Bakıdakı uğursuzların Navalnı arzusu: oyun dəyişməyib

23 Yanvar 2021 11:35

Rusiyalı bloqer Aleksey Navalnının inzibati həbsi ilə əlaqədar olaraq bu gün Rusiyanın paytaxtında və ölkənin müxtəlif şəhərlərində etiraz aksiyalarının keçirilməsi nəzərdə tutulur.

Vətəndaşların sərbəst toplaşmaq hüququ, söz azadlığı, demokratiya və s. öz yerində - dünyanın bütün ölkələrində olduğu kimi, Rusiyada da COVİD-19 koronavirusu tüğyan edir, hər gün on minlərlə rusiyalı bu bəlaya yoluxur.

Belə şəraitdə karantin qaydalarının pozulması şərtilə aksiyaların keçirilməsi istənilən halda qanunsuzdur.

Söz və fikir azadlığı, siyasi azadlıqlar bir kənara - məntiq işləməlidir.

Elə həmin məntiqə əsasən Aleksey Navalnı ilə bağlı illərdən bəri davam edən situasiya dəqiq dəyərləndirilməlidir.

Navalnını Qərb mediası və siyasətçiləri "bloqer" kimi təqdim edirlər. ABŞ onu "nüfuzlu siyasətçi, korrupsiya ilə mübariz" sayır. Kollektiv Qərbin meystrim mass-mediasında isə Navalnı "Rusiyada Putinin əsas rəqibi" hesabındadır.

44 yaşlı Navalnı isə özünü Rusiya Korrupsiya ilə Mübarizə Fondunun banisi və rəhbəri, habelə "Gələcəyin Rusiyası" Partiyasının sədri adlandırır.

Göründüyü kimi, Aleksey Navalnı çox populyar olsa da, adi bloqer deyil: o, Rusiya prezidenti olmağa çalışan və özünü Rusiyanın indiki dövlət başçısı Vladimir Putinə rəqib sayan bir siyasətçidir.

Əgər Navalnı özünü siyasətçi, prezidentliyə iddialı hesab edirsə, onun korrupsiya ilə mübarizə aparmağa çalışdığı və bloqer kimi fəaliyyət göstərməsi ilə bağlı bütün "arqument"lər, sadəcə, absurd təsir bağışlayaraq hər hansı əsasını itirir.

Prezident postu uğrunda mübarizə isə istənilən ölkədə siyasi rəqibin nüfuzunun aşağı salınmasına yönəlmiş fəaliyyəti ehtiva edir.

Həmin fəaliyyətdə cəmiyyətdən, situasiyadan, siyasi şərtlərdən və s. asılı olaraq ən müxtəlif vasitələrdən istifadə olunur kimi, onların arasında qəsdən gözdənsalma, əsassız məlumatların yayılması, ittihamlar və s. istisna deyil.

Amerikalılar demişkən, "adi siyasi mübarizədir".

Və elə həmin ABŞ-ın mediası ilə hakimiyyət dairələri A.Navalnıya tam dəstək verir, "düşmənimin düşməni mənim dostumdur" prinsipinə "Rusiyanın və Putinin zərərinə olan nə varsa, bizim xeyrimizədir" maksimasını əlavə edirlər.

Birləşmiş Ştatların Rusiyadakı səfirliyinin son iki gündəki açıqlamaları bunu gərəkən səviyyədən də açıq göstərir.

Srağagün səfirlik saytında bəyanat yayaraq A.Navalnının saxlanması ilə bağlı olaraq Rusiyanın hansı şəhərlərinin hansı küçələrində etiraz aksiyalarının keçiriləcəyini yazmış, "ABŞ vətəndaşlarını həmin ərazilərdə olmaqdan çəkinməyə" çağırmışdı.

Dünən sözügedən xəbərdarlıq təkrarlanıb, amma bu dəfə ünvanlar artıb və dəqiqləşib.

Belə təfərrüatlı məlumatlar ABŞ Dövlət Departamentinin Rusiyadakı amerikalıların təhlükəsizliyinin təminatı istəyindən çox kənara çıxır.

Bəyanatlar Kapitoli təpəsindəki hakimiyyətin maraqlarını təmin etməyən hakimiyyətlərin olduğu ölkələrdə etiraz aksiyalarının hazırlanması, stimullaşdırılması və pərdəarxasından idarə olunması ilə bağlı Vaşinqtonun doktrinal ssenarilərinə tam uyğundur.

Postsovet məkanında amerikalılar belə ssenariləri Qırğızıstan, Gürcüstan, Ukrayna, Gürcüstan, Ermənistan, Belarus və Moldovada tətbiq ediblər.

Rusiya Federasiyasının hakimiyyətini və mövcud qanunvericiliyini təqdir etmək, yaxud bəyənməmək olar. Lakin bu, məntiqə qarşı çıxaraq kənardan idarə olunan qüvvənin sanksiyalaşdırılmamış aksiyalar keçirməsini qanuni, hətta gərəkli saymaq anlamına gəlmir.

Azərbaycandakı müxalifətin ifrat radikallaşan və sosial bazası ilə tərəfdarlarının sayını daim səhv salan liderləri üçün A.Navalnı az qala canlı büt, ikonadır. Onlar Navalnıya bənzəməyə çalışır, onun taktikasından bəhrələnmək istəyirlər və belə uğursuz siyasətçilər arasında xüsusi şövqü ilə AXCP sədri Əli Kərimli seçilir.

