Erməni vandalizminin son həddi: Talan olan Zəngilan - Trend TV-nin REPORTAJI

23 Yanvar 2021 14:16

Zəngilan rayonu Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Zəngilanlılar tarixən yadelli işğalçıların hücumlarına məruz qalıb. Qərbdə və şimal-qərbdə Ermənistanla, cənubda və cənub-şərqdə isə İran İslam Rerspublikası ilə həmsərhəddir. 28 il əvvəl ermənilər rayonu mühasirəyə alanda zəngilanlılar Araz çayından cənub qunşu olan İran ərazisinə keçərək canlarını qurtara bildi.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2020-ci ilin oktyabr ayının 20-dən başlayaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın müzəffər ordusu 3 gün ərzində rayonun bütün yaşayış məntəqələrini düşmən tapdağından azad edərək tarixi zəfər çaldı.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Zəngilan rayonu 27 ildən sonra Azərbaycan ordusunun keçirdiyi əks əməliyyat tədbirləri nəticəsində düşmən tapdağı altından azad edildi. Uzun illərdir ki, dədə-baba yurdundan didərgin düşən zəngilanlılar tezliklə öz doğma torpaqlarına qayıdacaqlar.

Xüsusi qeyd edilməlidir ki, uzun müddət düşmən tapdağında qalan rayonun bütün yaşayış məntəqələri talan olub, dağıdılıb və ya yandırılıb. Meşə massivləri doğranıb, daşınıb. Meyvə bağları bütünlüklə məhv edilib. Təkcə 18 min nəfərədək sakini olan Zəngilan şəhərində 1 dənə də olsun tikili qalmayıb. Bütövlükdə xalqımızın keçmişindən xəbər verən və rayon mərkəzində yerləşən Tarix diyarşünaslıq muzeyinin qiymətli eksponatları oğurlanıb, binası isə sökülərək daşınıb.

Ermənilərin vandallığı bununla bitmir. Onlar rayon mərkəzində olan XVII - XVIII əsrlərə aid edilən məscidi də dağıtmaqdan çəkinməyiblər. Allahın evi hesab edilən bu məscid Səfəvilər dövründə tikilməsi güman edilirdi. Onun ölçüləri 12 x 20 m. idi. İçərisində mehrab və taxça var idi. Tikintidə əsasən yerli əhəng daşından istifadə olunmuş, divarları üzlənməmişdir. Məscidin qapısı günçıxana açılırdı. Qapı tağformalı, onun üst tərəfində kitabə var idi.

Ötən illər ərzində ermənilər tarixi abidələrlə yanaşı, məzarlıqları da qarət ediblər. Qəbir daşlarını söküb apardıqdan sonra, gözlərini qəbirlərdə uyuyan meyitlərə tikən ermənilər, onları məzarlardan çıxardaraq qızıl dişlərini söküblər.

Qeyd edək ki, Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Rayonun sahəsi 707 kvadrat km-dir. Ərazisinə 1 şəhər, 6 qəsəbə, 78 kənd daxildir. Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal olunmuşdur. Rayon ermənilər tərəfindən işğal olunanda onlarla milli və tarixi-dini abidələr talan olub, bütün qəsəbə və kənd məzarlıqları dağıdılıb.

Rayon sakini Əhmədov Mirfaiq təəssüratlarını Trend-lə bölüşüb: "Zəngilan şəhər sakiniyəm. Allah Prezident İlham Əliyevin canını sağ eləsin. Elan etdi ki, Zəngilan alınıb, elə bil yuxu görürdüm. Sevindik, şad olduq. Gəldik Zəngilanımızı ziyarət etməyə, məzarlığımızda bu mənzərə ilə qarşılaşdıq. Müqəddəs yerlərimizi - qəbirlərimizi dağıdıblar. Qəbirlərin altını oyublar. Qara mərmər və ağ mərmərdən olan qəbir daşlarını aparıblar. Sadə daşlardan olan qəbirləri isə sındırıblar. Bütün qəbirlərin alt hissəsini eşiblər, qızıl tapmaq məqsədi ilə. Ağamın gümbəzini dağıdıblar. Bütün Zəngilan camaatı oranı ziyarət edirdi. İndi baxırıq, ürəyimiz ağrayır. Dünyanın heç bir yerində məzar daşlarına toxunmurlar. Məzarlıq insanların ziyarət etdiyi yerdir. Amma ermənilər belə vəhşiliklər ediblər".

Milli.Az