Türkiyə və Azərbaycan qaz məsələsində anlaşdı
27 Aprel 2010 10:04
Milli.Az xəbər portalı CNN Türk-ə istinadən xəbər verir ki, bunu jurnalistlərin suallarını cavablandıran Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib. O, Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli məsələsində problemlərin qaldığını da xatırladıb və bildirib ki, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə birlikdə baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşərək, ondan məsələnin həllinə kömək etməsini istəyiblər. Rəcəb Tayyib Ərdoğan buna razılıq verib: "Əgər belə demək mümkündürsə, baş nazirimiz ortaq məxrəc tapdı. Prinsip etibarilə, razılaşdıq".
Razılaşmaya qiymətin də daxil olub-olmaması barədə suala Taner Yıldız belə cavab verib: "Bütün məsələlərdə razılaşmışıq. Detallara varmağımıza ehtiyac yoxdur. Baş nazirimiz "Azərbaycanlı qardaşlarımızla olan əlaqələrimizin strateji, siyasi və dövri əhəmiyyəti bütün bu anlaşmaların üzərindədir. Sizin aranızdakı texniki problemləri həll etməyiniz üçün harada anlaşmadığınızı mənə söyləyin" dedi. Mən də ona danışdım. Hər iki tərəf addım atdı. Həm azərbaycanlı qardaşlarımız, həm də biz addım atdıq. Həm bazarın sərbəstləşməsi üçün Azərbaycan tərəfinin verə biləcəyi töhfə, həm qiymətin məqbul səviyyədə qalıb dünya bazarından fərqlənməyən tərzdə olması, həm də qazın həcminin Türkiyəni təmin edəcək miqdara çatması və xüsusilə beynəlxalq arenada keçərli tranzit tariflərə hər iki tərəfin hörmətlə yanaşması kimi üç əsas məsələdə prinsipial razılıq əldə etdik".
Taner Yıldız onu da deyib ki, Azərbaycan və Türkiyə arasında qaz müqaviləsinin bitdiyi 2008-ci ilin aprelindən bu yana alınan qazın qiymətinə kompensasiyanın da əlavə edilməsi əvvəlcədən planlaşdırılmışdı. Azərbaycan tərəfi də bununla razılaşıb və hər iki tərəf bir-birinə güzəşt edib.
Türkiyəli nazir razılaşmanın detalları ilə bağlı suala belə cavab verib: "Bir qədər də keçsin. Bir neçə məsələ hələ mövcuddur. Amma önəmli olan gəlinən nöqtədə prinsipial razılaşmanın əldə edilməsidir. Biz azərbaycanlı qardaşlarımızla bir nöqtədə razılığa gəlməmişdik. Hörmətli baş nazirimizin hakimliyinə ehtiyac hiss etdik, o da nöqtəni qoydu".
Milli.Az