Bakını hədələyən indi bəraət istəyir

25 Yanvar 2021 12:51

Bir zamanlar "Azərbaycan həddini aşmasın, yeni müharibə barədə düşünməsin: yeni savaş Ermənistan üçün yeni ərazilər olacaq" açıqlaması ilə "məşhurlaşan" David Tonoyan indi "heç də elə demək istəmədiyini" vurğulayır.

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan İrəvandakı Mediamax informasiya agentliyinə verdiyi müsahibəsində bir çox məqamlara, o cümlədən Azərbaycana ünvanladığı "hədə"lərə də toxunub.

Yanvarın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov "yeni müharibə yeni ərazilərdir" ifadəsini xatırlatmış, bunu sətiraltı olaraq Ermənistanın İkinci Qarabağ Savaşından öncəki aqressiv ritorikasının sübutu kimi iqtibas gətirmişdi.

David Tonoyan həmin ifadəsinə görə indi az qala bəraət istəyir.

"Bu açıqlama ilə təxminən ilyarım əvvəl ABŞ-dakı erməni icmasının nümayəndələri iə görüşdə çıxış etmişdim. Azərbaycan rəhbərliyinin Qarabağ problemini güc yolu ilə həll etmək istəyinin əks olunduğu bəyanatına cavab olaraq demişdim. Rəsmi Bakı o zaman danışıqların heç bir effekt vermədiyini deyirdi. Ermənistanda bəzi siyasətçilərin və habelə, rəsmi Bakının bəyanatlarına rəğmən, mənim açıqlamam heç bir halda yeni müharibəyə səbəb ola bilməzdi. Müharibə hər gün başlaya bilərdi. Yaxşı, bəs onda Bakının "Ermənistanın paytaxtı, əslində, qədim Azərbaycan şəhəridir" bəyanatını dünya niyə eşitmir?" - D.Tonoyan deyib.

David Tonoyan daha sonra bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanmasından imtina edən tərəf elə "Azərbaycan olub".

Daha sonra müharibə günlərində Ermənistan-Rusiya münasibətlərindən danışan D.Tonoyan deyib: "Savaş başlayandan sonadək Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə daimi təmaslarda idi. Gün olurdu ki, bir neçə dəfə telefonla danışırdıq. Təfərrüatları bəlli səbəbdən deyə bilmərəm, lakin birmənalı olaraq söyləyirəm ki, həmin müharibə zamanı Rusiya Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün maksimumu etdi. Sırf müdafiə məsələlərindən savayı, Şoyqu ilə daimi iş təmasları sayəsində bir sıra digər mühüm məsələləri də çözə bildik".

Daha sonra isə o, müharibə əsnasında yarıtmaz fəaliyyət göstərdiyini dolayısı ilə etiraf edib.

"Baş nazir-müdafiə naziri-Baş Qərargah komanda vertikalının təşkil edilməsindəki nöqsanları aradan qaldıra bilmədim. Səfərbərlik, Təhlükəsizlik Şurasının rolları və funksiyaları, Ermənistanın Müdafiə Nazirliyi ilə Qarabağdakı silahlı qüvvələr arasındakı münasibətlər, qarabağlı ermənilərin özünümüdafiəsi və təxliyəsi ilə bağlı problemlər həll olunmadı.

2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya görə, müharibə zamanı müdafiə naziri hərbi əməliyyatların planlaşdırılması və aparılması prosesindən faktiki olaraq kənarlaşdırılır, çünki həmin səlahiyyətlər Ali Baş Komandana və Baş Qərargahın rəisinə verilir. Konstitusiyaya dəyişikliklər təsdiqlənəndən sonra bu problemi "Müdafiə haqqında" qanunla həll etməyə çalışdılar. Amma həyat göstərdi ki, bütün bunlar yetərli deyilmiş". Lakin noyabrın 20-də dediklərimi bir daha təkrarlayıram: öz payıma düşən məsuliyyəti çəkməyə hazıram", - D.Tonoyan deyib.

... Ermənistanın sabiq müdafiə nazirinin "Mediamax" agentliyinə verdiyi müsahibə, əslində, pis pərdələnmiş bəraət cəhdi olmaqla yanaşı, İkinci Qarabağ Savaşında Ermənistan ordusunun darmadağın edilməsinin və kapitulyasiyanın səbəbkarları qismində baş naziri Nikol Paşinyanla Baş Qərargahın rəisi, general-polkovnik Onik Qasparyanı əsas günahkarlar qismində göstərmək cəhdidir.

Fəqət, David Tonoyanın ötən ilin oktyabr ayının əvvəllərində Laçına yollanaraq "müdafiəyə mən rəhbərlik edəcəyəm" deməsi, Azərbaycanı sürəkli hədələməsi, "tanklarımız Bakıda olacaq" söyləməsini unutmamışıq.

Ermənistanın tankları Bakıda oldu.

Amma hərbi qənimət qismində, Azadlıq meydanındakı paradda keçirilən düşmən məğlubiyyəti atributları kimi.

David Tonoyanın indi özünü az qala "zərərçəkən" kimi göstərməsi, bəraət yolları araması isə acınacaqlı durumdur.

Kapitulyasiya etmiş Ermənistanın sabiq müdafiə nazirində əxlaq və ləyaqət, İrəvandakı hakimiyyətdə isə idarəetmə prinsipləri olsaydı, müsahibə yox, istintaqda ifadə verərdi.

Orxan Hun
Milli.Az