı ilə, yeni reallıqları - müharibənin olmamasını və bütün blokadaların aradan qaldırılması barədə razılığın əldə edildiyini nəzərə alaraq yeni münasibətlər qurması barədə təşəbbüslər səsləndirirlir". Başqa sözlə, Moskva da Bakı və Ankaranın təklif etdiyi "altılıq formatı"nın əleyhinə deyil.

Bircə Ermənistan nala-mıxa vurur. Ermənistan müharibədə məğlubiyyətinin həzmetmə dövrünü yaşayır, başlarını itiriblər, ona görə regional əməkdaşlıqdan danışmağa halları yoxdur. Halları olmasa da, 11 yanvarda Moskvada əldə edilən razılaşmaya görə, İrəvan Bakı ilə kommunikasiya xətlərinin açılması müzakirələrinə başlamalıdır. Çünki martın 1-nə qədər konkret plan liderlərin masası üzərində olmalıdır. İrəvan bu məsələni uzaqbaşı bir-iki ay gecikdirə bilər, sonra Moskva qarşısında hesabat verməlidir. Dağlıq Qarabağın statusu Azərbaycanı maraqlandırmadığı kimi Rusiyanı da maraqlandırmır. 6 ölkədən 5-i regional əməkdaşlığa başlanmasını gözləyirlər.

Lavrovla Zərif arasında keçirilən birgə görüş və ortaq mətbuat konfransında bir sıra diqqətçəkən məsələlərə toxunuldu. Dağlıq Qarabağdan da danışıldı, regional əməkdaşlıq haqqında fikir mübadiləsini aparıldı və nüvə anlaşması oldu ki, bu, Rusiyanın diqqət mərkəzindədir. Rusiya istəmir ki, İran da nüvə anlaşmasından çıxsın. Baxmayaraq ki, Amerikanın keçmiş prezidenti Donald Tramp 4 il qabaq anlaşmadan çıxdığını elan etmişdi. Ancaq Amerikada yeni administrasiya hakimiyyətə gəlib və onunla indi dil tapmaq lazımdır. Bayden özü də nüvə anlaşmasına geri qayıdılmasını istəyir. Çünki bu anlaşma Barak Obamanın vaxtında imzalanmışdı və Bayden də Obamanın dövründə vitse-prezident idi".

Təhməz Əsədov
Milli.Az