Faktura baxımından o, özünü Navalnıya bənzədir: Navalnı kimi, Kərimli də bloqerdir, daim hakimiyyəti tənqid edir, ittihamları sıralayır və ilaxır.

Lakin Navalnıdan fərqli olaraq, Kərimlinin ətrafında intellektuallar yoxdur, AXCP sədrinin "bloqerlik fəaliyyəti" Facebook səhifəsindəki cansıxıcı, demaqogik açıqlamalar və "müstəqil bloqer"lərin YouTube kanallarına canlı yayımda qatılmaqla kifayətlənir.

Üstəlik, ölkədə radikalizmə mübtəla olmuşların hamısı kimi, Ə.Kərimlinin də "siyasi şərh"ləri baxılan sonucdan əvvəlki hadisələrin mümkün spontanlığına əsaslanır.

ABŞ-da Cozef Baydenin prezidentliyi A.Navalnı kimi, Ə.Kərimlidə də ekstatik ümidlər yaradıb, AXCP sədrini cuşa gətirib və o, artıq neçə gündür ki, psevdoanalitikaya varid olaraq "post-Tramp dövründə ABŞ-ın Azərbaycanla bağlı siyasətindəki labüd dəyişikliklər"ə işarə vurur. Vurğulayır ki, rəsmi Bakını "ağır günlər" gözləyir. Kərimli və Milli Şuranın sədri, İlflə Petrovun personajlarına çevrilmiş Cəmil Həsənli hesab edirləri ki, Bayden Qarabağ məsələsində Azərbaycana çox ciddi təzyiqlər göstərəcək, Ermənistanın baş naziri Nikol Paşinyan da bundan bəhrələnəcək.

Primitiv düşüncədir, çünki Baydenin gəlişindən sonra ABŞ-ın xarici siyasət kursunda baş verəcək dəyişiklikləri, habelə Paşinyanın fanatik Bayden pərəstişkarlığını rəsmi Bakının nəzərə almadığını hesab etmək yanlışdır.

Adi, sıradan bir kommersiya təşkilatına, kiçik şirkətə baxaq. Bu şirkətdə hər ilin əvvəlində strategiyalar və risklər hesablanır, mümkün gəlirlərlə çıxarlar sürəkli nəzərdən keçirilir.

İkinci Qarabağ Savaşında qələbə formulunu hesablayaraq hazırlamış hakimiyyətin belə aşkar, üzdəki amilləri nəzərə almaması mümkündürmü?

Şübhə yoxdur ki, Qarabağ zəfərindən sonra Azərbaycana qarşı təzyiqlər artıb. Lakin bu, ölkəmizi geosiyasi məngənəyə salmayıb. Tam əksinə, Cənubi Qafqazda dəyişən reallıqlar Bakıya çox üstün mövqelər qazandırıb, çünki Azərbaycan regionda tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəsini nəzərdə tutan modelin mərkəzi, ən önəmli tərəfidir.

"Altılar platforması" adlanan həmin modeldən ötən ilin dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəhs etmişdi. Platforma Türkiyə, İran, Azərbaycan, Gürcüstan, Rusiya və hətta Ermənistan arasında əməkdaşlığın inkişafını ehtiva edir.

İntellektual əlillər A.Navalnının son "fenomenal" videosunun YouTube-dakı baxış saylarından vəcdə gələ bilər, amma bu, heç nəyi dəyişmir.

Sosial şəbəkələrə gəldikdə isə, kollektiv Qərbin diqtə etdiyi şərtlər çərçivəsində rəqəmsal diktaturanın formalaşmağa başladığı dövrdə yaşayırıq.

Facebook, Twittrer, YouTube, İnstagram ABŞ prezidenti Donald Trampın profillərini qapadıbsa, Çinin ABŞ-dakı səfirliyinin rəsmi akkauntlarını bloklayıbsa, A.Navalnının və onun əməkdaşlarının profillərini reklam edir.

YouTube-un trendlərində Navalnıya dəstək mitinqlərinə çağırışlar ön plana çıxarılır, Facebook-un Rusiya seqmentində də eyni situasiyadır.

Bütün başqa hallarda Facebook-dakı xəbər lentinin və YouTube-dakı trend reytinqinin süni intellekt, neyroproqramlaşdırma vasitəsilə formalaşdırıldığını yazan Qərb mediası indi aşkar şəkildə Rusiyada kütləvi etiraz aksiyalarına çağırışları dəstəkləyir.

Bu isə artıq nə haypdır, nə sosial şəbəkələrdə TikTok səviyyəli bəsit oyunlar: ortada əsl hibrid kiberinformasiya savaşı var.

Aleksey Navalnı isə indiyədək dəfələrlə Rusiyadakı hakimiyyəti zorakı yolla olsa belə, devirməyə çağırışlar edib.

Onun tərəfdarları siyasi rəqiblərinin lüstrasiyasını tələb edirlər və üstəlik, Rusiyada işıqlı gələcək qurmağa mane olan "bisavad kütlə"dən şikayətləniblər.

İdarə olunanlar yaxşı idarəetmə qura bilməzlər.

Öz maraqlarını dövlətin mənafelərindən üstün tutanlar ölkənin qədrini bilməzlər.

Siyasəti möhtəkirlik hesab edənlər heç vaxt fırıldaqçı olduqlarını etiraf edə bilməzlər.

Məntiq budur.

Elçin Alıoğlu
Milli.Az