Komada qalıb, 3 dəfə əməliyyat olunan qazimizdən xəbər var - FOTO

23 Yanvar 2021 21:06

Dörd aydır xəstəxanada müalicə alan Vətən müharibəsi qazisi Sadiq Şükürovun səhhəti yaxşılaşmağa doğru gedir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə qazinin anası Kifayət Şükürova məlumat verib. Onun sözlərinə görə, oğlu oktyabrın 8-i Füzuli istiqamətində döyüşlərdə ağır yaralanıb və bu müddət ərzində üç dəfə əməliyyat olunub. Axırıncı əməliyyatdan sonra vəziyyətində yaxşılığa doğru irəliləyiş var:

"Sadiqin sonuncu - ağciyər əməliyyatı çox ağır əməliyyat idi. 30 faiz sağalma şansı ilə əməliyyata girmişdi. Şükür Allaha, əməliyyatdan sağ-salamat çıxdı, artıq düzəlir, yeməyi yaxşıdır. Amma hələ ki, aparata qoşuludur. Yeriyə bilməsi üçün ayaqları masaj olunur".

Qazinin anasının sözlərinə görə, Sadiqlə xəstəxanada müalicə aldığı bu aylar ərzində cəmi bir dəfə, özü də bir neçə dəqiqəlik görüşə biliblər:

"Oğlum yaralananda Mərkəzi Hərbi Hospitala aparılıb. 1,5 ay orada komada olub. Sonra Mərkəzi Gömrük Hospitalına köçürülüb, orada ağciyərlərindən əməliyyat olunub. Oradan Tədris-Cərrahiyyə klinikasına köçürülüb və bir dəfə də əməliyyat olunub. Vəziyyəti ağırlaşdığından 3-cü dəfə də əməliyyata alıblar. Yeriməsi üçün bundan sonra da əməliyyat olunacaq. Ağır yaralı olduğuna görə bu 4 ay ərzində biz onunla cəmir bir dəfə - bir neçə dəqiqəlik görüşə bilmişik".

Qeyd edək ki, Sadiq Şükürov 1991-ci ildə Ağcabədi rayonunda anadan olub. Müharibə başlayandan iki gün sonra - sentyabrın 29-u ön cəbhəyə yollanıb. Oktyabrın 8-i Füzuli istiqamətində döyüşlərində sağ qolundan, ağciyər və bel nahiyəsindən ağır yaralar alıb. Ayaqlarından aldığı yaralardan müvəqqəti yerimə qabiliyyətini itirib.

Milli.Az